Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 16:46:51
Övladları imtahan verən qələm adamları - “Oğlumun sağlamlığına zərər gəlməsindən qorxurdum”

Xəbər verdiyimiz kimi,  dünən Dövlət İmtahan Mərkəzi 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə, 66 binada aparılıb.

İmtahandan sonra bəzi abituriyentlər arasında tanınmış, qələm adamlarının da övladları olub.

Övladı dünən imtahan verən yazıçı Şərif Ağayar imtahanla bağlı  AzEdu.az-a danışarkən  hər şeyin normal getdiyini qeyd edib: 

“Hər şey normal idi. İmtahanın sonuna qədər orada oldum, heç bir qanun pozuntusu və hansısa anlaşılmazlıq görmədim. Övladım Bakı şəhəri 35 saylı tam orta məktəbdə imtahan verirdi. Xarici dilləri və ya jurnalistikanı oxumasını çox istəyərəm. Təbii ki, əgər qismət olarsa.

Ümumiyyətlə isə, xarici dildən daha yaxşı  yazıb. Azərbaycan dilindən 22, ingilis dilindən isə 20 düz cavab yazıb. Bir narazılığım ondandır ki, xarici dil üçün imtahan verənlər də tarixdən düzgün cavab  8 bal, ingilis dilindən isə 4 balla dəyərləndirilir. Buna görə, balı o qədər də yüksək olmayacaq”.

Jurnalist  Elman Cəfərlinin də qızı Çilənay imtahan verən gənclər arasında olub:

 “Qızım Cəfərli Çilənay Bakı şəhər 171 saylı orta məktəbin 11-ci sinifdə oxuyur. Bu il ilk dəfə II istisas qrupu üzə ali məktəblərə qəbul imtahanlarında iştirak etdi. Dövlət İmtahan Mərkəzi qəbul imtahanları normal şəkildə təşkil etmişdi. Valideyn kimi çox həyəcanlı idim. Övladımın potensialına bələdəm və DİM-in təşkil etdiyi sınaq imtahanlarında iştirak etdiyi üçün hansı nəticəni göstərəcəyini də təxmini bilirdim. Qızım seçdiyi ixtisas üzrə kifayət qədər yaxşı bal toplayıb. Ancaq  iyulda keçiriləcək ikinci imtahanda da iştirak edəcək. Biz valideyn olaraq övladımızı “filan qədər bal toplamalısan” deyə psixoloji basqı altında saxlamamışıq.  Ən əsası gəncin layiqli vətəndaş, vicdanlı, dürüst şəxsiyyyət kimi formalaşması, savadlı kadr kimi yetişməsidir. Ali məktəblərə qəbul olunmuş bütün abituriyentləri təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirəm”.

Şairə Rəbiqə Nazimqızının qızı Aynur  dünən II qrupa imtahan verib. Şairə övladının nəticəsindən razı qaldığını bildirir: 


“Qızım dünən II qrupa imtahan  verdi. Əvvəl sakit idim, amma sonra gördüm ki həyəcandan gözlərim dolmağa başlayır. Öz hesablamalarımıza görə, təxminən 500 bala yaxın bal toplayıb. Lakin bu nəticə sınaq imtahanlarındakından aşağıdır. II imtahana da qatılacaq. İnşallah daha yüksək nəticə əldə edər”.

Yazar Aysel Fikrətin övladı da dünən uğurla imtahan verənlər arasında olub. Aysel xanımın sözlərinə görə, oğlu 650-dən çox bal yığa biləcək: 

“Dərslərini çox yaxşı oxuyur. Sınaqlardan 683 və daha artıq bal toplayıb.

Dünənki imtahan çox çətin olub. Amma buna baxmayaraq, tam nəticəni bilməsək də, bilirik ki, 650 balı keçəcək. Uşaqlar çox çalışırlar, amma  sualların çətinliyindən stress keçirirlər. Mən ən çox oğlumun sağlamlığına xələl gəlməsin deyə qorxurdum.