Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-29 10:41:00
“Şikayət qutusunun açarları ancaq məndə olacaq”- Nöqsanlı məktəblərə 1 ay vaxt verən RTŞ müdiri

Rayon Təhsil Şöbələrinə edilən yeni təyinatlar son günlər təhsil cameəsi və medianın diqqətindədir.

Yeni təyinat alanlardan biri də Yaşar Məhərrəmovdur. Tərtər Rayon Təhsil şöbəsinin müdiri təyin olunan Yaşar müəllim  apardığı islahatlar, tətbiq etdiyi yeniliklərlə sosial medianın diqqət mərkəzindədir.

Etdiyi yeniliklərdən biri də rayon daxilindəki hər məktəbdə bir neçə gün direktor vəzifəsini icra etməsi, ümumtəhsil müəssisələri ilə ətraflı tanış olmasıdır.

Problem və uğurlarını AzEdu.az-la bölüşən RTŞ müdiri Yaşar Məhərrəmov eyni anda iki işin öhdəsindən gəlməyin çətinliyini vurğulayıb.

Yeri gəlmişkən

Həmin vaxtda məktəb şagirdləri ilə görüşüb onlarla tanış olduğuna görə çətinliklə əlaqə saxlamağımız da onun işinin məsuliyyətindən xəbər verirdi.

“Bir ənənə gördükdə onu başqa məktəblərə də tətbiq etməyə çalışırıq”

Yaşar müəllim işinin çətinliyini bu şəkildə izah edir:

“Məktəbə gələndə birbaşa, möhür, ştamp - hər birini özümüzlə gətirib, onları məktəbin seyfinə yerləşdiririk. Vətəndaşları da elə məktəbdə qəbul edirik. Gələn valideynlərin problemləri ilə maraqlanır, aradan qaldırırıq. İşimiz ağırdır, insan yorulur. Amma nə edə bilərik?!

Hazırda direktorların əksəriyyəti seçki məntəqələrinin sədrləri olduqlarına görə, onların səlahiyyətləri direktor müavinlərinə həvalə olunub. Düzü, direktor olmadığına görə, məktəblərdə bir qədər boşluq yaranıb. Həmin məktəbləri əsas götürmüşük”.

Yaşar müəllim bu qərara sırf nizam – intizamı bərpa etmək üçün gəlib:

“Bu yolla məktəbi, onun kontingentini tanıyırıq. İlk nəzarət etdiyimiz ümumtəhsil müəssisəsi 1 saylı məktəbdir. Burada 1300-ə yaxın şagird, 110 müəllim var. Böyük məktəbdir. Təsəvvür edin, rayonun şagird–müəllim heyətinin 10 %-ə qədəri burada cəmlənib.

Hər məktəbin spesifik problemləri var. Ən ağır kollektiv bu məktəbdədir. Burada sinif komplektlərinin sayına, şagirdlərin davamiyyətinə baxırıq. Bu ümumtəhsil müəssisəsi 115 yaşlı ənənəvi məktəbdir. Rayonun nümunəvi orta təhsil ocağıdır. Burada bir ənənə gördükdə onu başqa məktəblərə də tətbiq etməyə çalışırıq”.

“Bəzi məktəblərdə müavinlər qala – qala direktorluq müəllimə həvalə edilmişdi”

Məktəbi tanıdıqda sonra apardığı islahatalara gəlincə isə Yaşar müəllim belə cavab verib:

“Tərtər respublikanın 76 məktəbi arasında 68-ci yerdədir. Təhsilin səviyyəsi çox aşağı düşüb. Buna görə də metodistlərimiz müəllimlərlə işləyir, dərslərin qurulması, keyfiyyəti ilə bağlı işlər aparırlar. Sənədləşmədəki səhvləri aşkarlayır, onları kollektivə izah edirik. Məsələn, bu gün Rus bölməsinin müəllimləri ilə görüşəcək, araşdırmalar zamanı rastlaşdığımız nöqsanları izah edəcəyik.  

1 ayda çox şeyi dəyişmişik. Məktəblərdəki pul yığımlarını aradan qaldırmışıq. Direktorun qohum - əqrabasının himayədarlıq etdiyi məktəblər var idi. Bəzilərində isə müavinlər qala – qala direktorluq müəllimə həvalə edilmişdi. O da məktəbi idarə edə bilmirdi. Problemlərin çoxunu aradan qaldırmışıq. Davamiyyət hazırda 90%-dən yuxarıdır”.

