Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-09 10:16:00
Şagirdlərimizin beynəlxalq qiymətləndirmə - PISA-dakı zəif nəticələrinin səbəbləri – Boşluqların təhlili

PİSA qiymətləndirmə proqramının nəticələrinə görə Azərbaycan yenə aşağı cərgələrdə qərarlaşsa da,   şagirdlərimizin PİSA-nın əsas şərtlərindən olan riyazi və təbiət elmlərinə dair bilikləri heç də aşağı səviyyədə deyil. 

Bunu xaricdə müxtəlif müəsissələrdə çalışan, şahmat yarışlarında uğurlar qazanan həmvətənlərimiz  də sübut edir.

Bəs belə olduğu təqdirdə Azərbaycan nə üçün PİSA-da geridə qalır?

AzEdu.az bu düşündürücü və cavabı vacib sualı elə  beynəlxalq bilik yarışlarına şagird hazırlayan fənn müəllimlərin  özündən soruşub.

Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhmən Məmmədov riyazi biliklərə görə bizim Türkiyədən öndə olduğumuzu bildirib:

“Riyazi biliklərə görə Türkiyəni üstələməyimiz heç də təsadüfi deyil. Biz hələ də Sovet dövründə əldə etdiyimiz riyazi gücü davam etdiririk. Məlum olduğu kimi, riyaziyyat bütün dünyada standart olaraq eynidir. Sadəcə, sualların məzmunu fərqlidir. Daha çox mühakimə tipli suallara üstünlük verilir. Məsələn, nisbət və tənasüb mövzusunda belə bir cümlə var: “Təyyarə Yer kürəsi ətrafında, milçək də məktəbin ətrafında fırlanır. Bunların mütənasibliyi uyğunmu, deyilmi?”

Belə müqayisə tipli tapşırıqı həll etmək üçün şagird böyüklük, kiçiklik, nisbəti qavrayıb izah etməlidir”.

Təbiət elmlərinə gəldikdə isə o qeyd edib ki, PİSA-da ön sıralarda olan ölkələrdə fənlərin inteqrasiyası ilə bağlı kifayət qədər təcrübə əldə edilmişdi.

“Bizdə isə bu təcrübə yenidir. Bakıda bir neçə beynəlxalq tipli məktəbdə riyaziyyat müəllimin  digər fənləri-kimya, biologiya, fizikanı da bir-birilə inteqrasiya edərək tədris etdiyini müşahidə etmişəm. Dünya ölkələrində bizdə kimi biliyə yox, daha çox mühakimə etmək və nəticə çıxarmağa önəm verilir”.

“Əgər şagirdlərimiz oxuduğunu anlaya, mühakimə edə, nəticə çıxara bilmirsə, bu, çox ciddi problemdir”

B.Məmmədov onu da bildirib ki, riyazi biliklərimizin müəyyən səviyyədə olmasından daha vacib oxu bacarıqlarının inkişaf etdirilməsidir:

“Oxu və riyazi biliklərin necəliyi beyinin ayrı-ayrı yarımkürələrinin aktivliyindən asılıdır. Bu imtahanda iştirak üçün öncədən hazırlaşırlar. Hazırlaşdığımız halda nəticə belədirsə, gör hazırlaşmasaq necə olar. Həmçinin, bu yarışma bizim bütün bölgələrimizi əhatə etmir. Bəlkə də bölgələrimizdə elə şagird qrupları var ki, onlar bu imtahanda daha yaxşı nəticə əldə edə bilərdi. Lakin bu yanlız paytaxtı əhatə edir. Nəticə etibarilə deyə bilərik ki, biz təhsildə mühakimə bacarıqlarını inkişaf etdirməliyik.

Məncə, bu yarışmada azdan-çoxdan öz bacarığını nümayiş etdirən şagirdlər əzbərçilikdən uzaqlaşanlardır. Artıq bilik eninə deyil, dərininə inkişaf etməlidir”.

Səbail rayonda yerləşən Laçın rayon 3 nömrəli məktəbin kimya müəllimi Fidan Həsənova :

Beynəlxalq yarışlarda qalib olan, yaxud hər hansı bir uğur əldə edənlər xüsusi istedadlı, bacarıqlı şəxslərdirlər. Fikrimcə, ölkəmizdə belə istedadlı uşaqlar azdır. Mənim şagirdlərimdən çoxu qəbul imtahlarında kimya üzrə 25 suala düz cavab veriblər. Amma onlardan  heç biri beynəlxalq yarışlarda işrtirak etməyib.  Düzü, respublika üzrə yarışlarda iştirak edib birinci turu uğurla keçənlər çox olub. Amma bu, beynəlxalq səviyyədə deyil”.

O qeyd edib ki,  şagirdlərin kimya, eləcə də dəqiq elmlər üzrə biliklərini zəif olması məktəbdə qoyulan təməldən asılıdır:

“Kimyaya həftədə cəmi bir saat dərs verilir. Proqramdakı materiali belə çətinliklə mənimsədirik. Məsələn, riyaziyyat, Azərbaycan dili fənləri ibtidai siniflərdən başlayaraq keçirilir. Eləcə də yuxarı siniflərdə həmin fənlərə kifayət qədər dərs saatları ayrılır”. 

Fənn müəllimi onu da qeyd edib ki, dərs saatlarından əlavə məktəb laboratoriyalarının olmaması da  şagirdlərin bilik səviyyəsinin aşağı olmasında mühüm rol oynayır:

“Əvvəl mən Şəmkir rayonunda işləyirdim. Kimyanı əyani şəkildə öyrədəcək heç bir praktiki vasitə yox idi. Ancaq nəzəri hissəni öyrədirdik. Bəzi şagirdlərdə heç fənnə qarşı maraq yarada bilmirdik. Çünki əyani göstərəcək şərait yox idi.  İndi Səbaiyil rayonunda 3 nömrəli Laçın tam orta məktəbində işləyirəm. Sözün düzü, burda da lazımlı vasitələr, laborotoriyalar yoxdur.

Şagirdləri müxtəlif yollarla –həftənin qalibini seçməklə, bal fərqi qoymaqla, təqdimatlar hazırlamaqla və s. fənni öyrənməyə cəlb edirik. Amma bu kimi amillər də onların bilik səviyyəsinə təsir edir”.

Mövzu ilə bağlı açıqlamasında Kəlbəcər rayon 100 saylı tam orta məktəbin  fizika müəllimi Elçin Nurməmmədov fənlərin məzmununda bəzi əsaslı dəyişikliklərin lazımlı olduğunu qeyd edib:

“Məlumdur ki,PİSA bir qiymətləndirmə meyarı olmaqla dünya ölkələri təcrübəsinə yaxın bir təhsil sferası yaradır.  Düşünürəm ki, əslində zaman keçdikcə bəzi fənlərin məzmununda bəzi dəyişikliklər edilməlidir.  Bunları kurikulumda etmək asandır, yəni kurikulumda dəyişə bilər, amma müəllimin davranışında, ictimaiyyətin yanaşmasında, dərsliklərdə dəyişmək elə də asan məsələ deyil. Məhz oxu, yazı bacarıq və vərdişlərinin artırılması istiqamətində addımlar atılmalıdır”

  1. Nurməmmədov bildirib ki, təhsildə dəyişiklər edilməsinə baxmayaraq, hələ də nəzəri bilikləri praktikada tətbiqində çətinlik çəkirik:

“Təbiət fənlərində qazanılan nəzəri bilikləri  müxtəlif avadanlıqlarla təcrübədə tətbiq etməklə yanaşı, onu həyatda istifadə etməkdə də çətinlik çəkirik.  Bir misal qeyd edim. Məsələn, xaricdə minimum olaraq, tanış elmi fenomenin dəqiq izahını anlayır, bu biliyi tətbiq edə bilirlər. Amma bu prinsip bizdə zəifdir. Bununla da rəqabəti insan kapitalına çevirmək çətinləşir. Çin, Sinqapur kimi dövlətlər tətbiqetmə, oxuma, anlama bacarığını inkişaf etdirmiş ölkələrdəndir və nəticə etibarilə bu qiymətləndirmə üzrə reytinqdir”.

Məlumat üçün bildirək ki, Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Nəticələrə əsasən, şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib.

Ayşə MÜSEYİB