Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 17:10:00
Nazirliyin təhsildəki qüsurları aradan qaldıracaq xəbərdarlıqları – Nöqsanlar gizli qalmır

Təhsildə baş verən neqativ halların qarşısını almaq məqsədilə nazirliyin vaxtaşırı xəbərdarlıqları mediada müzakirə mövzusu olur. Onlar əsasən, təhsil işçilərinin yol verdikləri yanlışlar, orta ümumtəhsil müəssisələrinin aktual problemləri ilə bağlıdır.

Öncə 2019-cu ildə Təhsil Nazirliyinin etdiyi xəbərdalıqlara AzEdu.az-la nəzər salaq:

Təhsil naziri Ceyhun Bayramov  11 sentyabrda keçirilən təhsil işçilərinin respublika konfransında çıxışı zamanı təhsili yüksək səviyyədə təşkil edə bilməyən məktəblərin olduğunu vurğulayıb:

"Bəzi məktəblərdə arxayınlıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib. Çünki bu gün məktəb rəhbərlərinin, yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əllərində olan alətlərin sayı qanunvericiliyə edilən dəyişiklik nəticəsində son bir neçə il ərzində xeyli artıb".

Cənab nazirin17 oktyabr çıxışı isə şagirdlərin yerdəyişməsinin elektronlaşdırılması ilə bağlıdır. Nazir bildirib ki,  elektronlaşdırılmadan sonra insanların problemlərini bilib, həll yollarını müzakirə etmək üçün əlverişli imkanlar yaranıb:

“Statistika göstərdi ki, həll olunmayan və ya həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin sayının 2 faizini təşkil edib ki, bu da direktorların səhlənkarlığı ucbatından baş verib. Direktor bu işi nəzarətə götürmədən onu texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ona görə də ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı”.

Ceyhun Bayramovun digər xəbərdarlığı isə bütün məktəblərdə tam orta təhsilin yüksək səviyyədə təşkili ilə bağlıdır. Nazir xəbərdarlığında bildirib ki, aparılan təhlillər zamanı fərqli mənzərə müşahidə olunur:

“Elə məktəblər var ki, təhsili yüksək səviyyədə təşkil edə bilmir. Bu, bir çox məqamlarla özünü təsdiq edir.

Bəzi məktəblərdə arxayınlıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.

Noyabrın 22-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bəzi məktəb direktorlarının onlar üçün yaradılan şəraitə biganə qaldığını vurğulayıb. Bildirib ki, vacib məsələlərdən biri yaradılan bu şəraitə uyğun keyfiyyətli təhsil prosesini yaratmaq, dövlətin istifadəyə verdiyi əmlakı qoruyub saxlamaqdır:

“Elə məktəblərimiz var ki, uzun illər əvvəl təmir olunmasına baxmayaraq,  dövlət əmlakına diqqətlə yanaşılıb və qorunub. Amma təəssüf ki, bəzi məktəblərimizin bu məsələyə daha ciddi yanaşması zərurəti yaranıb. Fürsətdən istifadə edib, üzümü direktorlara tutub demək istəyirəm ki, məktəbi qoruyub saxlamaq üçün ciddi qayda-qanun yaradılmalı, nizam-intizam qaydalarına əməl olunmalıdır”.

Nazir müavininin 15 oktyabr xəbərdarlığı isə məktəbi məktəbəhazırlıq qruplarında tədrisin təşkili ilə bağlı idi. Xəbərdarlıqda bildirilir ki, hər bir məktəb hazırlıq qruplarına gedən uşağın onun gələcək məzunu olacağını nəzərə alaraq 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünməlidir:

“Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır. Məktəbəhazırlıq təhsilinin vacibliyini bu qədər qeyd etdiyimiz üçün yaxşı olardı ki, Bakı məktəblərinin heç olmasa bir neçəsi özünün bu qabaqcıl təcrübəsini ortaya qoyardı".

Məhəbbət Vəliyevanın digər nitqi də kəskin xəbərdarlığı ilə yadda qaıb. Bu dəfə isə əsas obyekt məktəb direktorları olub:

"Müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük. Problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır. Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib daha yaxşı nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

Bundan əlavə, Təhsil Nazirliyi məktəbli formasının satışı ilə bağlı da direktorlara xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, heç bir məktəb rəhbərliyi forma satışı ilə məşğul ola və valideynləri bu prosesə sövq edə bilməz.

Bəs, təhsil ekspertləri naziriyin hansı xəbərdalığını daha yüksək qiymətləndirir və effektli nəticə verdiyini düşünürlər?

“Problemləri inkar etmək, təhsilimizə biganəlikdən başqa bir şey deyil”

Mövzu ilə bağlı AzEdu.az-a danışa təhsil eksperti Nadir İsrafilovun fikrincə, son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb, onun normativ hüquqi bazası təkmilləşdirilib:

“Xüsusilə də tikinti, təmir-təchizat, təhsilin məzmun, formaca yenilənməsi, mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərə çarpacaq işlər görülüb. Təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşma istiqamətində davamlı işlər gedir. 

Bununla yanaşı, təhsilin keyfiyyətinin artırılmasında səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. Təhsil siyasətinin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsəd-məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və effektiv icra mexanizminin formalaşdırılmasıdır.

Bu baxımdan Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında qərar təhsil sahəsində yeni mərhələdir”.

Ekspert vurğulayıb ki, təhsildə həm obyektiv, həm də subyektiv səbəblərdən yaranan problemlər var və bunları inkar etmək, təhsilimizə biganəlikdən başqa bir şey deyil:

“Təhsil Naziri Ceyhun Bayramov da dəfələrlə mövcud problemləri dilə gətirib. Nazir son görüşlərinin birində ümumi təhsil müəssisələrində məktəb proqramının ağırlığı, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin  məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini xüsusi vurğulayıb”.

“Diplomu dövlət nümunəli olmayan müəllimlərin işinə aydınlıq gətirilməlidir”

Onun sözlərinə görə, İctimai şura son bir ayda yerlərdən xeyli rəy və təkliflər alsa da, narazılıq, şikayətlər də az deyil:

“Bunlar əsasən hazırlıq qruplarına və I siniflərə qəbul, elektron sistemdə olan bəzi anlaşılmazlıqlar, şagirdlərin yerdəyişməsi, müəllimlərin dərs yükünün bölşdürülməsində diaqnostik qiymətləndirmənin nəticələrinin nəzərə alınmaması, rus bölməlisindəki problemlər və s. ilə əlaqədardır. Bir sıra direktorların qanunvericilik tələblərini pozması ilə bağlı da xeyli şikayətlər var. Diaqnostik qiymətləndirməyə buraxılmayan təhsil sənədi dövlət nümunəli olmayan müəllimlərin də işinə nəhayət bir aydınlıq gətirilməlidir.

Fikrimcə, İctimai Şura ictimai nəzarətin təşkili, ictimai rəyin nəzərə alınması kimi mühüm missiyanı həyata keçirəcək, yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili kimi demokratik  dəyişikliklərlə təhsilimizin inkişafına töhfəsini verəcək.

Məqsədimiz problemləri sadalamaq deyil, həlli üçün təkliflər hazırlamaqdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları