Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 14:37:06
 Tanınmış təhsil ekspertinin səhhəti ağırdır – “Xəstəyəm, danışa bilmirəm”

 

 “Mən xəstəyəm. Yataq şəraitindəyəm.  Danışa bilmirəm…”

Bu sözləri AzEdu.az-a açıqlamasında   təhsil üzrə ekspert, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.

O, eyni zamanda  yataq  rejimində  olduğunu  və danışacaq  gücünün qalmadığını vurğulayıb.

Əjdər Ağayevin səhhətinin pisləşməsinə dair sosial şəbəkələrdə də informasiyalar yayılıb. Belə ki, İmişli Rayon Təhsil Şöbəsinin sədri Vahid Tağıyev sosial şəbəkədə bu barədə məlumat  paylaşıb. Məlumatda bildirilir ki, təhsil eksperti ağır xəstəliyə yaxalanıb və vəziyyəti ürəkaçan deyil. 

Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub. Burada Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji göruşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək,  elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışıb. "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə edib. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub. Hazırda Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavinidir.

Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. 200-dək şeirə mahnı bəstələyib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları