Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-14 11:17:00
Yalnız bu müəllimlərin çalışma müddəti 5 ildən artıq uzadıla bilər- Vacib məsələ

Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 65 yaşına çatmış müəllimin həmin məktəbdə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına isə yol verilmir.

Bəs, hansı müəllimlərin çalışma müddəti 5 ildən artıq uzadıla bilər?

AzEdu.az məlumat verir ki, bu məsələ Əmək Məcəlləsinin 10-cu maddəsinin 1.3-cü bəndi ilə nizamlanır. Qanunvericiliyə əsasən, bir qrup müəllimlərin çalışmanın yaş həddinin 5 ildən çox uzadılmasın icazə verilir.

Elm, təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər.

Belə müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanılması ərazi maliyyə-hesablaşma mərkəzləri (ƏMHM) və rayon təhsil şöbələrinin (RTŞ) birgə razılığı əsasında həyata keçirilir.

Qeyd edək ki, məktəbdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.

Məktəbin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Məktəb işçilərinin sayı 100-dən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.

Məktəbdə işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları