Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 22:00:00
Dubayda insanları heyrətə gətirən yeni KƏŞFLƏR

Adama gəl-gəl deyən, dəb formalaşdıran ultramüasir Dubay. Bu şəhər elə sürətlə dəyişir ki, onun təqdim etdiyi bütün yenilikləri izləməyə macal tapmırsan. Dubaya son səfərimizdən heç bir il keçməyib, amma onun görməli məkanlar siyahısında yeni-yeni ünvanlar ortaya çıxıb. Sayı o qədər çoxdur ki, bir neçə gün ərzində onlarla tanış olmaq imkanımız xaricindədir. Odur ki, biz yalnız ən parlaq təəssüratlar vəd edən məkanları gəzib-dolaşmağı planlaşdırdıq. “Cirque du Soleil” sirkinin böyük hay-küyə səbəb olmuş “La Perle” akvaşousu, “Dubai Parks and Resorts” möhtəşəm əyləncə kompleksi, “Dubai Frame” müşahidə çərçivəsi, “Hero Dubai” körfəzində motorlu qayıqlarla ekskursiyalar və s. bu qəbildən gəzməli-görməli yerlərdəndir.

Gördüklərimizdən ən yaddaqalan nə oldu? Bunu silsilə reportajlarımızdan öyrənəcəksiniz!

 Gözqamaşdırıcı hasar və 45 milyon dollarlıq portret

Daim eninə və uzununa genişlənən Dubay bizi bir an belə dayanmayan inşaat işləri ilə qarşıladı. Özü də təkcə ətraf yerlər deyil, şəhərin mərkəzi də tikilib abadlaşdırılır. Xüsusən də məşhur Bürc Xəlifənin perimetri boyu ərazi. Amma adama elə gəlir ki, bu əraziyə iynə atsan, yerə düşməz, çünki hara baxsan, ancaq səf-səf düzülmüş bir-birindən yaraşıqlı göydələnləri görürsən. Bununla belə, inşaat şirkətləri öz şedevrləri üçün yer tapa bilirlər. Məsələn, dam örtüyü gəmi formasında olan göydələnin tikintisi artıq başa çatmaq üzrədir. Bu tikili metronun “Dubai Mall” stansiyası yaxınlığında yerləşir. Biz də elə həmin stansiyadan çıxdıq. Düzü, həmin binanın hansı məqsədlər üçün nəzərdə tutulduğunu bilmirik, amma özü çox ehtişamlı görünür.

Otelimizə gedən yolda daha bir tikinti meydançasına rast gəldik. Doğrudur, uca hasarın arxasındakı tikilməkdə olan obyekt görünmürdü, amma hasarın özünün tərtibatı heyrətamiz idi. Onun üzərində parlaq neon işıq diodları ilə dauntaununun dərhal tanınan konturları çəkilmişdi. Əslində, belə tərtibat dünyanın istənilən paytaxtına yaraşıq verərdi, amma burada o, yalnız söküntüsü nəzərdə tutulan inşaat hasarıdır. Dubay budur - o, hər sahədə birinci olmalıdır!

Biz isə “Dubai Mall”dan beş dəqiqəlik yolda yerləşən ilk otelimizə - “M Hotel Downtown by Millennium” otelinə gəlib çatdıq. Bu dördulduzlu otel çox əlverişli rayonda yerləşməsi ilə bərabər, qiymətləri ilə təəccübləndirdi. Oteldə bir gecə qalmağın qiyməti 62 dollardan başlayır. Yəni qiymətlər Dubayın turistlər arasında ən populyar rayonu üçün çox ucuzdur. Nömrəmizin vitrin pəncərələrindən dünyanın ən uca binası - göydələnlərin əhatəsində Bürc Xəlifə görünür. Otelin interyeri gözoxşayan açıq tonlarda tərtib edilib. Bizə verilən “biznes klass” kateqoriyalı geniş nömrədə iş masası və ayrıca qonaq guşəsi var. Nömrədə yüksək səviyyəli otellər üçün səciyyəvi olan hər cür rahatlıq yaradılıb, pulsuz kapsullardan, keyfiyyətli tualet ləvazimatından tutmuş “Nespresso” qəhvədəmləyəninə qədər hər şeylə təchiz edilib.

