Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 10:21:00
Ucqar kəndlərdə müasir məktəb binalarının tikintisi təhsilə göstərilən qayğının göstəricisidir

Ölkəmizdə təhsilə yüksək dövlət qayğısı göstərilir, müasir dövrün tələblərinə cavab verən güclü maddi-texniki bazaya malik məktəb binaları tikilir. Paytaxt və rayon mərkəzləri ilə yanaşı ən ucqar kəndlərdə də müasir məktəb binalarının inşa edilməsi təhsilə göstərilən diqqət və qayğının göstəricisidir.

AzEdu.az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbinin direktoru Polad Zeynalov deyib.

O bildirib ki, 1991-ci ildə yaradılan təhsil ocağı indiyədək uyğun olmayan binada fəaliyyət göstərib. Buna baxmayaraq, şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Son 3 ildə məktəbə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək uğurlu nəticə əldə edən 20 gənc müəllim cəlb edilib. Məktəbin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərirlər.

Məktəbin direktoru Prezident İlham Əliyevin Sərəncaməna əsasən təhsil ocağı üçün yeni binanın tikilməsinin kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olduğunu deyib. Qeyd edib ki, 132 şagird yerlik ikimərtəbəli yeni məktəb binası sinif otaqları, hərbi hazırlıq, linqafon, informatika, texnologiya kabinələri, kimya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və sair otaqlardan ibarətdir. Binada müasir istilik və müşahidə sistemləri quraşdırılıb. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, transformator qoyulub, qazanxana, nasosxana, içməli və çirkab su anbarları inşa edilib, idman meydançası yaradılıb.

“Hazırda məktəbdə 110 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur. Məktəbimiz üçün yeni binanın inşa edilməsi təhsilin səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq. Müəllimlər də çalışacaq ki, dövlətimizin qayğısına öz işi ilə cavab versin, yaradılan şərait müqabilində şagirdlərin, yetişdirdiyimiz gənc nəslin xalqımız üçün yararlı vətəndaş kimi böyümələrinə nail olsun”, - deyə direktor bildirib.