Yaşar müəllim özü də bir zamanlar məktəb direktoru olub. Bununla yanaşı,  namizədlərin direktorların işə qəbul müsabiqəsinə hazırlığı ilə məşğul olub. Buna görə də məktəb rəhbərlərinin əksəriyyətini şəxsən tanıyır:

“İndiki gənc direktorların çoxu elə mənim yetirmələrimdirlər. Onlar nümunəvi olmalıdırlar. Direktor həm bilik səviyyəsi, həm də şəxsiyyət kimi formalaşmasına görə, məktəbin birinci şəxsi olmalıdır. Təhsil Nazirliyinin qoyduğu bütün öhdəlikləri anında və yüksək səviyyədə yerinə yetirməlidir. O, əməkdaşların şəxsiyyətinə hörmət qoymalıdır”.

“RTŞ-də qaynar xətt  yaratmış, nömrələri bütün məktəblərin divarına vurmuşuq”

O, şagirdləri narahat edən məqamları da diqqət mərkəzində saxlayır:

“Bir saatdan artıq siniflərdə olub, şagirdlərlə söhbət apardıq. Bundan əlavə, məktəbin hər mərtəbəsinə şikayət və təkliflər qutusu yerləşdiriləcək. Qutunun açarı yalnız məndə olacaq. Şikayət qutusunda şagirdləri narahat edən bütün məqamlara baxılacaq. Özlərinə də demişəm ki, hər bazar günü məktəbdə heç kim olmayanda gəlib qutunu açacağam, şikayətləri araşdıracağam. Təbii ki, məxfilik də qorunacaq.

Bununla yanaşı, Rayon Təhsil Şöbəsində qaynar xətt yaratmış, nömrələri bütün məktəblərin divarına vurmuşuq. Hər valideyn o nömrəni bilir. Bugünəcən  30-dan çox şikayətə baxmış, yerində araşdırmışıq.

Məktəbə gələndə Rus bölməsi hər korpusa dağılmış halda idi. İlk işimiz onları bir korpusa yığıb ayırmaq oldu. Həmin korpusun divarlarındakı hər şey – atributların izahı rusca olacaq. Tənəffüsdə rusca danışanlar çox olacaq ki, şagirdlər oxuduqları bölmənin dilini mənimsəsinlər.

Tərtər təmas xəttinə yaxın ərazidə yerləşir. Açıq qapı günləri təşkil edəcəyik. Çalışacayıq ki, yuxarı sinif şagirdləri hərbi hissələrdə olub, əsgərlərimizlə görüsşsünlər. Tədbirlərə qaziləri, şəhid ailələrini dəvət edəcəyik”.

“Qrant layihədə Tərtərdən heç kim iştirak etməyib”

RTŞ müdiri təyin edildikdən sonra əsasən hansı nöqsanları müşahidə etdiyini soruşunca isə Yaşar müəllim belə cavab verib:

“Məsələn, Təhsil Nazirliyinin apardığı qrant layihədə Tərtərdən heç kim iştirak etməyib. Nazirlik qarşısında da məsələ qaldırdıq ki, müəllimlərimizi bu barədə maarifləndirmək lazımdır. Dekabrda belə maarifləndirmə işləri aparılacaq.

Bundan əlavə, diaqnostik qiymətləndirmə imtahanlarında yüksək bal toplayan 80-ə yaxın müəllimi ətrafımızda birləşdirmiş, xüsusi qurum yaratmışıq. Tutaq ki, orada 5 Riyaziyyat müəllimi var. Onların köməyi ilə yaxşı dərslər təşkil edəcək, müəllimləri onların dərslərinə dəvət edəcəyik.

Fəaliyyətimizdə Masallı Rayon Təhsil Şöbəsinin nümunəsindən istifadə etmişik. Təhsilə Dəstək Mərkəzi yaratmışıq. Gələcəksə harada yaxşı nümunə varsa, onları bu rayonda tətbiq edəcəyik”.

“Nöqsanları aradan qaldırmaları üçün hər məktəbə 1 ay vaxt vermişik”

Yaşar müəllimin dediyinə görə,  şənbə günü günorta saatlarınadək 1 nömrəli məktəbdə olacaq:

“Bu, yoxlama xarakterli deyil, təhsilə dəstək xarakteri daşıdığına görə, sonda tədbir keçirəcək, nöqsanları bəyan edib tövsiyələrimizi verəcəyik. Məktəbə gördüyümüz nöqsanları aradan qaldırmaları üçün hər məktəbə 1 ay vaxt vermişik.

1 nömrəli məktəbdən sonra bütün ümumtəhsil müəssisələrinin müəllimləri bildilər ki, RTŞ nələri araşdırır, nələrə nəzarət edir. Digər məktəblər də artıq öz işini qurub. Kənd məktəblərinə də getməyi planlaşdırırıq. Seçmə yolla bütün məktəblərdə olacağıq. Kiçik məktəblərdə 2-3 gün, böyük məktəblərdə 1 həftə yaxın olacayıq. Burada nə qərəz, nə də xüsusi məqsəd yoxdur. Əsas məqsəd təhsildə inkişaf əldə etməkdir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları