Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-25 09:19:00
Vəzifədən getdikdən sonra universitetlərdə çalışan sabiq məmurlar –Bəzisi rektor, bəzisi...

 

 Azərbaycan çağdaş dövlətçilik tarixinə nəzər salanda vaxtilə yüksək postlar tutanların siyahısında hazırda elmi fəaliyyətlə məşğul olan və ali məktəblərdə müxtəlif vəzifələrdə çalışan şəxsləri də görürük.

Sabiq Baş nazir Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinə prorektor təyin olunmasından sonra gündəmində bu kimi məsələlər daha da aktuallaşıb.

AzEdu.az vaxtilə yüksək vəzifə tutan və hazırda universitetlərdə çalışan bir sıra keçmiş məmuru diqqətə çatdırır:

Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləyib.

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib. Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur — "Fəxri Legion" ordeni ilə təltif edilib.

21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa verib.

Hazırda Azərbaycan Dillər Universitetində (ADU) Elmi məsələlər üzrə prorektor vəzifəsində çalışır.

Heydər Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun Mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC-red.) Uçot-iqtisad fakültəsini bitirib.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib. 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Vilayət Vəliyev 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsindən məzun olub.

1994-cü ildə Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Enerji İqtisadçıları Assosiasiyasının (IAEE) üzvü, 2017-ci ildə İdarə Heyətinin üzvü, 2018-ci ildə regional inkişaf məsələləri üzrə vitse-prezidenti seçilib.

1983-2009-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda (DNQYPİ) böyük laborant kimi işə başlayaraq, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, sektor müdiri və şöbə müdiri vəzifəsinə yüksəlib.

2003-2011-ci illərdə  AMEA-nın Geologiya İnstitutunda “Neft-Qaz Problemlərinin İqtisadi Tədqiqi” şöbəsinin müdiri işləyib.

“2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

90-cı illərin əvvəllərindən başlayaraq özəl və dövlət universitetlərində müəllim kimi fəaliyyət göstərir, 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Texniki Universitetinin rektorudur.

Elçin Babayev Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti-red.) bitirib.

O, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər direktor müavini, ŞAR "Günəş və Günəş-Yer əlaqələrinin fizikası" şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA "Azərbaycan Astronomiya Jurnalı"nın Baş redaktor müavini vəzifələrində çalışıb.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedoqoji fəaliyyətlə məşğul olub.

Elçin Babayev bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

Qərib Məmmədov işə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlayıb, sonra AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda kiçik elmi işçi (1972-1980), baş elmi işçi(1980-1984), laboratoriya rəhbəri(1984-1994), institutun direktoru (1994-2000) vəzifələrində işləyib.

Qərib Məmmədov I çağırış (1996) Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub. 2004-cü ildən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin, Torpaqşünaslıq kafedrasının müdiridir.

Əvəz Ələkbərov orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub 1973-cü ildə həmin institutun uçot-iqtisad fakültəsini bitirib. Bakı Baş tikinti idarəsində mühasib-hesabdar kimi işləyib.

1975-ci ildən Azərbaycan Kənd Tikinti Nazirliyində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini kimi çalışıb.

1981-ci ildən Azərbaycan Nazirlər Soveti İqtisadiyyat şöbəsində böyük referent və müdir müavini vəzifəsində işləyib. 1991-ci ildən yeni yaradılan Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri olub. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib.

1999-cı ildə Ümumimilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Maliyyə Naziri təyin edilib.

Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Asiya İnkişaf bankının Azərbaycan üzrə müdiri olub. Azərbaycan Beynəlxalq Bankı və Birləşmiş Universal Bankın (Kapital Bankın) müşahidə Şurasının Sədri olub.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiridir.

Nizami Xudiyev - Azərbaycan Dövlər Pedaqoji universitetinin rektoru olan professor 1996-cı ildə böyük vəzifəyə - Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə sədr təyin edildi. 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdı. Bir müddət Milli Məclisin deputatı kimi də fəaliyyət göstərdi.
Hazırda isə yenə də elmlə məşğuldur. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, olan Nizami Xudiyev 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. O, hazırda doğma universitetdə fəaliyyətini davam etdirir.

Saleh Məmmədov - 1992-93-cü illərdə Azərbaycanın maliyyə naziri olan Saleh Məmmədov artıq uzun müddətdir ki, gənc yaşlarından uğur qazandığı elm sahəsi ilə məşğuldur. O, maliyyə üzrə Azərbaycanın birinci elmlər doktoru, keçmiş SSRİ-də ən gənc maliyyə doktoru olub. Maliyyə və bank sahəsində müxtəlif dillərdə və ölkələrdə dərc olunan 500-dən çox monoqrafiya, dərslik, dərs vəsaitləri, jurnal və qəzet məqalələrinin müəllifidir, onun maliyyə, bank işi, sənayenin maliyyəsi kimi bir sıra predmetlər üzrə dərslikləri və dərs vəsaitləri nəinki Azərbaycan, eyni zamanda digər ölkələrin universitetləri tərəfindən istifadə olunur. Hazırda Dövlət İqtisadiyyat Universitetinin maliyyə kafedrasının professorudur.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları