Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 16:10:00
Əcnəbi tələbələri necə cəlb etməli?

Rusiya bu məqsədlə xaricdə 50 mərkəz yaradır

Rusiyanın  Xalqlar Dostluğu Universitetində beş ölkənin -  Bolqarıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkiyənin  nümayəndələri tərəfindən xaricdə ilk ali məktəbə hazırlıq mərkəzlərinin yaradılması haqqında saziş imzalanıb. 2024-cü ilə qədər 50 belə mərkəzin açılması planlaşdırılır. Rusiyanın aparıcı universitetlərinin ekspertləri  mərkəzlərdə  fizika,  kimya, riyaziyyat, biologiya, rus dili  fənlərini  tədris edəcəklər.

Rusiyanın  Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərkəzlərin əsas vəzifəsi xarici abituriyentlərin biliklərini Rusiyanın təhsil sisteminin standartlarına uyğunlaşdırmaqdır. Bundan başqa, təşkilat beynəlxalq olimpiadalarda iştirak etmək üçün istedadlı məktəblilərin seçimini həyata keçirəcək. Bununla da dünyada  Rusiya ali təhsilinin nüfuzunun artırılması nəzərdə tutulur.
 

Nazirlikdən onu da bildiriblər ki, xaricdə adıçəkilən resurs mərkəzləri ilə məşğul olacaq aparıcı universitetlərin konsorsiumuna artıq yeddi ali məktəb daxil edilib: Rusiya Xalqlar Dostluğu Universiteti,  Milli Nüvə Tədqiqatları Universiteti  (MİFİ), Sankt-Peterburq Politexnik Universiteti, Milli Tədqiqat Universiteti  (MEI),   Altay Dövlət Universiteti, Moskva Fizika və Texnologiya İnstitutu (MTI),  Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası.
 

MFTI və MEI  fizika,  Altay Dövlət Universiteti  biologiya, Sankt-Peterburq Politexnik Universiteti kimya, Milli Nüvə Tədqiqat  Universiteti  riyaziyyat üzrə materiallar hazırlayacaq. Rusiya Xalqlar Dostluğu Universiteti  isə rus dili üzrə tədris-metodiki komplekslərin iki variantını hazırlayacaq və bütün konsorsiumun işini əlaqələndirəcək. 
 

Rusiya Federasiyasının ali məktəblərində əcnəbi tələbələrin sayının 2024-cü ilə qədər 425 min nəfərədək (iki dəfə) artırılmasının zəruriliyindən danışan Rusiya Xalqlar Dostluğu Universitetinin rektoru Vladimir Filippov qeyd edib ki, bu, "Təhsil" Milli layihəsinin vəzifələrindən biridir.  Onun fikrincə, resurs mərkəzləri bu məqsədə doğru mühüm addım olacaq.
 

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)