Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-05 08:58:00
Şagirdlərimiz beynəlxalq qiymətləndirmədə bu səbəbdən çox  irəliləyə bilmədilər –Təhlil

PISA (Program for International Student Assessment-Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) 2018-in nəticələri məlum olub.

Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Nəticələrə əsasən, şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib.

Çinin şagirdləri  PISA 2018-də ən yaxşı nəticəni göstəriblər. Pekin, Şanxay və Çinin şərq bölgələri, Jiangsu və Zhejiang şəhərlərinin 15 yaşlı şagirdləri, PISA 2018-in hər üç əsas sahəsi üzrə ən yüksək balı toplayaraq birinci yeri tutublar.

Bəs, məntiqi təfəkkürünə görə, bir çox ölkələrdən fərqlənən azərbaycanlı şagirdlərin ilk yüzlüyə düşə bilməməsinin səbəbi nədir?

“Pedaqoji kadrlar arasında kişilərə az rast gəlinməsi də nəticələrə təsir göstərir”

İllərdir, şagirdləri dünya olimpiadalarına hazırlaşdıran professor Nazim Kərimov mövzu ilə bağlı AzEdu.az-a  danışarkən xeyli səbəbləri sadalayıb. Bildirib ki, siyahıda ilk sıralarda təmsil olunan ölkələr həm iqtisadi güc, həm də əhali sayına görə, Azərbaycandan irəlidədirlər. Hətta Türkiyə də potensialına görə, həmin siyahıda çox geridə qalır:

“Bu nəticə üçün tələb olunan göstəricilərdən ən ciddisi riyazi təhsildir. Riyazi təhsil çox konservativdir, insan məntiqi ilə əlaqədar olduğuna görə, dəyişikliyə az məruz qalır.

Göstəricilərimizin aşağı olmasının səbəbini bir neçə amildə görürəm. Məsələn, bu prosesi sovet vaxtı aparsaydılar, bəlkə də, Azərbaycan ilk əlliliyə düşə bilərdi. Səbəblərdən birincisi dərsliklər, ikincisi isə müəllim kadrlarla bağlıdır. Bunlar çox ciddi məsələlərdir. Fikir verin, bu tendensiya bütün postsovet məkanında özünü göstərir. Sovetlərdən  ayrılmış əksər respublikalarda eyni nəticəni görə bilərsiz. Gürcüstan, Ermənistan da yüzlüyə düşməyib.

Təsəvvür edin, hazırda ölkə ümumtəhsil müəssisələrində dərs deyənlərin təxmini 50 %-i məktəbi 1990-cı illərdən sonra bitirmiş adamlardır. Təhsilin yüksək səviyyədə olmadığı vaxta düşüblər.

Mən qadın – kişi bərabərliyinin tam tərəfdarıyam və belə güman edirəm ki, təhsil kişi ilə müqayisədə qadın üçün daha önəmlidir. Çünki qadın uşağa təhsil verən şəxsdir. Amma 1990-cı illərə qədər olan dövrü sonrakı müddətlə müqayisə etsəz, hər şey aydın olar. Pedaqoji kadrların arasında kişilərə az rast gəlinir. Fikrimcə, bu da nəticələrə təsir göstərir”.

Nazim müəllim uzun illərdir, şagirdlərin beynəlxalq yarışlara hazırlığı ilə məşğul olduğuna görə, Türkiyə, Rusiya kimi bir sıra ölkələrin təhsil təcrübəsini görüb. Ölkəmizdə olimpiada hərəkatı üçün görülən işləri yüksək qiymətləndirir:

“Amma olimpiada bu nəticələrlə müqayisədə bir qədər fərqlidir.  Bu proqram ayrı – ayrı şəxslər, 30 – 40 adam üçün  nəzərdə tutulmayıb, bütöv məmləkəti əks etdirir.

Bizim orta məktəb müəllimləri Azərbaycan dilində təhsil alan şəxslərdir. Həm Sovet dövründə, həm də sonrakı illərin ali məktəb kitabları arasında Riyaziyyatdan 5-10 kitab olar. Çox kitablar digər dillərdən tərcümə olunmayıb. Bu, indi də belədir”.

“Şagirdlərimizn məntiqi təfəkkürü heç bir ölkənin məktəblilərindən aşağı səviyyədə deyil”

Nazim müəllim nəticələrə baxmayaraq, ölkə şagirdlərinin bilik və potensialını yüksək qiymətləndirib:

“Müxtəlif ölkələrdə işləmişəm. Sizi əmin edirəm ki, şagirdlərimizn məntiqi təfəkkürü heç bir ölkənin məktəblilərindən aşağı səviyyədə deyil. Əksinə, yüksəkdir. Sadəcə ədəbiyyat yoxluğunun da təsiri var. Səbəblər çoxdur: müəllim, kitab təminatı və s. Belə getsə, ağlım kəsmir ki, gələn il ölkəmiz o siyahıya düşər.

70 – 8-0 il Cümhuriyyət dövründə Türkiyənin özü belə yüksək nəticə göstərənlər siyahısına düşə bilməyib. Halbuki, 2000-ci illərdən başlayaraq 4-5 dəfə təhsil islahatı keçirmiş, sistemi tamam dəyişmişdilər. Amma müəllimlərin bir qismi köhnə sistemlə gedir, yeniyə uyğunlaşa bilmirilər.  Yeni sistemlə işləmək istəyənlərin isə bazaları əksik idi. Çünki yeni sistem yeni innovativ ədəbiyyat tələb edir”.

“Mənbə az olduğuna görə, xarici ədəbiyyata istinad edirik”

Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyin ölkəmizi beynəlxalq olimpiadalarda Riyaziyyat üzrə təmsil edən şagirdi Murad Ağazadə isə bildirib ki, şagirdlərimizdə riyazi təfəkkür olduqca yüksəkdir:

“Bunu olimpiada nəticələrimiz də təsdiqləyir. Azərbaycanın olimpiadalardakı uğurları heç də az deyil. Son illərdə olimpiada hərəkatına qoşulan şagirdlərin sayındakı artım da bunu göstərir.

Sadəcə biz olimpiada proqramını belə xarici mənbələrdən işləyirik. Dərsliklərimizin bu göstəricilərə çox da faydası olmur. Mənbə az olduğuna görə, xarici mənbələrə istinad edirik. Nəticələr bununla da bağlı ola bilər”.

Qeyd edək ki, PISA müxtəlif ölkələrin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları