Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-11 11:02:00
“Qazax Müəllimlər Seminariyası”nın ən son vəziyyəti - Direktordan giley

“Sinif otaqları birbaşa həyətə açılır. Belə olduqda soyuq daha tez hiss olunur və şagirdlər xəstələnirlər. Qapıların köhnə olması da soyuq havanın içəri tez daxil olmasına səbəb olur. Məktəbin döşəməsi köhnəlib. Cəmi bir kompüterimiz var”.

Bu, Qazax rayonu Yuxarı Əskipara kənd orta məktəbinin düz bir il əvvəlki mənzərəsidir. O məktəb ki, bir vaxtlar həmin binada Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərib və xeyli pedaqoq yetişdirib. İndi də məktəbdə bir zamanların məşhur seminariyanın xatirələri qorunur. Bir il əvvəl bu xatirələri itirəcək təmir-bərpa işləri də aparılmamışdı.

Bəs, hazırda bu təhsil yadigarının durumu necədir? Qazax Müəllimlər Seminariyasının tarixini yaşadacaq, tədrisə töhfə verəcək hər hansı bərpa işlərinə başlanıbmı?

Məktəbin direktoru Saleh Vəliyevin AzEdu.az-a dediklərindən məlum olur ki, 1 il ərzində məktəbdə təmir işləri görülməyib. Amma müəyyən irəliləyişləri də qeyd etmək lazımdır:

“Keçən il cəmi 1 kompüterimiz vardı. Onunla da lazımi sənədləri hazırlayırdıq. Bu il isə məktəbə kompüter verilib. 2 stolüstü kompüterimiz, 9 noutbukumuz var. İnternetlə də təmin edilmişik. Amma istilik sistemi hələ də quraşdırılmayıb”.

Məktəbin 1 il əvvəlki durumunu xatırladırıq:

“Sinif otaqları birbaşa həyətə açılır. Belə olduqda soyuq daha tez hiss olunur və şagirdlər xəstələnirlər. Bu isə onların davamiyyətinə təsir edir”.

Saleh müəllim indiki vəziyyəti izah edir:

“Təmir işlərinə başlanmayıb.İndi də həmin quruluş qalıb. Axı, tarixi binadır.

O gün yenə gəlmişdilər. İstəyirlər ki, tarixiliyi qorumaq şərtiləməktəbi təmir etsinlər.  Dedilər, təxmini 8 otağı muzey kimi saxlayacaqlar. Digər otaqlar isə Uşaq Gənclər Mərkəzinə və digər kiçik qurumlara veriləcək.

Yuxarı Əskipara məktəbi isə orada daimi olmayacaq. Qaçqın və məcburi köçkünlər üçün qəsəbə tikilməsi nəzərdə tutulub. Deyilənə görə, orada məktəb binası da tikiləcək və yuxarı Əskipara məktəbi köçürüləcək. Bu tarixi binada müvəqqəti məskunlaşmışıq. Amma burada Qazax Müəllimlər Seminariyasının tarixi yaşayır. Yəqin, binanı da elə tarixi üsullarla, qədimliyinə xələl gətirmədən bərpa edərlər”.

Məktəbin builki nəticələrinə gəlincə isə, Saleh müəllimin sözlərinə görə, bu il 8 şagird məzun olub. Onlardan 7-i ali məktəblərə qəbul imtahanında iştirak edib:

“4-ü universitet, 1-i isə kollecə qəbul olundu. Təəssüf ki, 2 məzun imtahandan keçə bilmədi. Ümumiyyətlə məktəbimiz həmişə ən yaxşı 10 məktəb sırasında olub”.

“Sinifləri odun sobası ilə qızdırmalı oluruq. Şagirdlər özləri dilə gətirirlər ki, avtobusda üstümüzdən odun sobasının ətri gəlir. Bu, onlara narahatlıq yaradır”.

İstilik sistemi ilə bağlı məktəbin keçənilki durumunu xatırladırıq. Direktor bir qədər susaraq əlavə edir:

“Məktəbi bu il də odun sobası ilə qızdırmalı olacağıq. Odun tədarükümüzü veriblər.  Sadəcə bu, uşaqlara mənəvi təsir edir”.

Qeyd edək ki, 1918-cı ildə Qori Seminariyasının Azərbaycan bölməsi Qazax şəhərinə köçürülüb. Sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərib. Tədris ocağının buraya köçürülməsində görkəmli maarifçi, pedaqoq  Firidun bəy Köçərlinin  böyük rolu olub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları