Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 09:37:00
Ərəb Əmirliklərində oxuyan həmyerlimiz: "Müəllimlər 10 min manatdan çox maaş alırlar" -MÜSAHİBƏ

 

“Yalnız attestatla xarici universitetlərə qəbulun mümkün olduğunu bildirən təhsil şirkətləri də mövcuddur. Həmin xaricdə təhsil şirkətlərinin  vəd etdikləri universitetlər sadəcə, pul qazanmaq məqsədini güdən özəl ali məktəblərdir. Bu özəl universitetlər isə nəinki beynəlxalq,  hətta ölkə səviyyəsində də tanınmırlar”.

                                                                                                             ***

“Xaricdə təhsil şirkətlərinin fırıldaqçılığı müraciətçilərə ağlasığmaz təklifləriylə başlayır. Hər kəs təqribi də olsa, beynəlxalq səviyyədə tanınan universitetlərdən təqaüd qazanmaq üçün yüksək bal ortalaması lazım olduğunu bilir. Təhsil göstəricisi yüksək və ciddi nailiyyəti olmayan tələbəyə nüfuzlu universitetlərdən qəbul vədi verən şirkət sonda  keyfiyyətsiz xarici ali məktəblərdən qəbul almalı olur”

Bu sözləri AzEdu.az-a müsahibəsində Birləşmiş Ərəb Əmirliyində doktorantura səviyyəsində təhsil alan Cavad İsgəndərov deyir.

Cavadın öz dilindən təqdimatı: Mən, Cavad İsgəndərov 1995-ci ildə Ucarda anadan olmuşam. Orta təhsilimi 2012-ci ildə Bakı şəhəri, Sahil qəsəbəsi 319 nömrəli məktəbdə bitirmişəm. Daha sonra isə Bakı Ali Neft Məktəbində  Kimya mühəndisliyi fakültəsi üzrə bakalavr təhsili almışam. Bakalavr səviyyəsini bitirdikdən sonra Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində  magistr təhsilimi davam etdirdim. Hazırda isə təhsilimi Birləşmiş Ərəb Əmirliyinin Xəlifə Universitetində Kimya mühəndisliyi üzrə doktorantura səviyyəsində davam etdirirəm.

AzEdu.az Cavad İsgəndərovla müsahibəni təqdim edir:

Cavadı oxumaq üçün uzaq Şərq dünyasına aparan təhsil yolu və səbəbləri…

-Xaricdə təhsil almağımın bir neçə səbəbi var. Əvvəla, axtardığım təhsil proqramını ölkəmizdə tapa bilmədim. Sırf sənaye yönümlü təhsil istəmirdim və elmi istiqamətdə olanların keyfiyyətinə güvənmirdim. Xaricdə bir neçə universitetə müraciət etdim və təqaüd aldığım ali təhsil müəssisəsini seçdim. Xaricə getməyimin ən önəmli səbəbi müasir elmi araşdırmalarla iştirak etmək idi. Digər tərəfdən yeni bir mühit görmək və heç görmədiyim ölkədə yaşamaq idi.

Birləşmiş Ərəb Əmirliyində təqaüdlü təhsil almağın tələbləri

-BƏƏ-nin universitetləri dövlətdən çox güclü maddi dəstək alır və  bu səbəblə də xaricdən savadlı müəllimlər gətirə bilirlər. Son illərdə BƏƏ-nin universitetləri süni intellekt, nanotexnologiya  kimi ən müasir elmi araşdırmalara yönəliblər. Bu səbəbdən  BƏƏ-nin universitetlərinə qəbul şərtləri çox çətindir. Bu ölkənin universitetləri bakalavr səviyyəsi üzrə çox az sayda əcnəbi tələbələri qəbul edir. BƏƏ-də magistr və doktoranturaya qəbul üçün IELTS və ya TOEFL, riyazi bilikləri yoxlamaq üçün isə GRE sertifikatı tələb edilir. Onu da bildirim ki, ali məktəbdən qiymət ortalaması 4 ballıq sistem üzərindən minimum 3 bal olmalıdır.  Bu şərtlər ödəndikdən sonra isə müsahibə mərhələsi olur. Müsahibə mərhələsini də uğurla keçdikdən sonra  BƏƏ-nin universitetlərinə qəbul olmaq mümkündür.  

