Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-26 16:00:00
Yalançı xaricdə təhsil şirkətlərilə mübarizə, universitetlərin əsas xətası – Bəxtiyar Hacıyevin resepti -RUBRİKA  

 Bəxtiyar  Hacıyev:  “Əgər kimsə sizə " ABŞ-ın nüfuzlu universitetinə attestatla, imtahansız qəbul almışıq, təhsil haqqının yarısını indi ödəməlisiniz" desə, mütləq şübhə ilə yanaşın, araşdırın. Unutmayın ki, asan və pulsuz pendir sadəcə siçan tələsində olur”.

AzEdu.az  “Təhsil resepti”  rubrikasını davam etdirir.  Rubrika çərçivəsində respublikanın tanınan ictimai-siyasi şəxsləri, incəsənət və maarif xadimləri, media təmsilçiləri Azərbaycan təhsilinin gələcək inkişafı üçün öz “resept”lərini təqdim edirlər.

AzEdu.az-ın budəfəki qonağı tanınmış ictimai fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevdir.

O, xarici təhsil üzrə mütəxəssis, ictimai fəaldır.

B.Hacıyev  "resept hazırlığına" ən aktual məsələlərdən biri – xarici təhsil üzrə tələbələrinin bilməsi vacib olan  məsələlərlə   başlayır. O vurğulayır ki, gününü kitabxanada keçirib, “qırmızı diplom” almaq kifayət deyil. “Bəs  xaricdə təhsil almaq istəyən tələbə nə etməlidir?” sualını müsahibimiz cavablayır:

“Hər şeydən əvvəl tələbələr gələcəkdə oxuyacaqları sahə və universitetləri bir neçə il əvvəlcədən müəyyənləşdirməli, həmin ixtisas və universitetin tələblərinə uyğun dərsdən kənar fəaliyyətləri ilə seçilməlidirlər. Əla qiymətlər, yüksək standart test nəticələri reytinqli universitetlərə qəbul üçün kifayət deyil. Həmin universitetlər tələbələrin dərslərdən kənar hansı fəaliyyətlərinin, uğurlarının olmasını, hansı şəxsi keyfiyyətlərini inkişaf etdirdiklərini görmək istəyirlər. Bunun üçün isə evdən dərsə gedib, bütün gününü kitabların arasında keçirib, "qırmızı diplom" almaq kifayət deyil.

Tələbə öz sahəsinə uyğun yarışlarda, təlimlərdə, beynəlxalq konfranslarda iştiraka can atmalı, sahəsindən asılı olaraq, öz liderlik, təşkilatçılıq bacarıqlarını inkişaf etdirməlidir. Daha sonra isə standart test imtahanlarına hazırlaşaraq, lazım olan nəticələri əldə etməlidir. Əlində hazır imtahan (IELTS/TOEFL, GRE/GMAT və s.) nəticəsi olmayan bir şəxsin universitetin verəcəyi təqaüd, təhsili bitirdikdən sonra iş tapmaq imkanları və s. suallarına ciddi yanaşmayacaqlar. Hər şey addım-addım, öz vaxtında edilməlidir”.

Günümüzün reallığına nəzər salanda görürük ki, gənclərimizin çoxu xarici təhsilə meyillidirlər. Onların bəziləri keyfiyyətli təhsil, digərləri dünyagörüşlərini artırmaq üçün, başqaları isə məhz  xarici ölkə görmək məqsədilə ölkədən uzaqlaşırlar.  Məkanından asılı olmayaraq istənilən universitet şəxsiyyət yetişdirə bilirmi?

Bəxtiyar Hacıyev öz “təhsil resepti”nə bu sualla bağlı fikirləri ilə davam edir.

“Əksər nüfuzlu universitetlər öz məzunlarını həyatda uğur qazanacaq, həm də bu uğuru  dürüstcə əldə edəcək şəxslər kimi yetişdirməyə çalışırlar. Bir çox nüfuzlu universitetlər anlayırlar ki, onların məzunları gələcəkdə müxtəlif  sahələr  üzrə qərarverici şəxslərə çevriləcək  və verəcəkləri qərarlardan asılı olaraq, başqalarının həyatlarında müsbət, yaxud mənfi dəyişikliklərə səbəb olacaqlar.

Məhz buna görə də universitet sadəcə tələbələri informasiya “yükləməyə” deyil,  həmin  informasiyadan  doğru istifadə edib, cəmiyyətin yararlana biləcəyi işlər görməyə istqamətləndirir.

Eyni zamanda, bir çox ali məktəblər son illərdə nəzərə alırlar ki, müasir dünyada hamının əlində və cibində Ağıllı telefonlar mövcuddur ki, onların  vasitəsi ilə bilgi əldə edib, onu yoxlamaq və xatırlamaq mümkündür.

Ona görə də  xaricdə universitetlər  bilgi əzbərlədən məkanlardan daha çox, bilgi idarə edib, onun əsasında qərar verib, iş görən məzunlar yetişdirən məkana çevrilirlər”.

Ümumiyyətlə, təhsil elə bir sahədir ki, orda sürətli inkişaf olmur. Tətbiq olunan bir proqramın nəticəsini görmək üçün azı 11 il lazımdır. Əsas məsələ təhsildə maraqlarımızı düzgün müəyyənləşdirməkdən ibarətdir. Biz bilməliyik ki, təhsil bizə həyatın hansı mərhələsində necə yardım olacaq. Müsahibimiz də elə bu maraqlardan söz açıb:

“Mənim təhsil aldığım Harvard Kennedi Məktəbinin şüarı sabiq ABŞ Prezidenti C.F.Kennedinin məşhur "Soruşma ki, ölkən sənin üçün nə edib, soruş ki, sən ölkən üçün nə edə bilərsən?" şüarı idi.

Tələbələri maraqlandıran əsas sual "məhəllədə, icmada, şəhərdə, ölkədə, dünyada nələri dəyişə bilərəm ki, dünya yaşamaq üçün daha gözəl yer olsun?" olurdu. Düşünürəm ki, Azərbaycanda da müxtəlif sahələrdə o qədər boşluqlar və problemlər var ki, o sahələr üzrə peşəkar və dürüst mütəxəssislərin yetişməsi və o sahələrə cəlb edilməsi vacibdir. Təhsildə marağın kökündə bu dəyərlər olduqdan sonra, digər maraqlar, o cümlədən şəxsi inkişaf, karyera, gəlir və s. özü zamanla gələcək”.

Hazırda xarici təhsil vəd edən şirkətlər, proqramlar çoxdur. Amma onun şəffaflığı bizə tam olaraq məlum deyil. Tələbələrin yanılmamaları üçün  müsahibimiz Bəxtiyar Hacıyevin  tövsiyələrini diqqətə çatdırırıq:

“Təəssüf ki, xarici təhsil üzrə  kifayət qədər dələduzlar, dələduz şirkətlər mövcuddur  və onlar gənclərin xaricdə təhsil arzularından istifadə edərək, onlara qarşı dələduzluq edir, fırıldaq yollarla onlara məxsus pulları mənimsəyirlər. Düşünürəm ki, xaricdə təhsil almağa hazırlaşan  gənc o qədər ayıq olmalıdır ki, həqiqətən də bu sahədə dürüst xidmət göstərənlərlə dələduzları ayıra bilsinlər. Onlar təhsil şirkətinin rəhbərliyində xaricdə oxuyanların olub-olmaması, əvvəlki illərdə kimlərə dəstək göstərməsi və digər məsələləri araşdıraraq, doğru şirkətləri seçə bilərlər. Bir də, anlamaq lazımdır ki, heç nə asanlıqla başa gəlmir. Əgər kimsə sizə "attestatla, imtahansız ABŞ-ın nüfuzlu universitetinə qəbul almışıq, təhsil haqqının yarısını indi ödəməlisiniz" desə, mütləq şübhə ilə yanaşın, araşdırın. Unutmayın ki, asan və pulsuz pendir sadəcə siçan tələsində olur”.

 Ayşə Müseyib