Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 14:58:50
Deputatdan TƏKLİF: "Ali məktəblərin akkreditasiya sistemi dəyişməlidir"

"Nəticələrdən sonra nələrisə müzakirə etmək olar. Prinsipial fərq hiss etmirəm. Hansısa ciddi irəliləyiş və ya dəyişiklik olacağını düşünmürəm".

Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə AzEdu.az-a açıqlamasında bu gün keçirilən qəbul imtahanına münasibətdə deyib. Onu sözlərinə görə, dəyişikliklər hansısa möcüzə nəticəsində olmur:

 “Nəticə əldə etmək üçün çox işləməli, çox şeyi dəyişməliyik. Məktəbləri gücləndirməliyik. Bu istiqamətdə müvafiq qanunvericiliklə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsi  bunun üzərində işləyib, yeni qanunlar qəbul edilib”.

Millət vəkili  Fazil Mustafa qəbul imtahanlarının  kifayət qədər yüksək səviyyədə təşkil olunduğunu deyib:

“Azərbaycanda peşəkarlıq nöqteyi-nəzərdən bu qurumun fəaliyyəti qədər düzgün təşkil olunmuş  qurum tapmaq müəyyən mənada çətin olar. Amma təhsilin səviyyəsi məsələsi çox önəmlidir. Əgər bu il rezidenturaya sənəd verən Tibb Universitetini bitirmiş 1100 adamdan 495-i müəyyən balı toplaya bilmirlərsə, savadsızlıq mühiti var və burada normal tələbə yetişə bilməz. Ali məktəblərin akkreditasiya sistemi dəyişməlidir. Daha ciddi tələblər qoyulmalıdır. Son vaxtlar təhsil sahəsində müsbət addımlar atılıb. Biliklərin yoxlanılması, müəllimlərin imtahanlara cəlb olunması, daha məsuliyyətli, hazırlıq prosesini keçmələri üçün bəzi şeylər edilib. Amma burda təhsillə məşğul olan qurumlardan  başqa, bəzi amillər də rol oynayır. Müəllimlərin maaşı  2-3 dəfə artırılmalıdır. Bu maaşla müəllim yaxşı dərs demə imkanına sahib deyil. Düzdür bugünkü dərs keyfiyyətinə görə müəllimə Amerika, Avropadakı pulu vermək olmaz. Keyfiyyət çox önəmlidir. Amma bu aşağı maaşla da müəllimin ayaqda qalması mümkün deyil. Ona görə bu məsələləri kompleks həll etmək lazımdır ki, qəbul imtahanlarına gələn daha hazırlıqlı olsun. Hazırlıqlı olanlar da uğur qazana bilirlər. Ora gələn məhsul yaxşı deyilsə nə edə bilərlər”.

Onun sözlərinə görə, gələn il tətbiq olunacaq qaydalarda isə testin ləğvindən söhbət getmir. Burada sualları əvvəlcədən bəlli olan testin ortadan qaldırılması əsas məsələdir:

“Test bu və ya digər formada qorunmalıdır. Sualın əvvəldən bəlli olması isə müəyyən dərəcədə daha məsuliyyətli və hazırlıqlı şəxslərin yetişməsinə imkan vermir. Bu istiqamətdə  yəqin ki, müsbət yeniliklər olacaq”.

Növbəti ildə kurikulum üzrə imtahan verənlərdən isə xüsusi irəliləyiş gözləmədiyini bildirən millət vəkili  ümidverici istiqamətdə dəyişiklik olacağını  zənn etmir.

“ Təkcə təhsildən söhbət getmir, elm sferası da axsaq vəziyyətdədir. Sistem doğru qurulmayıb. Sistemin dəyişməsi üçün isə həm cəsarət, həm də maddi vəsait lazımdır. Bu vəsaiti isə bazarın prinsiplərini daha dərindən anlayan universitet modeli , elmi tədqiqat instututları modeləri ilə qurmaq olar. Buna maraq göstərilmirsə, hələ ki, dəyişikliyin olması da real görünmür”.