Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-09 16:27:00
Fizika müəllimindən maraqlı TƏKLİF: “Summativlərin aparılması üçün ayrıca ştat yaradılsın”

Yeni qiymətləndirmə qaydalarının tətbiqi müəllimlərə daha çox obyektivlik şansı versə də, onların işlərini artırdığını söyləyənlər də az deyil. Deyilənlərə görə, texnologiya dövründə bu qaydaların tətbiqi onları “kağız əsri”nə sürükləyib. Kağızlarını qaydasında saxlamağa çalışan müəllim tədrisin keyfiyyətini axsatmaq məcburiyyətində qalır.

Bu kimi məsələlər müəllimləri çox düşündürdüyündən, onlar xeyli orijinal təkliflərlə çıxış etməyə başlayıblar. Cəlilabad rayonu 1 saylı orta məktəbin fizika müəllimi Rafet Məmmədovun təklifi isə sosial əbəkələrdə xeyli müzakirə olunub.

Təklif:“Məktəblərdə xüsusi ştat ayrılsın və summativlərin aparılması, yoxlanılması, qiymətləndirilməsi ilə məşğul olsun ki, müəllimlər də dərslərini keçsinlər ...”

Ayrıca ştat müəllimlə şagird arasındakı obyektivliyə kölgə sala bilərmi? Ümumiyyətlə, bu təklif reallaşarsa, nə kimi nəticələrin şahidi olarıq?

“Bunun üçün gərək, ən azı mühasib olasan”

Rafet müəllimin fikrincə, müəllim yalnız dərs keçməli, şagirdlərə elm öyrətməlidir. Digər işlər isə onu işinin əsas məğzindən uzaqlaşdırır:

“Təsəvvür edin, müəllim nə qədər yazı yazmalıdır: proqram, gündəlik plan, formativ qiymətləndirmə, sinif rəhbərinin iş planı, şagirdin gündəliyi, summativlər… Daha nələr…

Summativlərin hazırlanması xüsusi işdir, onun qiymətləndirilməsi üçün gərək, ən azı mühasib olasan. Müəllimin fikri kağız-kuğuz yazmaqda qalmamalıdır. Onun şagirdə verdiyi biliyi başqa bir qurum qiymətləndirməlidir. Belə olsa, müəllim də işinə daha məsuliyyətlə yanaşar, şagirdlər də.

Müəllimdən o qədər şey tələb olunur ki, bunları yerinə yetirmək praktik olaraq mümkün deyil”.

“Orta məktəblərdə tyutor ştatı yaradılsın”

Obyektivliyin qorunub saxlamasına gəlincə isə Rafet Məmmədov bildirib ki, indi bütün məsuliyyətlər müəllimin üzərindədir:

“Hazırda ali təhsil müəssisələrində tyutor ştatı var. Fikrimcə, orta məktəblərdə də buna bənzər bir ştat yaratmaq olar. Müəllimi bacardıqca kağız-kuğuz işindən uzaqlaşdırmaq lazımdır. Onun işinin keyfiyyətini verdiyi yazılı hesabatlara görə deyil, gördüyü işə əsasən qiymətləndirmək lazımdır”.

-Bəs, hazırda müəllimlərin əmək haqqı bütün bu işlərin öhdəsindən gəlməyin zəhmətinə dəyir?

“Hər şey pulla ölçülmür. Müəllimə belə işlərdən ötrü pul vermək lazım deyil . Bu işləri başqa bir şəxsə - ştatına uyğun olaraq pul ödəmək lazımdır.

Əmək haqqına qalsa, 27 il iş təcrübəm var. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində ixtisasıma aid sualları 100% cavablamışam. Yüzlərlə tələbələr yetişdirmişəm və beynəlxalq olimpiadada bütünc medal qazanan şagirdim var. Amma… 17 saat dərs deyir, 500 manat maaş alıram. Təbii ki, indi bunun az və ya çox olduğunu müzakirə etmirik”.

“Hamı gəlib müəllimə ağıl öyrətməli deyil ki…”

Belə bir sistem tətbiq olunarsa, necə nəticələr deyə soruşduqda isə Rafet müəllim öncə valideynlərin reaksiyasından bəhs edib:

“Valideynlərin pedaqoji işə müdaxilə etmələrinə çox da meyilli deyiləm . Hamı gəlib müəllimə ağıl öyrətməli deyil ki…

Amma bu sistem tətbiq edilsə və işə vicdanla məşğul olan gənc mütəxəssis cəlb edilsə, hər şey əla olacaq”.

“Kağız cızma – qaraları bizi ənənəvi üsula aparır”

Ağdam rayonu 148 nömrəli məktəbin direktoru Rəşad Kazımov isə təklifi eşidincə xatırladıb ki, tədris şəxsiyyətyönümlü olmalıdır:

“Kargüzarlıü işlərinin həddindən çox olması müəllimi hədəfdən yayındırır. Amma tədrisi bir, qiymətləndirməni başqa bir şəxsin aparmalı olduğunu düşünmürəm. Bu, tarazlığın pozulmasına səbəb olar. Çüki şagirdlə birbaşa ünsiyyətdə olan müəllimdir. Müəllim onu daha yaxşı qiymətləndirə bilər.

Bütün şagirdlərin dünyagörüşü, təfəkkürü eyni olmur. Araşdırmaçı olmayan, zəif şagirdlər də var. Hansısa jurnala yönəlib, formativ qiymətləndirmə aparmaqla onlarla işin öhdəsindən gəlmək olmaz. Bunu kiçik qeydlər əsasında da aparmaq mümkündür. Bu gün şagirdin nəticələrini hansısa vərəqə görə müəyyənləşdiririksə, ənənəvi qiymətə meyilli oluruq. Qarşıya qoyulan məqsəd, dövlət siyasəti isə vətəndaş yetişdirməyə yönəlib. Kağız cızma – qaraları bizi ənənəvi üsula aparır”.

“Məqsəd: gələn olanda baxsın ki, kağızlar qaydasındadır”

O, qiymətləndirmənin real işə görə deyil, kağızlara əsasən aparılmasından narahatdır:

“Şagird bu gün hazırlıqlıdır, bacarıqları qaydasındadırsa, qiymətləndirilir. Amma müəyyən vaxtdan sonra onda unutqanlıq yaranır. Vaxtilə bölmə üzrə summativdə yüksək qiymət alan şagird  1 ay sonra onu unuda bilir. Bu, fərdi hazırlıq deyil ki, bölməni dəfələrlə təkrarladasan.

Qiymətləndirmə kağıza dayanır, məktəbə gəlib summativ, formaiv söhbətləri aparırıqsa, müəllimin onları hazırlamağa çalışması normaldır. Amma nəticə olaraq ortada heç nə yoxdur. Qarşımıza qoyulan tələb şəxsiyyətyönümlülükdür. Bu gün məktəblərə gələndə şagirdin mənəvi – psixoloji sağlamlığına, kollektivdə nüfuzuna deyil, jurnaldakı qiymətinə baxılacaqsa, müəllim də özünü sığortalamaq üçün şagirdə deyil, kağıza yanaşmasına diqqət edəcək. Kağız əsrinə gəlib  çıxmışıq. Məqsəd budur: gələn olanda baxsın ki, kağızlar qaydasındadır. Bizdən tələb olunanlar başqa, etdiklərimiz isə başqadır”.

“Bu, standartdır, olmalıdır” deməklə işimizi də standartlaşdırırıq”.

Rəşad müəllim “kağız əsri”ndə repetitor xidmətinə üstünlük verilməsinin səbəblərindən də söz açıb:

“Niyə repetitorların nəticələri daha yüksək olur? Heç düşünmüsüz? Çünki repetitor müəllim qiyməti vərəqə yazmağa tələsmir. Onu buna məcbur edən də yoxdur. Şagird bilmədikcə müəllim həmin dərsi təkrar keçir. Sınaq imtahanlarında şagirdin fərdi bilikləri ortaya çıxır. Zəif bildiyi mövzular yenidən təkrarlanır. Orta məktəblərdə isə şagird summativdən zəif nəticə göstərdikdə yenidən həmin mövzuya qayıtmaq kimi imkan yoxdur. Çünki keçmiş mövzuya qayıdanda isə proqram yerində olmur.

Təsəvvür edin, sadə tənliyi bilməyən şagirdə mürəkkəb tənliklə bağlı summativ keçirməliyəm. Hansı nəticəni ədə edəcəyik? Nə qazanacayyıq? Ümumiyyətlə, nəyin xətrinə? Kimsə gələndə görsün ki, summativ aparıb qiymət yazmışam? Özümüz özümüzü aldadırıq.  Formal olaraq, “bu, standartdır, olmalıdır” deməklə işimizi də standartlaşdırıq”.

Rəşad Kazımov bu standartlaşmanı aradan qaldırmaq, eyni zamanda obyektivliyi qorumaq üçün bir sıra təkliflər edib:

“Mövzular bitəndə ümumi sınaq imtahanı keçirib şagirdləri qiymətləndirək, bunun üçün ayrıca ştat ayırmaq olar. Sadəcə bir qədər çətin, çox iş tələb edən prosesdir. Amma istənilən halda, tədrisi başqasının aparıb, başqa birinin qiymətləndirməsi düzgün deyil.

Və ya formativ qiymətləndirmə jurnalında ümumi standartlar verilə bilər. Bu, müəllimin vaxt itkisinin qarşısını alar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları