Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 11:54:46
Biliyinə deyil, dualara güvənib imtahana gələnlər- Qəbul imtahanından FOTOREPORTAJ

Mayın 13-də II və III qruplar üzrə universitetə qəbul imtahanıdır. Nərimanov rayonu ərazisində yerləşən 200 saylı tam orta məktəbin həyətində əməlli - başlı izdihamdır. Bəziləri daşın üzərində oturub səssiz halda imtahan verənin çıxışını gözləyir, bəziləri isə əllərində dua kitabı, dayanmadan oxuyurlar.  İzdiham yaradan bu insanların tək istəyi imtahan verən yaxınlarının istədikləri nəticəni əldə etməsidir.

AzEdu.az-ın əməkdaşının imtahan öncəsi hazırladığı reportajı təqdim edirik:

Dua oxuyaraq Allaha ümid imtahana girənlər...

Ümumiyyətlə, əlində dua kitabı qızı, nəvələri üçün dua oxuyanlar abituriyentlərdən daha həyəcanlı görünürlər. Nəvə nənəsindən xahiş edir:  “Mən imtahanda olan vaxtda da dayanma. Sən duanı ard-arda oxu”.

İmtahana girənlərdən daha həyəcanlı görünən doğmalar…

Artıq iki il əvvəl imtahan verib universitetə qəbul olan oğlanlar bu il də dostlarını imtahana gətirib, onların çıxışını gözləyirlər:

“Mən artıq iki il əvvəl II qrup üzrə imtahan verib, qəbul olunmuşam. Sağ əlim imtahana girənlərin başına”.

Digər bir abituriyentin atası isə deyir ki, qızım Züleyxa jurnalist olmaq istəyir: “İnşallah istədiyi nəticəni əldə edəcək”.

Adını çəkmək istəmiyən valideyn qızının  imtahana ağlaya-ağlaya girdiyini dedi:

“Kaş qızım girməmişdən əvvəl onu çəkərdiz. İmtahana ağlaya-ağlaya girib. Bütün yolu da elə gəlib. İnşallah, yaxşı nəticə toplayar”.

Oğlunu darvazadan içəri, imtahana keçirən anası deyir:

“ Otağa daxil olanda da,  imtahan vərəqini açanda da “Allah, Məhəmməd, Ya Əli” de, sonra yazmağa başla.  Bax, yadından çıxmasın ha! Çıxanda soruşacam”, - deyərək, darvazadan içəri keçəndən sonra da oğlunun ardıyca eyni sözləri ucadan təkrarlayır.

Abituriyent nənələrinin söhbəti…

Abituriyentləri imtahana gətirənlər arasında nənə və babalar xüsusilə seçilir. Şəkilinin çəkilməsindən narazılıq edən nənəyə digər nənə məsləhət verir:

“Təki şəklimizi belə yerlərdə, nəvələrimizi imtahana gətirəndə çəksinlər” – deyib, duasının oxumağa davam edir.

Rüşvət götürən abituriyentlər…

Abituriyentin anası digər abituriyentin sınaqlarda yüksək nəticə topladığını öyrənib ona pul təklif edir:

“Xahiş edirəm götür. Əgər qızımın yanına düşsən, kömək edərsən”.

Sonuncu dəfə kəlmeyi-şəhadəti oxumaq üçün növbəsini başqasına verən abituriyent…

Məktəb darvazalarından kənardakı səs-küy qədər, məktəbin həyətində də sükut hiss olunur. Darvazadan çöldə həyəcanlı halda bildiklərini ucadan təkralayanlar, yaxındakılara öyrəndiklərini bərkdən izah edənlər, babasını qucaqlayıb həyəcandan titrəyənlər və s..  Məktəbin həyətinə girəndə isə bütün səs-küy darvazanın bu tayında qalır və qəribə bir səssizlik çökür. Mühafizə darvazanın ətrafında növbə gözləyən abituriyentlərə əlindəkiləri içəri buraxmayacağını deyir. Abituriyentlərin üzərində siqaret, saqqız, snikers, bulka, qələmyonan, kəlmeyi - şəhadətin həm ərəb əlifbası, həm də latın əlifbası ilə yazılmış nümunələri və s. olduğunu müşahidə edirik. Mühafizəçinin kəlmeyi - şəhadəti anasına verməyini tələb edən abituriyent digər yoldaşına yol verir:

“Sən keç mənim yerimə. Mən bir dəfə də oxuyum, səndən sonra dayanaram” – deyib, kəlmeyi-şəhadəti oxumağa başlayır.