Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-13 10:01:10
Alimlər Astarada toplaşdılar

Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Regional Elm Mərkəzi, Astara Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusuna həsr olunub.

AzEdu.az xəbər verir ki, Astara RİH-in başçısı Q.Ağayev, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ə.Quliyev, AMEA Lənkəran REM-nin direktoru, professer F.Quliyev, AMEA TAİ “Üzvi gübrələr” laboratoriyasının müdiri, əməkdar elm xadimi, professor P.Zamanov, AMEA TAİ “Üzvi gübrələr” laboratoriyasının aparıcı elmi işçisi, professor Ə.Əlizadənin iştirak etdikləri tədbirdə Astara və ətraf rayonlardan çay, çəltik və sitrusçuluqla məşğul olan fermerlər iştirak ediblər.

Tədbiri açan Astara RİH-in başçısı Qəzənfər Ağayev ölkəmizdə aprar sahənin inkişafı istiqamətində aparılan siyasətdən, kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar mühüm qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilib. Prezident 2017-ci il sentyabrın 3-də Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə əlaqədar keçirdiyi respublika müşavirəsində bu sahələrin dirçəldilməsinin vacibliyini qeyd etmiş,  tapşırıqlarını vermişdir: “Dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar   rayonun  fermer təsərrüfatlarının başçıları, istehsal, emal müəssisələrində çalışan sahibkarların iştirakı ilə rayonda işgüzar görüş keçirilmişdir. Prezidentin tövsiyə və tapşırıqları diqqətə çatdırılmış, kənd təsərrüfatının rayonumuz üçün xarakterik sahələrinin inkişaf yolları barədə fikir mübadiləsi aparılmışdır.   Nəticədə qısa müddətdə 1500 hektara yaxın əkinəyararlı torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir”.

Seminarda çıxış edən professorlar - Ə.Quliyev, F.Quliyev, P.Zamanov, Ə.Əlizadə  kənd təsərrüfatının inkişafında elmin rolu, Lənkəran-Astara zonasında çayçılıq və çəltikçilikdə üzvi gübrələrdən istifadənin səmərəliliyi, torpaqlardan müasir texnologiyalar əsasında səmərəli istifadə üsulları, çəltikçilikdə yeni texnologiyadan istifadə qaydaları barədə fermer və sahibkarlara geniş məlumat veriblər. Tədbir müzakirələrlə başa çatıb.