Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 16:57:00
Məktəblərdə konstitusiya fənni niyə keçirilmədi?-“Bu,praktiki hüquq öyrənməyə deyil, əzbərə yönəldilmişdi”

Bu gün ölkəmizdə müstəqil Azərbaycanın ilk Konstitusiyasının 24 illiyi qeyd olunur.

Bəs, ölkə məktəblərində şagirdlərə konstitusion biliklər nə dərəcədə aşılanır?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Astara rayon Qapıçıməhəllə kənd orta məktəbinin Tarix müəllimi Həbib Əlizadə Konstitusiyanın orta məktəb proqramındakı hazırkı yerini belə izah edir:

“Əvvəl orta məktəblərdə İnsan və Cəmiyyət, İqtisadiyyat və Konstitusiya fənləri var idi. Bu üç fənn ləğv edilib, tərkiblərindəki məlumatlar minimallaşdırılaraq Həyat bilgisinə daxil edildi. Bu fənn IX sinfə qədər tədris olunur.

Buna görə də, əksər Tarix müəllimləri VIII-IX sinif şagirdlərinə Həyat bilgisini tədris edirlər. Onun içərisində həm yol hərəkətləri, həm də iqtisadi, həm ailə dəyərləri ilə bağlı bilik və məlumatlar əks olunub”.

“Bu proqram bir vətəndaşın öz hüquqlarını bilməsi üçün kifayət etmir”.

Həbib müəllimin sözlərinə görə, bu proqramla konstitusion biliklərin şagirdə mənimsədilməsi müəllimin bacarıqlarından asılı olur:

“Çünki bütün istiqamətlər üzrə məlumatlar kitaba minimallaşdırılaraq salınıb. Onun mükəmməl tədrisi müəllimin əlavə biliklərindən asılıdır.

Təbii ki, bu proqram bir vətəndaşın öz hüquqlarını bilməsi üçün kifayət etmir. Yazılanlar minimal olaraq VIII-IX sinif şagirdinin hüquqlarını bilməsi üçün yetərlidir.

Amma nəzərə alaq ki, X –XI siniflərdə Həyat bilgisi fənni yoxdur. Bu siniflərdə insan hüquqları heç bir fənnə əlavə olaraq da tədris edilmir. XI sinfi bitirən şagirdin 2 il bu sahədən məlumatsız qalması hüquqi bilgilərinə mənfi təsir edir. X – XI siniflərdə Həyat bilgisini keçməyin nə dərəcədə real olduğunu deyə bilmərəm. Çünki proqramdakı fənlərin sayı artıb, yuxarı sinif şagirdləri repetitorlara müraciət edirlər”.

“Həyat bilgisini ciddiyə almır, onun əvəzinə başqa fənn keçirlər”

Həbib müəllim Konstitusiyanın şagirdlərə bu formada tədris edilməsinin tərəfdarıdır:

“Ən real variant Konstitusiyanın X – XI sinif Tarix materiallarına sinifdənxaric oxu kimi əlavə edilməsidir. Əvvəl də Konstitusiya fənni cəmi 1 il, IX sinifdə keçirilirdi. Hazırda isə Həyat bilgisinin tərkibində bir neçə sinifdə tədris olunur. Yaxşı olardı, elə Azərbaycan tarixinin tərkibində bir neçə sinifdə əlavə mövzular verilsin. Belə daha effektiv olacaq.

Bəzi məktəblərdə Həyat bilgisini tədris edən müəllimlər savadlıdırlar, Konstitusion hüquq və vəzifələrini bilirlər. Amma bəziləri yalnız Tarixi əzbərləyib tədris edirlər. Bəzi müəllimlər isə ümumiyyətlə, Həyat bilgisini ciddiyə almır, onun əvəzinə başqa fənn keçirlər. Bu, sırf müəllimdən asılıdır.

Ümumilikdə, Həyat bilgisini  tədris edən müəllimlərin heç də hamısının bilik səviyyəsi yetərli deyil. Bu mövzu yetərincə əsas alınmır və ona pripitiv baxılır. Bir sözlə, formal xarakter daşıyır.

Hazırda Azərbaycan məktəblilərinin hüquqi bilikləri yaxşı səviyyədə deyil. Bunu əminliklə dyeirəm. Çünki Həyat bilgisinin tədrisi keyfiyyətsiz aparılır”.

“Bu fənn praktiki hüquq öyrənməyə deyil, əzbərə yönəldilmişdi”

Cəbrayıl şəhər 18 nömrəli tam orta məktəbin  Tarix müəllimi Vüsal Abdullayev isə bir neçə il əvvəl Konstitusiyanın hətta qəbul imtahanlarına da salınmasını da xatırladıb:

“Hətta Müəllimlərin İşə Qəbul müsabiqəsini test imtahanı mərhələsinə də salınırdı. Amma əvvəlcədən hansı maddələrdən sual düşəcəyini bilir, yalnız onları əzbərləyirdik. Ümumi anlayış əldə etmirdik. Bunun hüquqlarımızı bilmək istiqamətində heç bir faydası yox idi. Yəni bu fənn praktiki hüquq öyrənməyə deyil, əzbərə yönəldilmişdi. Ən zəif şagird də qəbuldakı o sualı düzgün yazırdı. Məncə onun Həyat bilgisinin tərkibində bu şəkildə tədris edilməsi yaxşıdır”.

Onun fikrincə Həyat bilgisini tədris edən Tarix müəllimləri kurslara göndərilməlidirlər:

“Bu fənnin tədrisi hər adama verilməməlidir. Çünki kitabda dəyərli məlumatlar var. Şagirdlər hüquq və vəzifələri ilə bağlı az məlumatlıdırlar. Onlar bir kənara, böyüklər də öz hüquqlarından xəbərsizdirlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları