Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 17:12:26
“Bizdə kitab ucuzlaşsa da, oxucu sayı artmayacaq” – “Ceyran belindəki” kitablar

Azərbaycanda  kitab qiymətlərinin yüksək olması, oxucu sayına müəyyən qədər təsir edir. Abituriyentlər bəlli məbləğ ödəyərək repetitor yanına hazırlığa getdiklərini nəzərə alsaq,  kitab qiymətlərinin  onların da büdcəsinə uyğun olmadığı deyə bilərik.

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Alatoran”  Nəşrlər  Evinin direktoru Rasim Qaraca bu məbləğin yalnız kitab oxumayanlar üçün uyğunsuz olduğunu bildirib:

“Kitab almaq istəyən insan üçün seçim imkanları çoxdur,  yetər ki,  oxucu kitabı əldə etmək istəsin.  Ümumən  götürəndə,  5-10 manat arasında dəyişən qiymətlər çox da yüksək deyil. Şəxsən  biz  nəşriyyat olaraq  güzəştə  getməyə  hər zaman hazırıq.  Oxucuları təşviq etməkdən ötrü kampaniyalar keçiririk, imkansız oxuculara hədiyyə kitablar da göndəririk. Lakin bütün hallarda, hər hansı bir nəşriyyat gəlir əldə etmədən fəaliyyətini sürdürə bilməz. Nəşriyyat məsrəfləri və mətbəə xərclərinin üzərinə müəyyən faiz qoyularaq kitablar bazara verilir, satış yerlərinin də öz faizi var və nəticədə kitab "bahalanır".

 Fəqət bu bahalanma bir gəncin gündəlik çay və siqaret pulundan daha artıq deyil. 10 manat dəyərində bir kitab insanın həyatını dəyişmək gücündədir, lakin bu mesaj gəncə çatmayıb, bu sadə həqiqətin fərqində deyil. Üstəlik, kitab təbliğatı ölkəmizdə çox zəifdir, özəlliklə TV kanallarının bu sahədə fəaliyyəti yox dərəcəsindədir...  Kitab oxumayan insanın cibi kitab almağa uyğun ola bilməz”.

Qiymətlərin o qədər də yüksək olmadığını bildirən Rasim Qaraca ucuzlaşmanın oxucu sayını artırmayacağını düşünür:

“Qiymətlər onsuz da aşağıdır. Kitabın bir dəyəri var ki, o dəyər ödənməlidir. Ölkəyə gətirilən kağıza qoyulan ƏDV ləvğ edilərsə, əlbəttə, kitabın qiymətini aşağı düşə bilər, lakin məncə bu oxucunun sayının artmasına səbəb olmaz. Kitab oxumaq üçün kitabın qiymətini aşağı salmaq deyil, kitabın dəyərli olduğu sahəsində işlər görülməlidir”.

“Qədim Qala”  Nəşrlər  Evinin nümayəndəsi Şöhlət İxtiyaroğlu kitabların bahalaşmasının səbəblərini izah edib: 

“İnsanların yaşayış səviyyəsini nəzərə alsaq,  kitabların qiyməti onlar üçün münasib deyil. Bu uyğunsuzluğun səbəbi isə malların xaricdən gətirilməsidir.  Məsələn, kağızlar  ölkə istehsalı deyil. Əcnəbi ölkələrdən gətirilən kağızlar isə xarici valyuta, yəni dollarla hesablanır. Manata nisbəti fərqli olduğundan bu, əvvəlki illərələ müqayisədə kitabların maya dəyərinə təsir göstərmiş olur”.

O, tələbat olan kitabların ucuzlaşmasına daha çox ehtiyac görüb:

“Bu gün oxucular psixoloji və dedektiv kitablara üstünlük verir. Psixoloji kitablara olan marağın əsas səbəbi psixologiyanın insan həyatında önəmli rol oynamasıdır. O, insan düşüncəsində əvəzsiz iz qoyur.  Onları mütaliə etmək birbaşa insanın davranışına təsir göstərir. İnsanlar istintaq, araşdırmaya da maraq göstərirlər. Buna görə də bu kitabların ucuzlaşmaya daha çox ehtiyacı var”.

O, kitaba marağın artırılması üçün  təklif edib:

“Məncə əlavə dəyər vergisinin ləğvi kitaba böyük maraq  yaradar. Biz nəşriyat evi olaraq oxucuları nə qədər düşünsək də, bəzi maneələr var ki, onlara görə kitabların qiymətini münasib edə bilmirik. Kitabın vergi ödənişi də buna misaldır. Biz nüsxələrə, çap olunan hər kitaba görə ödəniş edirik.Ümumiyyətlə bu vergi bütün kitabların üzərindən qalxsa, nəşriyyat da qiymətləri xeyli azaldar.  Bakıda kitaba çox və qismən marağı olan insanlar var.  Qiymətləri azaltmaqla onları daha da cəlb etmək olar. Amma bununla kifayətlənmək olmaz, başqa addımlar da atılmalıdır. Məsələn, kitabın təbliğatı ilə yalnız aidiyyatı qurum  məşğul olmamalıdır. Dövlət metrolarda kitab reklamı aparılması haqda göstəriş verməlidir. Mən reklam deyəndə yalnız kitabın posterini ora yapışdırmağı nəzərdə tutmuram. Şərait yaradılmalıdır ki, kitablar  insanların gündəlik həyatına daxil olması üçün göz önündə olsunlar. Böyük ticarət mərkəzlərində kitabçılar üçün şərait yaradılmalıdır. Metro girişlərində kitab satılan yerlərin olması vacibdir.
Bir nömrəli kitab oxuyan insanlar onu bir yolla tapıb ala biləcəklər. Amma kitabı görəndən sonra sevəcək insanlar da var. Düşünürəm ki, bir kitabın tərtibatı belə insanların diqqətini çəkərək  mütaliəyə səsləyə bilər.  Dövlətin bütün ticarət obyektlərində, insanların sıx olduğu mərkəzlərdə kitab dükanlarının açılması ilə bağlı göstərişi olsa, yaxşı olar. Bir sıra kitab sərgiləri təşkil olunur, onlar kitabın təbliğatına böyül töhvə verir. Vergidən əlavə dövlət özü də şərait yaratmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları