Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 14:20:00
"Ay Allah, universitetə qəbul olum, bu qapıdan sürünə-sürünə girəcəm" - Abituriyentlər pirlərə axın etdi

Bakının Mərdəkan qəsəbəsindəki “Pir Həsən” pirində hazırda basabasdır. Dövlət İmtahan Mərkəzinin ali məktəblərə sabahkı qəbul imtahanları ərəfəsində qələmlərini pirin kəraməti ilə “sehirləyən”, imtahan günü geyinəcəkləri paltarları, özləri ilə aparacaqları çantaları ziyarətgahın türbəsinə toxunduran abituriyentlər, bu əşyaları üfürüb dua oxuyan pir mollası, övladlarını imtahan ərəfəsi “çıldağ” elətdirib onları stressdən azad etmək istəyən valideyinlər, nevroz xəstəliyindən cəmi üç dəfə pirə baş çəkməklə sağalacağına inanan əsəbi qadınlar…

AzEdu.az xəbər verir ki, virtualaz.org-un məlumatına görə,  Cəlil Məmmədquluzadənin 20-ci əsrin əvvəllərində təsvir etdiklərindən ancaq formaca fərqlənən bu mənzərə 21-ci əsrdə yaşanır. 100 il keçsə də deyəsən dəyişən heç nə yoxdur. Azərbaycanlıların 100-150 il bundan qabaq olduğu kimi hələ də öz problemlərinə, dərdlərinə əlac tapmaq, uğur qazanmaq, varlanmaq, hətta avtomobil qəzalarından sığortalanmaq üçün pirin kəramətinə inanmasının köklərini araşdırmaq niyyətindən uzağıq. Amma “Pir Həsən” ziyarətgahında gördüklərimiz bunu deməyə əsas verir ki, dünyada elmin, texnologiyanın, səhiyyənin nə qədər irəli getməsinə baxmayaraq pirlərin, ziyarətgahların kəramətinə inanmımız azalmayıb, azalmayacaq…

“Pir Həsən” ocağı…

Əvvəlcə “Pir Həsən” ziyarətgahı haqqında məlumat verək: bura el arasında daha çox “çıldağ” kimi tanınır. Bərk qorxanlar, yaxud “bədnəzər” toxunanlar illərdir bu pirə üz tuturlar. Pirin girişində, dəmir hasarlarla əhatəyə alınan türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri yerləşir.

Elə Zeynəlabdin Tağıyevin də məzarı burdadır. Növbəti həyətdə isə insanların ziyarət etdiyi iki müqəddəs türbə yerləşir, onlardan biri Pir Həsənə məxsusdur. Rəvayətlərə görə, imamların nəslindən olan Pir Həsən XVII əsrdə yaşayıb və çıldağ onun dövründən qalıb. Niyyətlərinin reallaşması üçün ziyarətgahdan kömək istəyənlər 3 dəfə pirin başına fırlanırlar. İçəridə oturan yaşlı qadın qorxanları və ya nəzər dəyənləri çıldağ edir. Ziyarətgahı işlədənlər adlarını söyləmək istəməsələr də, suallara cavab verirlər.

“İmtahan qorxusunu dəf etdik...”

Pirdə “çıldağ” etdirmək üçün növbələr yaranıb, əksəriyyət cavanlardır. Bəzilərinin yaxınlarının təkidi ilə gəldiyi hiss olunur. Qadınlardan biri əminliklə deyir ki, imtahanöncəsi stressi götürmək üçün dava-dərmana heç bir ehtiyac yoxdur, 3 dəfə “çıldaq” olunandan sonra qorxu aradan qalxır.

“Böyük qızımı da imtahandan əvvəl gətirmişdim, maşallah, instituta qəbul olundu”, -onun dediklərinə “çıldağ” olunmaq üçün növbə gözləyənlər birağızdan haqq qazandırırlar. Pirə gələnlərin əksəriyyəti həkim tərəfindən “nevroz” diaqnozu qoyulanlardır. Belələri deyirlər ki, əsəb gərginliyi iki-üç ziyarətdən sonra tamamilə aradan qalxıb. Ziyarətgah əməkdaşı söyləyir ki, hələ qəzalardan sonra yatağa düşən, ağır xəstəlik keçirənləri və pirin kəraməti sayəsində sağalanları sadalamırlar. Deyilənə görə bu pirin kəramətindən qucaqda gəlib, yeriyə-yeriyə gedənlər saysız-hesabsızdır...

“Qələmi türbənin aşağısından keçirin”

Bizdən əvvəl növbədə dayanmış qadına belə təlimat verirlər. Ondan əvvəl isə daha bir prossesin şahidi və iştirakçısı oluruq. Nəzir qutusuna pul atandan sonra üzü türbəyə doğru dayanırıq. Qəfildən arxadan şüşə butulkanı daşın üstünə çırpırlar, səsdən diksinirik. Bununla da qorxu, gərginlik aradan qalxırmış...

İkinci türbə-yeddinci imam Musa əl-Kaziminin qızı Həzrəti Xədicə xanımın qəbri üzərində tikilən türbədir. Iddia olunur ki, Həzrəti Xədicə xanımın qardaşı-səkkizinci imam Rza əleyhisəlam Məşhəd şəhərində şəhid olandan sonra bacıları Həkimə, Rəhimə və Leyla ilə birgə Azərbaycana gəliblər. Türbələrin üzərindəki lövhədə onun memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə edildiyi qeyd olunub. İmtahana hazırlaşan isə abituriyent pirin başına fırlanır, sonra Qurani-Kərim və ələmin altından keçirilir. Daha sonra qələmi Həzrəti Xədicənin məzarındakı deşikdən keçirirlər, üfləyib, dua oxuyurlar. Qələm gətirməyənlər maykasını, köynəyini türbənin ətrafına sürtürlər.

Maşın almışam, açarı gətirdim ki…”

Ziyarətə gələnlərdən biri avtomobilin açarını daşın altına qoyur.Onun inancına görə avtomobilin açarını pirdə daşın altına qoymaqla yol qəzalarından sığortalanacaq: “Bundan qabaq da maşın alanda birinci pirə gəldim, xeyir-dua aldım. Neçə ildir bir dəfə də qəza törətməmişəm. Yeni maşın almışam, gəldim ki, xeyirli olsun”.

Pirin əməkdaşı deyir ki, xoş gündə gəlmişik, çünki bu gün edilən niyyətlər yerinə yetirilir. Ancaq məlum olur ki, pirin kəramətindən faydalanmaq üçün çantalarımızda nə qələm, nə yaylıq, nə başqa münasib əşyamız yoxdur. Ziyarətə gələnlərdən biri deyir ki, yaylıq nəzir deyək, niyyətimiz yerinə yetən kimi alıb pirə bağışlayaq.

Türbənin qarşısında qız dua edir: “Ay Allah, universitetə qəbul olum, bu qapıdan sürünə-sürünə girəcəm”. Anası isə məzarı öpür: “Ay Allah, sən özün kömək ol, imtahanda həyəcanlanmasın. Pulsuz fakültələrdən birinə düşsün…”

Bütün bu dualara amin deyirik və dahi Mirzə Cəlilin ruhuna rəhmət oxuya-oxuya “Pir Həsən” ziyarətgahını tərk edirik...