Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 14:36:14
Müəllim ADU rəhbərliyini məhkəməyə verir - 3600 dollarlıq qalmaqal  

Ötən il Azərbaycan Dillər Universitetində ABŞ səfirliyi ilə birgə həyata keçirilən layihədə iştirak edən müəllim universiteti məhkəməyə verməyə hazırlaşır.

AzEdu.az xəbər verir ki, bu barədə BakuPost-a sözügedən layihədə iştirak etmiş müəllim, filologiya üzrə fəlsəfə doktoru Lalə Qasımova məlumat verib. Müəllimin iddiasına görə, buna səbəb ADU-nun ona borclu olduğu 3564 dolları verməkdən imtina etməsidir.  

Belə ki, L. Qasımovanın sözlərinə görə, ötən ilin yay aylarında ABŞ səfirliyinin sifarişi və maliyyələşdirilməsi əsasında ADU-da CLS proqramı çərçivəsində Amerikadan gəlmiş tələbələrə türk dili dərsləri keçirilib. "CLS Türkish” proqramı çərçivəsində 8 həftə ərzində tələbələrə 228 saat türk dili dərsi keçirilməsi və bunun da müqabilində müəllim Lalə Qasımovaya universitetin ümumilikdə 7524 ABŞ dolları ödəməsi nəzərdə tutulub. Bununla bağlı universitetin prorektoru Jalə Qəribova ilə müəllim arasında 2 ayrı müqavilə də imzalanıb. 

L. Qasımova qeyd edib ki, aylardan biri Ramazan ayına təsadüf etdiyindən dərs saatı 108, digər ay isə 120 saat olub. Şifahi olaraq müəllimə hər bir dərsin 33 dollardan hesablanacağı deyilib. Lakin bir müddət sonra L. Qasımovaya müqavilənin birinin ləğv edildiyi bildirilib və ona ikinci müqavilə ilə nəzərdə tutulan 3960 ABŞ dollar ödənilib. Yəni, iddiaya görə, universitet bir ayın pulunu ödəməkdən imtina edib: 

"Biz dərslər başlayandan bir neçə gün sonra müqavilə imzaladıq. Amma bu müqavilənin surəti bizə verilmədi. Ayın sonu maaşlar hesaba yatanda mənə bir müqavilə verdilər. O da bankın tələbi ilə. Dedim digəri hanı, dedilər ki, ikisi də budur. Baxdım ki, ancaq bir aylıq müqaviləni veriblər. Yəni 108 saatlıq müqaviləni verməyiblər. Halbuki bizə 2 ayrı müqavilə imzalatdırıblar. Mən orada heç nə demədim. Sonra gedib bildirdim ki, axı biz belə müqavilə imzalamamışıq. Cavab verdilər ki, müqavilənin biri səhv olub. Dedilər, biz o müqaviləni cırmışıq, gətirin, sizinkini də cıraq. Mən başa düşmürəm ki, necə olur, eyni vaxtda imzalanan müqavilələrdən biri səhv olur, biri düz. Mənə də xəbər edilmədən müqavilənin birini ləğv etmək nə dərəcədə düzgündür? Bundan başqa, mənə 120 saatın yerinə yetirilməsini əks etdirən akt göndərdilər. Məndən imzalamağımı istədilər. Amma mən imzalamadım. 

Bunların indiki hesablamasına görə dərslərin 37 dollardan hesablandığı görünür”.

L. Qasımlı məsələ ilə bağlı universitetin rektoru Kamal Abdullaya müraciət ərizəsi yazıb, onun bu fakta diqqət çəkməsini istəyib. Lakin universitet rəhbərliyindən onu qane edən cavab verilməyib. Buna görə də  Qasımlı məsələ ilə bağlı daha yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalıb. 

O, birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib, eyni zamanda ADU-nu məhkəməyə verməyə hazırlaşdığını bildirib.  

Məsələ ilə bağlı Azərbaycan Dillər Universitetindən BakuPost-a açıqlama verilib. Universitetin mətbuat xidmətindən saytımıza verilən məlumatda müqavilənin ləğv olunma səbəbi belə açıqlanıb: "Vətəndaş Lalə Qasımova 2017-ci ildə CLS türk dili proqramında türk dili dərsi demək üçün cəlb olunub və ona qrupların birində (Başlanğıc səviyyə) 108 saat dərs demək təklif edilib. (Hər qrupda həftədə 20 saat olmaqla, ümumilikdə 160 saat dərs nəzərdə tutulur).  

Proqram başladıqdan sonra Lalə Qasımovanın dərs saatlarında dəyişiklik edilib və onun dərsləri 108 saatdan 120 saata qədər artırılıb. Buna görə də 108 saatlıq müqavilə ləğv edilərək 120 saatlıq müqavilə ilə əvəz edilib. Bu haqda Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla əmr imzalayıb. Xidməti müqavilədə bir saatlıq xidmətin dəyəri 33 ABŞ dolları olaraq müəyyən edilib. Bildiyiniz kimi, xidmət müqaviləsində bir saat xronoloji saat (60 dəqiqə) olaraq müəyyən edilir. Bu, Amerika Şurası ilə bağladığımız anlaşmanın da şərtləri çərçivəsindədir. Lalə Qasımovanın dəqiqələr üzrə hesablayıb imzaladığı təhvil-təslim aktı da (6560 dəqiqə) mövcuddur. Lalə Qasımova, özünün iddia etdiyi kimi, hər hansı təhvil-təslim aktı imzalamağa məcbur edilməyib. Təhvil-təslim aktı müqavilənin tərkib hissəsidir. Tərəfimizdən Lalə Qasımovaya, imzalaması üçün 120 saatın yerinə yetirilməsini əks etdirən təhvil-təslim aktı göndərilib (müqavilə bağladığımız bütün tərəflərə göndərildiyi kimi), amma o bunu imzalamaqdan imtina edib. Lakin Lalə Qasımova sonradan özünün tərtib etdiyi təhvil-təslim aktını imzalayıb göndərib və bu təhvil-təslim aktının bizim göndərdiyimizi aktdan fərqi yerinə yetirilən xidmət müddətinin dəqiqələrlə ifadə edilməsi olub.  

Lalə Qasımovanın təqdim etdiyi təhvil-təslim aktındakı 6560 dəqiqə təqribən 109 saata bərabərdir. Lalə Qasımovaya 109 saatın deyil, 120 saatın haqqı ödənilib. Bunun səbəbi isə Lalə Qasımovanın qeyd etdiyi kimi saatların bir yerə 33 ABŞ dolları, digər yerdə isə 37 ABŞ dolları olaraq hesablanması deyil, bayram günlərinin də nəzərə alınması olub. Bir daha qeyd etmək istərdik ki, Lalə Qasımovanın 108 saatlıq müqaviləsinə xitam verilib və bu 108 saatlıq müqavilə qüvvədə deyil. Bu barədə Lalə xanım dərhal məlumatlandırılıb”.  

Universitetdən bildirilib ki, Lalə Qasımova Azərbaycan Dillər Universitetinin və onun əməkdaşlarının nüfuzuna və şərəfinə xələl gətirmə cəhdlərini davam etdirdiyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində, bu hərəkətə son qoyulması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək.