Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 14:51:00
Şagird və müəllimlərə əlavə  üstünlüklər qazandıran siniflər-Əlavə maaş

Yeni tədris ilində Gəncə, Şirvan, Şəki və Quba rayonlarının orta ümumtəhsil müəssisələrində lisey siniflərinin fəaliyyətə başlaması, onların əhatə dairəsinin genişləndirilməsi mövzunu yenidən gündəmə gətirdi. Bu zaman övladını lisey siniflərinə yerləşdirənləri maraqlandıran əsas məsələ bu siniflərin nə kimi üstünlüklər vəd etməsi ilə bağlı idi. Valideynlər arasında lisey – məktəb müqayisələrinin geniş yayıldığını nəzərə alsaq, siniflərin sturukturu onları xeyli gündəmə gətirdi.

Lisey sinifləri şagird və müəllimlərə nə kimi üstünlüklər verir?

Bu siniflərin yaradılmaslında məqsəd nə idi?

AzEdu.az məlumat verir ki, orta ümumtəhsil müəssisələrinin lisey sinifləri hələ 2010-2011-ci tədris ilində yaradılıb. 2010-cu ildə verilən qərara əsaən, müxtəlif bölgələrdə yerləşən bəzi məktəblərə I sinfə şagird qəbulunu dayandırmaq, həmin siniflərin yaxınlıqda yerləşən digər məktəblərdə açılması və aidiyyəti müəllimlərin işlə təmin olunması istiqamətində tədbirlər görmək tapşırılıb.  Məqsəd onların gələcəkdə xüsusi istedada malik şagirdlər üçün V-XI sinifləri əhatə edən liseylərə çevrilməsi idi.

Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi, onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. İllər ötdükcə bu siniflərin sturuktur və şərtləri müəyyən qədər dəyişilsə də, mahiyyəti eyni qalır.

Lisey siniflərinə qəbul necə aparılır?

Yeni açılan lisey siniflərinə şagird qəbulu, əsasən VI, VII, VIII və IX siniflər üzrə aparılır. Bilik və bacarığı ilə seçilən və həmin lisey siniflərində oxumaq istəyənlər üçün imtahan keçirilir. Son 2 ildə Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər VII, VIII və IX siniflərə müsabiqəsiz qəbul edilirlər. 

Qəbul imtahanları Riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılır.

Lisey siniflərində təhsil dövlət hesabına həyata keçirilir.

Bu siniflərdə kimlər dərs deyir?

Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçilir. Növbəti illərdə bu siniflərə dərs deyəcək kadrların müsabiqə yolu ilə sçeilməsi planlaşdırılır.

Lisey siniflərinə dərs deyən müəllimlərin əməkhaqqına əlavələr nəzərdə tutulub?

Diaqnostik qiymətləndirilməsi aparılan, lisey siniflərində dərs deyən müəllimlər həmkarları ilə müqayisədə bir qədər çox əməkhaqqı alırlar.

Qanunvericiliyə görə, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, lisey və gimnaziyalarda, həmçinin ümumtəhsil müəssisələrinin lisey siniflərində tədris edilən dərs saatına görə əməkhaqqına onun 15 %-i qədər əlavə edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları