Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 13:54:00
Qullar yetişdirən təhsil sistemi – Qadına baxmaq qadağası, işgəncə, istismar...

Şimali Koreya hər nə qədər qapalı ölkə olsa da, bütün dünyanın diqqətini cəlb edir. Bəlkə də bu ölkəyə marağın həddindən artıq olması onun çox qapalı olmasından irəli gəlir.

Yəqin ki, kimdən soruşsan Şimali Koreyaya səfər etmək arzusunda olduğunu bildirər.

Bu ölkə hərbi gücünə və nüvə silahlarına görə seçilsə də, iqtisadi gücü çox zəifdir. Sanksiya girdabında boğulur, buna rəğmən ABŞ və onun müttəfiqləri ilə də düşmən münasibətdədir.

Bu ölkənin iqtisadi, siyasi zəifliyini müxtəlif müqayisəli statistik məlumatlarla göstərmək olar.

Lakin biz bu yazımızda dünyanın ən qapalı ölkəsinin təhsil sistemindən bəhs edəcəyik.

AzEdu.az “Qadağalar ölkəsi”nin təhsil sistemini araşdırıb.

Şimali Koreyanın təhsil sistemi haqqında...

Şimali Koreyada 5 yaşdan etibarən təhsil icbari hesab olunur. Uşaqlar 5 yaşından bağçaya getməyə məcburdurlar. Ölkədə təhsil ödənişsizdir və 12 ildir.  Əsilzadə övladları orta məktəbi bitirdikdən sonra xüsusi institutlarda zabit olmaq üçün yetişdirilirlər. Musiqi, iqtisadiyyat və kompüter ixtisaslarına yiyələnmək də mümkündür. Şimali Koreyada oxuma-yazma bilənlər ölkənin 99 %-ni təşkil edir.

Hər məktəbin divarlarında xüsusi cədvəllərdən istifadə olunur. Hazırda təqdim edəcəyimiz bu cədvəldə hər bir şagirdin bilməli olduğu 10 qayda öz əksini tapıb.

1.Kim İr Sen ( Koreya Xalq Demokratik Respublikasının qurucusu), onun oğlu, Kim Çen İr və onun oğlu, Şimali Koreyanın hazırkı lideri Kim Çen Ina hörmətlə yanaşın.

2. Təhsil aldığınız qrupu həyatda ən vacib məqam olaraq görün.

3. Liderlərimizi sevməlisiniz.

4. Heç kimə hörmətdə qüsur etməyin.

5. Bir-birinizlə danışarkən nəzakət qaydalarına əməl edin.

6. Cəmiyyət daxilində də bu qaydalara riayət edin.

7. Yol nəqliyyat qaydalarını daim diqqətdə saxlayın.

8. Məktəbdəsinizsə, qaydalara əməl etmək məcburiyyətindəsiniz.

9. Hər zaman təmiz olmalı və ətraf mühitin təmizliyini qorumalısınız.

10. Hər biriniz Çuxçe ideologiyasının (Şimali Koreya liderinin ideologiyası) təbliğatçısı olmalısınız.

Digər cədvəldə əks olunan sözlər isə belədir:

“Kim Çen Inə sadiq əsgərlər olaq”.

Sadəcə iki cədvəldən də göründüyü kimi Şimali Koreyada təhsil ideoloji məqsədlərə xidmət edir. Amma necə deyərlər bu, aysberqin sadəcə görünən tərəfidir.

Ölkənin ən qabaqcıl universiteti paytaxt Pxenyanda yerləşir. Beynəlxalq Münasibətlər adlı ali məktəb diplomatlar yetişdirir. Ölkədə gələcəyin proqramçılarını hazırlayan Texnologiya Universiteti də var.

Şimali Koreyada dərs saatlarından sonrakı asudə vaxta xüsusi əhəmiyyət verilir. Bu, şagirdlərin ailə və cəmiyyət münasibətlərinin inkişaf etdirilməsi istiqamətində atılan addımdır. Uşaqda şəxsiyyətin inkişafına həssas yanaşmaq əsas məsələdir. Şagirdlərin bu cür yetişdirilməsi sosial təhsil proqramına aid edilir. Sosial təhsil alan şagirdlərə pisliklərdən qorunmağın yolları öyrədilir. Şimali Koreya dövlətinin əsas ideyasına görə, uşaqların savadlı, iradələri və fiziki cəhətdən güclü olmaları üçün yalnız məktəb yetərli deyil. Şagirdlərin məktəbdən sonrakı boş saatlarını dəyərləndirmək lazımdır.

Şimali Koreyda təhsil ömür boyu davam edir. Daha aydın izah etməli olsaq, Şimali Koreyada bəziləri üçün ömür boyu davam edən, sadəcə işgəncədir. Təhsillə bağlı qeyd etdiyimiz hər normal görünən qayda demək olar ki,  əsilzadə övladlarına aid edilir.

Aysberqin görünməyən tərəfi

Bu ölkədə hökumət ailədaxili münaqişələrə müdaxilə etmir. Bu səbəbdən də, qadına şiddətin ən çox rast gəlindiyi yerlərdən biridir. Məktəblərdə də eyni vəziyyət müşahidə olunur.

İngilislərin apardığı araşdırmalarda qeyd olunur ki, Şimali Koreya məktəblərində təhsil alan şagirdlər  ağır fiziki işlər görməyə məcbur edilirlər. Onlar bir-birləri ilə sadəcə yeməkdən-yeməyə vaxt keçirmək şansına sahibdir. Üstəlik, diktatura şəraiti hökm sürən ölkədə hökumətə qarşı çıxmaq istəsəniz, sizin günahlarınızı uşaqlarınız ödəməyə məhkumdur. Hökumətə qarşı çıxan ailələr övladları ilə birgə həbsxana düşərgələrinə sürgün edilirlər. Sürgündə təhsildən uzaqlaşdırılan uşaqların başlarına gətirən oyunları təqdim etməmişdən öncə bir ingilis tələbənin 4 aylıq Şimali Koreya səfərindən yadda qalan xatirələrini diqqətə çatdırırıq:

“Səhər məktəbə gedərkən bütün şagirdlər Kim Çen İrin 6 metrlik heykəlinin önündən keçirdi. Hörmət əlaməti olaraq hər birimiz heykəlin önündə düzülüb əyilmək məcburiyətindəydik. “Salam” verdikdən sonra məktəbə yollanırdıq. Yolda hər kəs sevincli şəkildə söhbət edir, deyib gülürdü. Amma heykələ yaxınlaşan kimi hamı susur, söhbətlər qəfil kəsilirdi. Papaqlar, çantalar çıxarıldıqdan sonra heykəllə salamlaşmaq lazım idi. Sonra söhbət qaldığı yerdən davam edirdi. Buna ilk dəfə şahidlik edəndə çox təəccübləndim, həm də qorxdum.

Şagirdlərdən bir neçəsi  ingiliscə danışırdı. Çinli şagirdlər də az deyildi. Mənim məhdud koreya dili bilgilərim və onların məhdud ingilis dili bilgiləriylə çox çətin də olsa bir-birimizi başa düşürdük.

Şagirdlərin böyük hissəsi xaricdəki həyata, mənim həyatıma böyük maraq göstərirdilər. Bəziləri isə ümumiyyətlə maraqlanmırdı.

“Həbsxana təhsil  düşərgəsi...”

Bir dəfə onlara “amerikalılar şimali koreyalıların siyasi məhbuslarını sürgünə göndərdiyini deyirlər”- dedim. Qrupdakı bir qız “bəli, amerikalıların belə dediyini bilirəm. Amma onlar yaponların bizi əsir etdikləri kimi sürgün edilmir. Onların göndərildiyi düşərgələr təhsil düşərgəsidir. Bir insan liderin siyasi düşüncələrini anlamırsa, o zaman bunu ona öyrətmək lazımdır”- deyə cavab verdi.

Şagirdlərlə hər mövzuda söhbət edirdik. Qərbdəki gənclərin evlənməmişdən əvvəl başqalarıyla cinsi əlaqədə olması cəmiyyət tərəfindən qəbul edilmir. Geyim tərzləri də olduqca sadədir. Şimali Koreyalılar solçu adlandırılır. Bu doğrudur, çünki Şimali Koreya kommunist-sosialist bir dövlətdir. Əxlaqi cəhətdən isə tamamilə sağçı və mühafizəkardırlar. 

Məktəb düşərgəsində  xarici şagirdlərlə məşğul olmaları üçün seçilmiş xüsusi qız şagirdlər var idi. Onlar bizə təhsil barədə yardımçı olmaq üçün göndərilmişdilər. Əslində isə bu yolla təqib olunurduq.

Küçədən keçən hər hansı qadınla heç bir şəkildə ünsiyyətə girmək olmaz. Bir dəfə yolun kənarında iki gözəl qız gördüm. Yanımdakı koreyalı dostuma gedib onlarla danışmağımızı təklif etdim. “Yox, olmaz! Biz burda belə şeylər etmirik”-dedi və məni qoyub arxasına belə baxmadan getdi.

“Ölkən barədə bildiyin hər şeyi danış!”

Hərbi akademiyada təhsil alan 25-30 yaşlarında bir dostum var idi. Ora getdiyimdə məni qollarımdan tutdu, yerimə oturtdu və “ölkənlə bağlı bildiyin hər şeyi danış!” - dedi.

“Nə bilmək istəyirsən?”- deyə soruşdum.

“Sən də orduda xidmət edirsən? -deyə sual verdi.

Şagird olduğumu dedikdən sonra insanların neçə yaşında əsgərə getdikləriylə maraqlandı.

“Biz sizin kimi əsgərlik çəkmirik”- dedim.

Donub qaldı. “Sizin ölkənizdəkilər vətənlərini müdafiə etmək istəmirlər?” - deyə qarşılıq verdi. 

Ona ölkəmdə hazırda müharibənin olmadığını və zabitliyin də insanlara məcbur edilmədiyini izah etdim. 

Xalq, əsasən də şagird və tələbələr Amerikaya  nifrət edirlər”.

Yeri gəlmişkən, amerikalı bir tələbə isə Şimali Koreya təhsili haqqında xatirələrində  qeyd edir ki, şagirdlər məktəbdə tez-tez döyülürlər və Şimali Koreya təhsil sistemi gələcəyin qullarını yetişdirir.

“Yer kürəsinin cəhənnəmi”

Təhsildən uzaqlaşdırılaraq sürgün edilən şagirdlərin başına gələnləri əsrin faciəsi adlandırmaq olar. Bu uşaqlar təhlükəli, ölümcül şərtlər altında zor gücü ilə qul kimi işlədilirlər.

Yetkinlik yaşına çatan qızlar həbsxanada nəzarətçilər tərəfindən cinsi istismara məruz qalırlar. Qaçmağa çalışanlar isə qeyri-adi qaydalarla işgəncə edilərək edam olunur. Bu düşərgələrə yer kürəsinin cəhənnəmi adı verilib.

Şagirdlərin burada saxlanılmalarında məqsəd onları öldürənə qədər işlətməkdir.  Bu işləri görmək üçün ən azı  qayaları parçalamaq, ağac kəsmək və məhsul toplamaq qədər fiziki gücünüz olmalıdır.

Şimali Koreyada uşağın normal yaşaması və təhsil almasının tək yolu onun əsilzadə ailəsinə mənsub olmasıdır. Əsilzadə övladları ən yaxşı məktəblərdə təhsil alırlar. 

Sonda isə ingilis şagirdin 4 aylıq səfər barədə yazdığı bir neçə cümləni təqdim edirik:

“Təhsil aldığım müddət ərzində təqib edildiyimi bilirdim. 4 ay boyunca cəmiyyətdən təcrid olunmuş şəkildə yaşadım. Halbuki, onlar 60  ildir, dünyadan təcrid edilmiş vəziyyətdə yaşayırlar. 4 aylıq səfərimdən sonra Pekinə yollandım. Bir parkda oturdum. 3 saat sadəcə ayaqlarıma baxdım. Çünki bambaşqa bir mühit var idi və bu cür dəyişimi dərk edə bilməmişdim”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları