Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-14 15:40:08
Mühəndislik və robototexnika yarışı keçirilib

Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışı keçirilib.

AzEdu.az xəbər verir ki, “Hidrodinamika: suyun səyahəti” mövzusuna həsr edilmiş yarışda hər birində dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayıb.   Şagirdlər ərsəyə gətirdikləri layihələri  3 turda onlara ayrılmış 2.5 dəqiqə ərzində  münsiflər heyəti qarşısında nümayiş etdiriblər. Məktəblilər əyləncəli bir mühitdə  elmi və texnoloji xarakterli problemləri  qaldırıb və onların həlli  yollarını araşdırmağa cəhd ediblər.

Yarış iştirakçılarını salamlayan təhsil nazirinin  müavini  Firudin Qurbanov  çıxışında gənclərin inkişafında bu cür intellektual yarışların böyük əhəmiyyət daşıdığını qeyd edib. Nazir müavini yarışın məktəblilərin dünyagörüşünün zənginləşdirməsinə, onların intellektual səviyyəsinin qiymətləndirməsinə, peşəkar bilik və bacarıqlarının artmasına köməklik göstərəcəyinə ümidvar olduğunu bildirib.

Sonra yarışmada  4 ayrı-ayrı  nominasiya  üzrə qalib gələn komandaların adları  açıqlanıb.  Bakıdakı  "İstək" liseyinin komandası  "Robot yarışı",  "Ankara məktəbi" məktəb-liseyi  "Layihə təqdimatı",    6 nömrəli məktəb-lisey "Robot dizaynı",   akademik Zərifə Əliyeva adına lisey "Əsas  dəyərlər",     Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin komandası "Mars Akademiya" nominasiyaları üzrə  qalib elan olunublar.

Qaliblərə  medal və sertifikatlar,  müxtəlif kateqoriyalar üzrə qalib komandalara  isə kuboklar təqdim olunub.

Daha sonra Azərbaycanı Estoniyada keçiriləcək beynəlxalq  yarışda  təmsil edəcək komandanın  adı açıqlanıb.   Yarışın  çempionu  adına Bakı Avropa Liseyinin şagirdlərindən Murad Quliyev, Əkbər  Ocaqverdiyev, Emil Hacıyev və Ərtoğrul Həsənlidən ibarət “Robo-Sapiens”   komandası layiq görülüb. Beləliklə də  Azərbaycanı   iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək açıq beynəlxalq turnirdə Bakı  Avropa Liseyinin  “Robo-Sapiens”  komandası təmsil edəcək.

Qeyd edək ki,  Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL yarışı 1999-cu ildən bəri hər il təşkil edilir. FLL yarışına dünyanın 80-dən artıq ölkəsindən 250 mindən çox məktəbli cəlb edilir. Yarışın keçirilməsinin məqsədi şagirdlərin elm və texnologiyalara marağını artırmaq, onları hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməyə həvəsləndirməkdir.

Ölkəmizin bir sıra dövlət və özəl ümumtəhsil məktəb şagirdlərinin iştirak etdiyi yarış Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və “PAŞA Bank”, “Enginet” şirkəti, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə keçirilib/