Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 14:16:44
Məktəblilər arasında mühəndis və robot texnikası yarışı keçiriləcək

Mayın 12-də Təhsil Nazirliyi, " ADA" Universiteti, "Mars Academy"MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilər arasında "First LEGO League (FLL) Azərbaycan" mühəndis və robot texnikası yarışına start veriləcək.

AzEdu.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova bu gün keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, hər il dünyanın 80-dən artıq ölkəsində 250 min məktəblinin cəlb olunduğu FLL bu il Azərbaycanda təşkil olunacaq: "MDB məkanında FLL formatında ilk müsabiqə 2005-ci ildə Azərbaycanda "Robotlar Missiyası " layihəsi çərçivəsində keçirilib. Bu cür layihələrin keçirilməsində əsas məqsəd İKT bacarıqların formalaşdırılmasında dəstək olmaqdır". 

A. Həsənova informasiya cəmiyyətinin inkişafı haqqında məlumat verərək İKT bacarıqlarının təhsildə genişləndirilməsi üçün bir sıra işlər görüldüyünü qeyd edib: "Ötən il 6 mindən çox müəllimin İKT bacarıqları yoxlanılıb və aşağı olduğu ortaya çıxıb. Buna görə, məktəbdənkənar təhsil müəssisələrinin müəllim heyəti üçün İKT bacarıqlarının artırılması istiqamətində təlimlər başladılıb. 200-dək müəllimə İKT bacarıqları, internet resurslarından istifadə qaydaları öyrədilir". 

A. Həsənova İKT bacarıqlarının əhəmiyyətini vurğulayaraq məktəbdənkənar təhsillə bağlı 8 istiqamət üzrə 3 illik yeni tədris proqramlarının hazırlandığını deyib. 

ADA universitetinin İnformasiya texnologiyaları və Mühəndislik institutunun rektor əvəzi Araz Yusubov isə sabah start veriləcək yarışların ADA universitetində keçiriləcəyini deyib və FLL layihəsinin komponentləri haqqında qısa məlumat verib. O bildirib ki, dünyanın 88 ölkəsində keçirilən FLL hər il təşkil edilən qlobal yarışdır: "FLL yarışları həm ibtidai, həm də orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Burada əsas məqsəd gənclərin təbiət fənləri və texnologiyalara marağını oyatmaqdır. Bu yarışda çempion olan məktəb komandası 6-8 iyunda Estoniyanın paytaxtı Tallində keçiriləcək Açıq Beynəlxalq Turnirdə iştirak etmək şansı qazanacaq".

"Mars Academy" MMC-nin direktoru Şeyda Allahverdiyeva isə bildirib ki, yarışlarda həm özəl, həm də dövlət təhsil müəssisələri iştirak edir: "Builki yarışın mövzusu "Hidrodinamika: suyun səyahəti"dir. FLL çərçivəsində hər komandada 4 məktəbli olmaqla, 12 komanda əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı olmaqla, 4 kateqoriya üzrə gücünü sınayacaq. Sonda iştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar isə kuboklarla təltif olunacaq". 

Türkiyə "Bilim Kahramanları" dərnəyinin üzvü Hakan Habib deyib ki, hər il mindən çox könüllü bu layihəyə dəstək olur: "Ümid edirəm ki, gələcəkdə Azərbaycanda bu layihəyə dəstək genişləndiriləcək. Hər kəsin töhfə verməli olduğu bir layihədir".