Cavad Azərbaycan və Birləşmiş Ərəb Əmirliyi təhsilini də müqayisə edir:

-Birləşmiş Ərəb Əmirliyində təhsil daha intensivdir.  Azərbaycanın universitetləri Birləşmiş Ərəb Əmirliyinin bakalavr səviyyəsində təhsil verən ali məktəbləri ilə rəqabət aparacaq səviyyədədir.  Orada bakalavr səviyyəsi üzrə təhsil alan tələbələrdən çox şey tələb olunmur; tələbələr üçün təşkil olan laboratoriya eksperimentlərini ölkəmizdə də tətbiq edən universitetlər var.

BƏƏ-də magistrantlar doktorantura tələbələriylə birgə işləyib, rahatlıqla məqalələr çap edə bilirlər. Diplom işi və bəzi ixtisas fənlərini isə özləri seçirlər.  Doktorantura və daha yüksək təhsil mərhələləri universitetin,  akademik işçilərin keyfiyyətindən çox asılıdır.

Oxuduğum universitetdə doktorantura səviyyəsində hazırlanan layihələrin böyük qismi şirkətlər tərəfindən maliyyə olunur. Bu proyektlər həmin şirkətlərin tətbiq etmək istədikləri innovativ texnologiyalarla bağlı olur.

Bu dəmdə Cavada sualımızı da ünvanlayırıq:

- Əvvəl Macarıstanda, hazırda isə Birləşmiş Ərəb Əmirliyində təhsil almaqdasan. Hansı ölkənin mühitinə öyrəşmək çətin oldu?  

-Macarıstanın mühiti kəskin deyil və ora getdiyim gün bir neçə azərbaycanlı tələbəylə tanış oldum. Bu ölkənin nəqliyyatı ucuz və rahat olduğu üçün şəhərləri gəzmək də sərfəli idi. Amma Birləşmiş Ərəb Əmirliyinin iqlimi gözlədiyimdən də sərt çıxdı. Yüksək temperaturla yanaşı rütubət də çox olduğu üçün yay aylarında açıq havada nəfəs almaq çətindir. BƏƏ-yə gəldiyim zaman heç kəsi tanımırdım və bu ilk günləri mənə daha da çətin etdi. Hazırda bir azərbaycanlı  və xeyli əcnəbi dostum var. Demək olar ki, BƏƏ-nə tam olaraq alışmışam.

-Cavad, ərəblərlə bağlı Azərbaycanda fikirlər birmənalı deyil. Ərəbistanda  yaşayan və ərəblərlə əlaqədə olan bir şəxs kimi onları necə xarakterizə edərdin?

-Əvvəla onu deyim ki, ərəblər Azərbaycan haqqında çox müsbət fikrə sahibdirlər. Birləşmiş Ərəb Əmirliyindəki ərəblər ölkəmizə ailəvi istirahət üçün səyahət  ediləcək yer kimi baxırlar. Bakı və Qubanı daha çox bəyənirlər. Ərəblər əcnəbilərlə ünsiyyətə çox can atmasalar  da, kobud deyillər. Burada yaşadığım müddətdə  natəmizliyin, mənfi halların şahidi olmamışam. Əksinə, tullantıları çeşidləmədə BƏƏ bir çox ölkəni üstələyir. Bu ölkənin hər binasında nəzərə çarpacaq qədər təmizlik işçiləri var. Onu da bildirim ki, BƏƏ-də cəmi 2 milyon ərəb yaşayır.

-Bəs ərəb təhsil sisteminin bəyənib və bəyənmədiyiniz tərəfləri nələrdir?

-BƏƏ təhsil sisteminin ən çox bəyəndiyim tərəfi elmi araşdırmalara önəm verməsi,  xarici tələbə və işçilərin çox olmasıdır.  Tələbələrin könüllü olaraq iştirak edə biləcəyi hər həftə çox sayda elmi konfranslar təşkil olunur. Həmin konfranslarda dünyanın hər yerindən mütəxəssis və araşdırmaçıların çıxışları olur. BƏƏ  təhsil sisteminin bəyənmədiyim tərəfi isə bakalavr səviyyəsində oxuyan tələbələrə qarşı tələbkar olunmamasıdır. Tələbələrə qarşı tələbkarlığın olmaması isə təhsil alanları tənbəlliyə sövq edir.

“BƏƏ-də əcnəbi müəllimlərə 10000 AZN və daha çox maaşı verilir”

BƏƏ-də təhsil alan tələbənin aylıq xərcləri və insanların sosial rifahı…

-BƏƏ-də mənzil xərcləri çoxdur. Bu ölkədə bir aylıq mənzil kirayəsi tək nəfər üçün bizim məzənnə ilə təqribən 1400 AZN-ə  qədər, yaşayış xərcləri isə 700 AZN civarında olur. BƏƏ-də təhsil işçilərinin maaşı çox yüksəkdir. Universitetdə dərs deyən əcnəbi vətəndaşlara 10000  AZN və daha yüksək maaş verilir. Təbii ki ölkədə hər kəs yüksək maaş almır. BƏƏ-də 700 manat və daha aşağı əmək haqqı alan işçilər də var. Lakin ali təhsilli işçilərin sosial rifahı çox yüksəkdir.

Cavad ərəb mətbəxindən də söz açır: 

-BƏƏ-nin mətbəxi Azərbaycan mətbəxinə çox da uzaq deyil. Amma çeşid olaraq  ölkəmizin mətbəxi qədər zəngin deyil. 

Bəs Cavadı Ərəbistanda təhsil aldığı müddətdə nələr onu təəccübləndirib? Özündən eşidək:

-BƏƏ-də yaşadığım müddətdə məni ən çox təəccübləndirən demək olar ki,  hər kəsin ingiliscə danışması olub. Macarıstanda yaşlı nəsil demək olar ki, heç ingiliscə danışa bilmirdi. Amma BƏƏ-də hər kəs ingiliscə bilir.

BƏƏ-dəki tələbə həyatının çətinlikləri…

-BƏƏ-də təhsil aldığım müddətdə tələbə kimi ilk çətinliyim həmyerlilərimizin az olması idi.  Həmçinin, effektli ictimai nəqliyyatın olmaması da çətinlik yaradır. Bu da ətrafı tanımaq və zəruri yerlərə getmək üçün saatlarla vaxt itkisinə səbəb olur. Elə buna görə də taksi istifadə etmək gərəkir ki, bu da əlavə xərcdir.

-Problemsiz həyat mümkün deyil. Xaricdə təhsil alan gənc üçün isə problem qaçılmazdı. Maraqlıdır, bəs Cavadın problemləri yarananda necə həll etməyə çalışır və ya kimə müraciət edir?

-Təbii ki, problemsiz həyat mümkün deyil. Şəxsən mən bütün xaricdə təhsil alan həmyerlilərimizə mümkün qədər dost tapmağı məsləhət görürəm. Problemim yarandığı müddətdə ilk olaraq buradakı dostlarıma müraciət edirəm. Daha ciddi problemlərlə üzləşdikdə isə universitetə müraciət etməli oluram. İstənilən halda təhsil aldığım hər iki xarici ölkədə universitet işçiləri problemlərə qarşı laqeyd yanaşmayıblar

-Xaricdə oxuyan oğlanların bəziləri müəyyən səbəblərdən hərbi xidməti yerinə yetirmirlər.  Bəs Cavad da bu cərgədəndir?

-Hərbi xidmətdən möhlət hüququ almışam. Təhsildə heç bir fasilə vermədiyim üçün möhlət hüququm uzadılır. Ümumiyyətlə, bu fakt bəzən qarışdırılır. Bir neçə il öncə çıxan qanunla magistr və doktorantura səviyyəsində oxuyan tələbələr təhsillərini bitirənə qədər möhlət hüququ ala bilirlər. Təbii ki, təhsilimi bitirdikdən sonra hərbi xidmətimi də yerinə yetirəcəyəm.

Cavad Macarıstan və BƏƏ-nin təhsilinə bələd olan biri kimi, iki ölkənin təhsil sisteminin fərqlərini də bildirir:

-Macarıstanın təhsil sisteminin inkişaf etməyə ehtiyacı olan sahələri çoxdur. Bu ölkənin yüksək səviyyədə təhsil verən bir neçə universiteti var. BƏƏ-lə müqayisədə Macarıstanda yerli tələbələrin dərs yükü əcnəbi tələbələrdən daha ağırdır. BƏƏ-də isə tələbələr arasında fərq qoyulmur. Macarıstanda bakalavr səviyyəsində təhsil alan tələbələrə daha ciddi yanaşılır və imtahanları daha çətin olur. Hazırda BƏƏ-də magistr və doktorantura səviyyəsində təhsil yaxşı təsis olunub. Bunun əsas səbəblərindən biri də Macarıstan müəllimlərin ingiliscə  yaxşı bilməməsidir. Bu halda magistr proqramları əcnəbi tələbələrə hər zaman yüksək keyfiyyətlə çatdırıla bilmir. Digər səbəb isə maliyyədir. BƏƏ-dəki universitetlər ingiliscə bilən kollektivə və güclü maddi texniki təminata sahibdir.

Maraqlıdır, Cavad hansı ölkələrdə təhsil almağı gənclərimizə tövsiyə edir?

-Gənclərə tövsiyəm odur ki,  ölkə seçmədən öncə təhsil alacaqları sahəni və uyğun universiteti seçsinlər. Bəzən universitetlər tədris etdikləri proqramları öz internet səhifələrində olduğundan daha yaxşı göstərməyə çalışırlar. Gənclərimiz müraciət etmədən öncə və qəbul aldıqdan sonra universitetdə təhsil alan və ya məzun olanlardan mütləq məlumat alsınlar.

Təhsil almaq  istədikləri fakültə xəyallarındakı və qəbul olduqları universitet yüksək keyfiyyətli olduqdan sonra istənilən ölkədə uğur qazanmaq mümkündür. Xüsusilə vurğulamaq istərdim ki, gənclərimiz xaricdə təhsil adıyla fırıldaqçılıq edən şirkətlərin toruna düşməsinlər. Növbəti illərdə Birləşmiş Ərəb Əmirliklərində təhsil almağa gələnlər üçün məmnuniyyətlə köməkçi olaram.

Bu məqamda sual:

-Cavad xaricdə təhsil alan gəncimiz kimi fikirlərin önəmlidir. Xaricdə təhsil şirkətlərinin fırıldaqlıqla məşğul olduğunu hansı detallardan bilmək lazımdır?

-Xaricdə təhsil şirkətlərinin fırıldaqçılığı müraciətçilərə ağlasığmaz təkliflərlə başlayır. Hər kəs təqribi də olsa beynəlxalq dərəcədə tanınan universitetlərdən təqaüd qazanmaq üçün yüksək bal ortalaması lazım olduğunu bilir. Təhsil göstəricisi yüksək və ciddi nailiyyəti olmayan tələbəyə nüfuzlu universitetlərdən qəbul vədi verən şirkət sonda  keyfiyyətsiz xarici ali məktəblərdən qəbul almalı olur. Həmçinin, Ukrayna və ya başqa ölkənin çox keyfiyyətsiz universitetindən qəbul almaqla kifayətlənir.

-Çox zaman bəzi xaricdə təhsil şirkətlərini yalnız attestata xarici universitetlərdə təhsil almağın mümkün olduğunu bildirirlər. Bu həqiqəti əks etdirirmi? Yəni yalnız attestatla təhsil almaq mümkündür?

-Abituriyent olduğum müddətdə də yalnız attestatla xaricdə təhsil vədi verən şirkətlər var idi. Həmin şirkətlərin vəd etdikləri universitetlər sadəcə pul qazanmaq məqsədi güdən özəl ali məktəblərdir. Bu özəl universitetlər çox zaman nəinki beynəlxalq həm də ölkə səviyyəsində belə tanımasından  söhbət gedə bilməz.  Həmin universitetlərdə təhsil almaq mümkün olsa belə iş tapmaq və ya akademik karyera qurmaq çox kiçik ehtimaldır.

Bəs Cavad təhsilini tamamladıqdan sonra ölkəyə qayıtmağı düşünür?

-Təhsilimi bitirdikdən dərhal sonra ölkəmizdə işləməyə başlayacağımı deyə bilmərəm. Amma qayıtmağı düşünürəm.

Maraqlıdır, o, təhsilinin qarşılığında istədiyi işi tapmadıqdan və ya az maaş aldıqdan sonra vətəndə qalmağı düşünəcək?

-Bu barədə düşünmüşəm. İstədiyim işi tapa bilməsəm ölkəmizdə öz işimi qurana qədər xaricdə qala bilərəm. Ancaq hər halda gedişatın müsbət tərzdə olacağına inanıram.

Cavadın monoloqu:  

-Gənclərimizə gələcək həyatlarında uğurlar arzulayıram. Ölkə daxilində təhsil alaraq da uğur qazanmaq mümkündür. Yetər ki, gənclərimiz ümidlərini itirməsinlər və özlərini inkişaf etdirsinlər.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları