Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 10:55:00
Peşə təmayüllü siniflərə mediatur – Təhsildə yeni xətt

 

Bu gün Bakı şəhəri 120 nömrəli tam orta məktəbdə media nümayəndələrini “Peşə təmayüllü siniflər” pilot layihəsi çərçivəsində görülən işlərlə tanış etmək məqsədilə mediatur təşkil edilib.

AzEdu.az məlumat verir ki, məktəbdə təşkil edilən bir peşə təmayüllü sinifdə 24 şagirdin təhsil aldığı bildirilib. Cari tədris ilində təmayül sinfində aqronom və dərzi ixtisasları tədris olunub. Bununla yanaşı, aşpaz ixtisası və təmir-tikinti profili üçün də şərait yaradılıb. Amma bu ixtisaslar növbəti ildən tədris olunacaq. Ümumi təhsil müəssisəsinin həyətində şagirdlərin əkinçilik sahəsi üzrə peşə biliklərinə yiyələnməsi üçün əkin sahəsi də ayrılıb.

Şagirdlərə tədris olunan əsas səriştələr və digər modulların dərslikləri paylanılıb.

Həmçinin, mediatur iştirakçılarına  Təhsil Nazirliyi tərəfindən 2019-2020–ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilməsi ilə bağlı məlumat verilib.

X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Eyni zamanda, peşə təmayüllü siniflərin şagirdlərinə ilkin sahibkarlıq bacarıqlarının aşılanması, bununla da gələcəkdə peşə sahibi kimi öz iş yerlərini yaratmağa həvəsləndirilməsi, əmək bazarının peşəyönümü istiqamətdə hazırlıqlı və bacarıqlı əmək qabiliyyətli şəxslərlə təmin edilməsi ilə ölkə miqyasında iqtisadi inkişafa töhfə vermək layihənin hədəflərini təşkil edir.

Qeyd edilib ki, hazırda ölkə üzrə 20 ümumtəhsil məktəbində yaradılmış 20 peşə təmayüllü sinifdə ümumilikdə 420 nəfər şagird təhsil alır. Bu siniflərdə tədris Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı və müvafiq modul spesifikasiyası üzrə təmayülləşmə əsasında təşkil edilib.  Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə layihələr də tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünü ifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr keçirilir. Eyni zamanda layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir.

Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün sürücülük kurslarının tədrisi də planlaşdırılıb. Həmin siniflərdə təhsil almış məzunlara sürücülük vəsiqəsi almaq imkanı yaradılacaq. 

Müxtəlif layihə profilləri üzrə səriştələrin və istiqamətlərin tədrisi mütəxəssislər tərəfindən həyata keçirilir və bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə ümumilikdə 40 nəfər mütəxəssis cəlb edilib.

Bu siniflərin yaradıldığı ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarları, o cümlədən mətbəx və iaşə təlimi, tikiş təlimi, dülgərlik təlimi, tikinti-təmir təlimi və digər təlimlər üzrə zəruri hesab edilən alətlər, ləvazimatlar və avadanlıqlar ilə təmin edilib, həmçinin kənd təsərrüfatı istiqamətlərinin tədris olunduğu ümumi təhsil müəssisələrində təsərrüfat sahələri qurulub.

Sonda media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.