Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-09 11:50:00
Yağlı ünvanlara yol tapıb reketçilik edənlər, orfoqrafiya qaydalarındakı qüsurlar... - Professorun “Amma və lakin”i

AzEdu.az-ın “Amma və lakin…” rubrikasında qonaqlarımız onlara təqdim olunan cümlələri tamamlayırlar.

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...

Bunu  rubrikanın növbəti qonağı Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədlidən eşidək:

Son illərdə jurnalistikaya axın var: həm ali məktəblərə qəbul imtahanlarında bu ixtisası seçənlərin, həm də fərqli ixtisaslara mənsub şəxslərdən jurnalist kimi işləyənlərin sayı artır, amma və lakin...

- Amma sel gələndə özü ilə çör-çöp də gətirir. İndi jurnalistikada da belə “çör-çöp” az deyil: öz ixtisasında uğur qazana bilməyib jurnalistikada “qaz vurub qazan doldurmaq” istəyənlər,  çıxmayan qəzetin vəsiqəsi ilə yağlı ünvanlara yol tapıb reketçilik edənlər, həqiqəti axtarıb auditoriyaya çatdırmaq əvəzinə özündən “həqiqət” uyduranlar, ödənişli sifarişlə namuslu insanlara qara yaxanlar,  səriştəsizliyi ilə daxili və xarici düşmənlərin dəyirmanına su tökənlər…

Bu gün xarici dil bilmək vacib hesab olunur. İstər iş imkanların geniş olmasında, istərsə də dünyaya inteqrasiya üfüqlərinin açılmasında ən azı əlavə dil bilmək zəruridir. Məhz elə bu imkanları nəzərə alaraq xarici dildə danışanların sayı günü-gündən artır,  amma və lakin...

-Amma unudurlar ki, ilk olaraq öz dilini mükəmməl bilməlisən, onu sevib başqalarına da sevdirməlisən, övladlarını milli ruhda böyütməlisən, onlarda milli tarixə, milli mədəniyyətə məhəbbət aşılamalısan. Xarici dili bilmək hamıya vacib deyil. Bu, ziyalılara, o kəslərə vacibdir ki, xarici dilləri bilməklə Vətən naminə, millət naminə nəsə faydalı iş görə bilir. Vətənimizlə bağlı xarici arxivlərdə, mətbuat səhifələrində olan materialları üzə çıxardır, beynəlxalq konfranslarda çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, düşmənlərimizə layiqli cavab verə bilir. Xarici dili dil bilmək, bununla öyünmək xatirinə yox, millət naminə faydalı iş görmək xatirinə öyrənmək lazımdır.

Dilin tətbiq sahələri genişdir. Bu mənada mətbuat birincidir, çünki dildə gedən aktiv proseslərin hamısı mətbuatda əks olunur. Heç təsadüfi deyil ki, yeni yaranan sözlər daha çox mətbuatin hesabına “vətəndaşlıq” hüququ qazanır, amma və lakin...

-Burada da xeyli qüsur nəzərə çarpır. Leksik, qrammatik, üslubi normalar tez-tez pozulur, mətbuatda orfoqrafiya, radio və televiziyada isə orfoepiya qaydalarına çox vaxt əməl olunmur. Ehtiyac olmadan xarici sözlərdən istifadə edilir, qəliz terminlərin mənası açılmır, təkrarçılığa yol verilir.

Bu mənada mdia dili ilə bağlı təkliflərimi nəzərinizə çatdırıram: mediada çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiya keçirilsin; yeni əməkdaşlar “Azərbaycan ədəbi dilinin normaları”ndan imtahan verdikdən sonra işə qəbul olunsunlar; redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilsin; hər bir redaksiyada və saytda yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılsın; Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara və saytlara paylanılsın; BDU Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açılsın; mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, “Dəyirmi masa”lar, treninqlər keçirilsin; televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılsın, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunsun; ədəbi dil normalarını daha çox pozan redaksiyalar və əməkdaşlar inzibati məsuliyyətə cəlb olunsunlar; redaksiyaların və saytların AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə, universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələri genişləndirilsin

Dilin təmizliyini qorumaq  daimi aktual  məsələlərdən biridir. Məhz bunun üçün dövlət səviyyəsində sənədlər hazırlanır, yeni orfoqrafiya qaydaları yazılır, amma və lakin...

-Bu sənədlərdə olan tələblərin yerinə yetirilməsinə nəzarət zəifdir. Yeni orfoqrafiya qaydalarında da qüsurlar var, onları aradan qaldırmaq lazımdır. Bu barədə fikirlərimi lazımi ünvanlara çatdırmışam.

Jurnalistlərin nitq mədəniyyətinin inkişafı üçün dərslik hazırlamısınız, amma və lakin...

-Orada yazılanlarla yalnız Jurnalistika fakültəsinin tələbələri tanışdırlar. Kitabı, demək olar ki, bütün redaksiyalara göndərmişəm, heç nə dəyişməyib.

Deyilənlərə görə bir çox TV aparcılarının dili bərbaddır, amma və lakin...

-Yuxarıda verdiyim təkliflər nəzərə alınmayınca heç nə dəyişməyəcək.

Ayşə Müseyib