Şəffaf panoram liftlər, yaxşı təchiz edilmiş fitnes mərkəzi və gecə saatlarına qədər işləyən açıq və isidilən hovuz da ürəyimizə yatdı. Hələ mən müxtəlif çeşiddə səhər yeməyindən danışmıram. Əlqərəz, mübaliğəsiz demək olar ki, “M Hotel Downtown by Millennium” Dubayın mərkəzində münasib qiymətə yaşamaq üçün ideal seçimdir.

Oteldən çıxıb gəzə-gəzə metroya gəldik, buradan 2018-ci ilin ən parlaq görməli məkanlarından birinə - “Dubai Frame” müşahidə çərçivəsinə yollandıq. Qeyd edək ki, bu məkanın tikintisi təqribən 45 milyon dollara başa gəlib. Tərtəmiz vaqonları olan qatar mənzil başına çatana qədər biz pəncərələrin önündən keçən göydələnlərə tamaşa edir, aradabir başımızı qaldırıb səmaya baxırdıq ki, bəlkə dron görək. Yəqin ki, eşitmişiniz - dünyada ilk dəfə Dubayda dron deyilən pilotsuz taksilər sınaqdan keçirilir. Tanışlarımız bu taksiləri görüblər, amma əfsuslar olsun ki, bu yeni möcüzə bizim qarşımıza çıxmadı.

Əvəzində biz “Dubay çərçivəsi”nin bərq vuran qızılı konturlarına uzaqdan tamaşa etdik. Portret çərçivəsi formasında nəfis şəkildə inşa edilmiş bu tikili ən rahat müşahidə meydançasına çevriləcək. Çərçivə metronun “Al Jafiliya” stansiyası ətrafındakı ən gözəl parklardan birinin – “Zabeel Park”ın ərazisində, Dubayın köhnə və yeni rayonları arasında yerləşir.

İlk baxışda adama elə gələ bilər ki, “Dubai Frame” sadəcə dekorativ monumentdir, amma yaxınlaşanda başa düşürsən ki, bu nəhəng funksional obyektdir. Hündürlüyü 150 metr və eni 93 metr olan tikilinin içində interaktiv ekspozisiyası olan muzey və şəffaf döşəməli müşahidə meydançası yerləşir. Binanın qarşısında bilet kassası yerləşir. Bir biletin qiyməti 50 dirhəmdir (14 dollar).

Çərçivənin içinə girməyi başqa vaxta saxladıq, çünki “La Perle” teatrına tələsirdik. Burada axşam şousu üçün bilet sifariş etmişdik. 

Draqonenin incisi, yaxud emosiyalar şəlaləsi

Bu yaxınlarda Dubayın mədəni həyatında daha bir əlamətdar hadisə baş verib. Hələ premyerasından xeyli əvvəl əfsanələşən “La Perle” (“İnci”) akvateatrı açılıb. Teatrın rejissoru Franko Draqone dünya şöhrətli “Cirque du Soleil” (Dü Soley Sirki) şousunun quruluşçu rejissorudur. Bu isə o deməkdir ki, tamaşaçıları tayı-bərabəri olmayan şou – unikal səhnə məkanı, adamı hipnoz vəziyyətinə salan süjet və dünyanın ən yaxşı ifaçıları gözləyir. Teatr yeni rayonda - Dubay su kanalının sahilindəki “Al Habtoor City”də yerləşir.

“Cirque du Soleil” ilə tanışsınızsa, onda onun necə tamaşalar təqdim etdiyini təqribi bilirsiniz. Tanışlığı olmayanları isə bizim kimi mədəni şok gözləyir. Təsəvvür edin ki, müasir texnologiyaların köməyi ilə teatr, sirk, kino və musiqinin sintezindən ibarət heç bir analoqu olmayan bir aləmə düşürsünüz.

“La Perle” akvateatrının tamaşaçı salonu nisbətən kiçikdir, cəmi 14 cərgədən ibarətdir. Bunu tamaşaçıları hər tərəfdən əhatə edən şounun spesifikası diktə edir, çünki salondakı hər bir yer şou ilə birbaşa bağlıdır.

Tamaşanın süjeti sahildə inci tapan bir qızın taleyi üzərində qurulub. Zalım hökmdar və onun adamları incini zorla qızın əlindən alırlar. Amma bir qəhrəman qızın köməyinə gəlir və şər qüvvələrlə mübarizə aparır. Bu, tamaşanın fabulasının şərti təqdimatıdır. Əlbəttə, Dubayın tarixindən, indisindən və gələcəyindən ruhlanan süjet xətti belə rəvan şəkildə inkişaf etmir.

Bu tamaşada ümumiyyətlə dialoq yoxdur, yalnız hərəkət var. İştirakçıların emosiyaları, ümidləri müxtəlif audiovizual vasitələrlə ötürülür. Səhnədə əcaib personajlar daim bir-birini əvəzləyir, onlar gah qaçaraq, gah sürünərək gəlir, bəzən səhnə arxasından tullanır, bəzən günbəzdən enir, bəzən də səhnənin mərkəzindəki hovuzdan çıxırlar. Hovuz kiçik olsa da, o qədər dərindir ki, akrobatlar 25 metr hündürlükdən ora tullanırlar.

“La Perle”ni təsadüfən akvateatr adlandırmırlar: onun meydanı süjet xəttindən asılı olaraq gah su ilə dolur, gah da bir neçə saniyədə qupquru olur. Bir də görürsən ki, eyvanlardan şırıltı ilə su tökülür, güclü şəlaləyə çevrilərək bir anda səhnəyə dolur, yaxud göy guruldayır və zalda əsl leysan başlayır! Tamaşaçılar isə islanmır. Olsa-olsa, üstlərinə bir-iki damcı su düşür ki, bu da şounun təsirini daha da gücləndirir. Əlqərəz, unudulmaz təəssüratdır. Qeyd edək ki, şouda ümumən 2,7 milyon litr sudan istifadə olunur.

Tamaşa orijinal musiqi və mahnılarla müşayiət olunur. Meydanın ətrafında ekranlar quraşdırılıb. Ətraf dekorasiyaları tamamlayan geniş panoramlı videozarisovkalar ekranlara proyeksiya olunur. Lazer işıq effektləri şounu daha da parlaq edir. Müvafiq kostyum geyinmiş iki çinli artistin ifasında əjdahanımı, yoxsa köpəyimi xatırladaq pırtlaşıq saçlı məxluq digər personajlar arasında xüsusilə fərqlənirdi. Sirk ustalarının məharəti sayəsində bu mifik heyvan son dərəcə rəvan hərəkət edir, qaçır, hoppanır, quyruğunu bulayır və kirpiklərini çalırdı. Şounun daha bir diqqətəlayiq qəhrəmanı bir neçə artistin idarə etdiyi nəhəng idi. Günbəzdən səhnəyə düşən bu personaj baş qəhrəmanın taleyində müsbət rol oynayır.

Tamaşada riskli epizodlar da oldu. Birdən-birə səhnəyə polad bir dairə gətirildi. Motosikletə oturmuş dörd kaskadyor onun üzərinə çıxaraq, sürətlə dövrə vurmağa başladılar. Tamaşanın sonunda akvateatrın truppasının 23 ölkəni təmsil edən bütün aktyorları (65 aktyor) səhnəyə çıxanda hamıdan çox məhz bu motosikletçilər alqışlandı.

“La Perle” adlı fantasmaqoriyanı adi sözlərlə təsvir etmək çətindir – bunu görmək lazımdır! Akvateatrda gördüklərimiz Dubayda ən yaddaqalan yeni sərgüzəştimiz oldu. Şounun fraqmentinə https://goo.gl/SQaesX linki ilə “YouTube” kanalında baxa bilərsiniz.

Sonda qeyd edim ki, qiymətləri 420 dirhəmdən (114 dollardan) başlayan şouya biletləri həm teatrın kassalarından almaq, həm də “laperle.com” rəsmi saytında onlayn rejimində sifariş etmək olar.

 

Biznes Bey və Zaha Hadidin yeni şedevri

Ertəsi gün Dubayın daha bir yeni rayonu – Biznes Bey (Business Bay) ilə tanış olmalı idik. Növbəti otelimiz - “Radisson Blu Hotel Dubai Waterfront” burada yerləşir. “Lonely Planet” 2017-ci ildə Biznes Beyi dünyanın 10 ən dəbdə olan məhəlləsi siyahısına daxil edib. Şimaldan Dubay dauntaununa bitişik olan bu rayon Biznes Bey körfəzi boyunca 12 kilometr uzanır.

Biznes Beyin mərkəzində yerləşən beşulduzlu “Radisson Blu Hotel Dubai Waterfront” oteli də lap bu yaxınlarında - 2018-ci ilin yanvarında açılıb. Otel özündə yüksək səviyyəli rahatlığı, mehriban və peşəkar xidməti birləşdirir. Mehmanxananın geniş və gözəl tərtib edilmiş nömrələrinin pəncərələrindən Biznes Bey körfəzinə və Bürc Xəlifəyə heyrətamiz mənzərə açılır. Oteldə mükəmməl trenajor zalı, SPA mərkəzi və böyük hovuz var.

Müxtəlif çeşidli və dadlı səhər yeməyi “The Larder” restoranında verilir. Səhər yeməyini restoranın yaraşıqlı terrasında, təmiz havada körfəzə və göydələnlərə tamaşa edə-edə yemək adama xüsusi ləzzət verir. Seçim də çox genişdir. Burada salatlar və bişintidən tutmuş ət və balıq yeməklərinədək hər şey, növbənöv meyvələr, müslilər, qoz-fındıq, bir neçə süd növü, o cümlədən soya südü var. Ərəb mətbəxi ayrıca təqdim edilib.

Toqqamızın altını bərkidəndən sonra otelin ətrafında gəzintiyə çıxırıq. Burada bizi maraqlı kəşflər gözləyir. Elə bir neçə addım atıb tinə burulanda qarşımıza çox füsunkar bir tikili çıxır. Şüşə və betondan olan tikilinin ortasında sanki formasız nəhəng bir çuxur açılıb. Tikilinin ətrafında dövrə vurub ona digər tərəfdən baxanda binanı iki yerə ayıran və onu latın əlifbasındakı “H” hərfinə bənzədən sədd görürük. Bu nədir? Arxitektorun aftoqrafıdırmı? Bəlkə də. Axı binanın memarı dünya şöhrətli Zaha Hadiddir. Sonra bildik ki, 93 metr hündürlüyündə unikal tikili “The Opus” adlanır və hazırda Zaha Hadidin Dubayda həyata keçirilən yeganə layihəsidir. 2018-ci ilin əvvəlində istifadəyə verilən binada butik-otel, müxtəlif iqamətgahlar, ofis otaqları, gecə klubu, 12 restoran, damında bar və digər obyektlər yerləşdirmək nəzərdə tutulub. 21 mərtəbəli binanın interyerləri futuristliyinə görə eksteryerindən geri qalmır. Burada düz bucaqlar praktiki olaraq yoxdur. Bütün xətlər rəvandır. Əbəs yerə Z.Hadidi "Labirintlər kraliçası" adlandırmırlar. Zənnimizcə, Zaha Hadidin Dubaydakı yeni əsərinə baxmaq və onun Bakıdakı digər əsəri - Heydər Əliyev Mərkəzinin möhtəşəm binası ilə müqayisə etmək azərbaycanlılar üçün xüsusilə maraqlı olar.

Bəli, Biznes Bey rayonu durmadan inkişaf edir, burada bir-birinin ardınca yeni biznes mərkəzləri, müasir ofislər, otellər, mağazalar, kafe və dəbdəbəli restoranlar işə salınır. Yenicə fəaliyyətə başlayan rahat "Bay Avenue" ticarət mərkəzi yaşıllıqlara qərq olmuş, axşamlar xoş sərinlik yaradan bir neçə gözəl fəvvarə ilə dövrələnmiş parkın ərazisində yerləşir.