Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 16:51:12
“Ayrıca təhsil kanalı açılmalı, yaxşı alimlər veriliş aparmalıdırlar” – Ekspertdən vacib təklif

“Yeni təhsil kanalının yaradılması İdman Azərbaycan və Günəş Tv-nin fəaliyyətindən daha vacibdir” 

Bu sözləri AzEdu.az-a açıqlamasında teletənqidçi, professor  Qulu Məhərrəmov deyib. Onun sözlərinə görə, dünya təcrübəsində ixtisaslaşmış kanallar digərlərinə nisbətən daha effektivdir:

“İdman Azərbaycan, Mədəniyyət və ya Günəş Tv müəyyən mənada özünü doğruldur. SSRİ məkanında ayrıca tədris və təhsil kanalı fəaliyyət göstərirdi. Maarifləndirici proqramlar var idi. Yaponiya kimi böyük dövlətin birinci kanalı ictimai televiziyadırsa, ikincisi ayrıca təhsil kanalıdır. Azərbaycanda da buna çox ehtiyac var. Bəziləri zənn edir ki, Mədəniyyət Tv-də səhərdən axşamacan konsert verilməlidir. Bu, çox bəsit yanaşmadır. Mədəniyyət böyük anlayışdır. Eləcə də təhsil. Öyrətməyi qarşısına məqsəd qoyan kanalın əhatə dairəsi geniş olmalıdır. İngilis dili dərsindən tutmuş  informasiya komunikasiya texnologiyalarına qədər böyük bir sahədə geniş bilik axınını əhatə etməlidir. İndiki uşaqlar kitab oxumağa çox tənbəldirlər. Halbuki canlı, öyrədici proqramların olmağı uşaqlar, böyüklər və yaşlılar üçün vacibdir”.

Qulu Məhərrəmli onu da qeyd edib ki, təhsil kanalı ilə yanaşı ixtisaslaşmış, təhsili gözəl bilən, elmin müxtəlif sahələrini kütləviləşdirib cəmiyyətə çatdıran jurnalistlərə, müəllimlərə də ehtiyac var:

“Vaxtilə bunları Azad Mircəzanzadə, Xudu Məmmədov edirdi. Eynşteynin özü biliklərinin kütləviləşdiriməsiylə məşğul olub. Məşhur alimlər veriliş aparsa, çox gözəl olar. Təəssüf ki, Azərbaycanda peşəkarlıq səviyyəsi getdikcə zəifləyir. Lakin  axtarılsa, yaxşı redaktorlarımız, alimlərimiz var. Biz həmişə hazır qəliblər axtarırıq. Özümüz zəhmət çəkib  aparıcıları, redaktorları, jurnalistləri formalaşdırmaq istəmirik”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları