Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 12:30:00
Səfir Lənkəran Dövlət Universitetində - FOTOLAR

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani    Lənkəranda keçiriləcək İndoneziyanın  Mədəniyyəti Proqramı çərçivəsində   Lənkəran Dövlət Universitetində  (LDU)  olub.

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov   Azərbaycan və İndoneziya dövlətləri  arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb. O, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı danışıb,  dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumlarla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

N.İbrahimov son iki ildə universitetdə müəllimlər üçün xidməti mənzillərin  tikildiyini, turizm tədris bazasının, yardımçı təsərrüfatın yaradıldığını,yeni tədris korpuslarının və tələbə yataqxanasının inşa edildiyini səfirin diqqətinə çatdırıb.

Professor bildirib ki, bu görüş LDU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafına, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacaq.

Səfir təmsil etdiyi ölkə, onun təhsil şəbəkəsi haqqında  məlumat verib, xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduğunu  vurğulayıb. Görüşdə o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra  indoneziyalı diplomat LDU-nun  akt zalında  professor-müəllim heyəti və tələbələrlə görüşüb, onlara mühazirə oxuyub. O, İndoneziyanın adət-ənənələri, milli mətbəxi, paytaxtı haqqında ətraflı məlumat verərək, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin tarixindən və inkişafından söhbət açıb.

H.Fanani bildirib ki, Azərbaycan ilə İndoneziya arasında əlaqələr yüksələn xətlə inkişaf edir:” Bu gün ölkələrimiz müxtəlif layihələrdə birgə iştirak etməklə dünyada sülh, dözümlülük və demokratiya kimi dəyərləri fəal şəkildə təbliğ edirlər”.