Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-13 10:22:00
Direktor namizədlərə çox verilən sual: Pedaqoji prosesin prinsipləri hansılardır?

AzEdu.az mütəmadi olaraq direktorların işə qəbul imtahanına hazırlaşan namizədlər üçün praktiki yazılar yayımlamağa davam edir.  Namizədlərə müsahibə prosesində ən çox verilən suallardan biri də pedaqoji prosesin təşkilinin prinsipləri ilə bağlıdır.

Sual:

Ümumtəhsil məktəblərində pedaqoji prosesin təşkilinin hansı prinsipləri vardır?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər Təhsil haqqında qanunla tənzimlənir. Qanunvericiliyə görə, pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:

Pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;

Təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

Şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

İnkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

Fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;

Dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları