Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 15:02:23
Prezidentin barəsində danışdığı qəzalı Şamaxı məktəbi təmirə bağlanıb? - CAVAB  

Dünən Prezident İlham Əliyev Xaçmaz və Yevlaxa yeni təyin olunan icra başçıları ilə görüşüb. Görüşdə xeyli aktual məsələlərə toxunan prezident Şamaxıda bir məktəbin yararsız vəziyyətdə olduğunu vurğulayıb. Ölkə başçısı bu barədə mediadan xəbər tutduğunu bildirib:

"Son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm.

Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi?

Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır".

Bəs, hazırda həmin məktəbdə nə kimi işlərə başlanıb?

AzEdu.az qəzalı vəziyyətdə olan məktəbin durumunu öyrənmək məqsədilə Şamaxı rayon 2 nömrəli tam orta məktəblə əlaqə saxlayıb. Məktəbin adını çəkməyən əməkdaşı bildirib ki, artıq işlərə başlanıb:

“Artıq bu işi həll etməyə başlayıblar. Məktəb neçə vaxtdır, təmirə bağlanıb. Dərslər isə başqa tədris korpusunda keçirilir. Təhsil Nazirliyinin bütün işçiləri buradadır və məsələni həll edirlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları