Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 09:14:00
“Azərbaycandakı bu universitetlər bir-birilə mütləq birləşdirilməlidir”- RUBRİKA

 AzEdu.az  “İraq göz” lahiyəsi çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

 Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...

Qeyd edək ki, müsahiblərə    bir  çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar  yalnız  məlumatlı olduqları  universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin  adının  çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Türkiyənin İstanbul Aydın Universitetinin məzunu Teymur Qasımlı:

Bakı Dövlət Universiteti- Bakı Dövlət Universiteti Azərbaycan xalqının ilk ali təhsil müsəssisəsidir.  Azərbaycan  Cümhuriyyəti tərəfindən 1919-cu ildə yaradılıb. Qurucular arasında  M.Ə.Rəsulzadə birbaşa iştirak edib. Azərbaycanın bir çox alimləri, ziyalıları dövlət işçiləri BDU-da təhsil alıb. Bu universitetin humanitar və sosial elmlər sahəsində kifayət qədər yaxşı bazası var. Azərbaycanın önəmli fizika və kimaya alimləri BDU-da təhsil alıb. Hazırda isə həmin alimlər BDU-da dərs deyir. Digər universitetlərlə müqayisədə BDU texniki baxımdan yaxşıdır. Bu universitetdə  həm də əcnəbi tələbələr təhsil alır. Amma BDU-nun dünya səviyyəli universitet olması üçün yeniliklər etmək vacibdir.  

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Digər universitetlərlə müqayisədə ADNSU daha pozitivdir. Bu universitet 1920-ci ildə yaradılıb.  Azərbaycanın dəyərli neftçiləri ADNSU-da təhsil alıb. Hətta ADNSU sovetlər zamanında ən məşhur universitet olub. Həmçinin, rus və digər millətlərin nümayəndələri ADNSU-da oxuyublar. Rumıniyanın keçmiş prezidenti də ADNSU-da oxuyub. Həmçinin, Lukoyl neft şirkətinin rəhbəri də ADNSU-da təhsil alıb. Yenə də orada təhsil sahəsində mütləq yenilik etmək lazımdır.

 UNEC- Bu universitet sovet vaxtında rüşvət yuvası olub. Əsasən iqtisadi sahədə təcrübəli universitetdir. Mən hər hansı sahəyə  görə universitetin yaradılmasına qarşıyam. Azərbaycanın iqtisadi kadrları UNEC-in   məzunlarıdır. UNEC son zamanlar yaxşılığa doğru yeniliklər edir. Bu universitetdə tələbələr test üsulu ilə  imtahan verirlər. Test üsulu ilə tələbələrin imtahan verməsi ləvğ olunmalıdır. Çünki, bu düzgün deyil. Tələbə müəllimdən öyrəndiyini, oxuduğu kitab və məqalələrə görə yazılı imtahan verməlidir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti – Bu ali təhsil müəssisəsi haqqında müsbət fikirlərim var. Azərbaycanın köklü universitetlərindən biridir. ADPU 1921-ci ildə yaradılıb. Bu universitet Azərbaycanın ən çox kadr yetişdirən universitetidir. Azərbaycanın orta məktəblərində dərs deyən müəllimlər ADPU-un məzunlarıdır. Türkiyəli tələbələr də ADPU-da  təhsil alırlar.  Amma ADPU-da təhsilin inkişafı üçün yeniliklər etmək vaicibdir.

 Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti-Bu universitetlər birləşməlidir. Çünki, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetində eyni fakültələr var. Onu da qeyd edim ki, hər iki universitetdə savadlı məzunlar görmüşəm.

 Azərbaycan Memarlıq və İnşaat Universitetini Azərbaycan Texniki Universitetinə birləşdirmək olar. Azərbaycan memarları AMİU-nun  məzunlarıdır. Amma son zamanlar  AMİU-nun təhsil səviyyəsində geriləmə var. AMİU-nun fakültələri başqa universitetlər arasında bölünməli və universitet ləvğ olunmalıdır.

Azərbaycan Tibb Universiteti- Bu universitetdə Azərbaycanın səhiyyə mütəxəssisləri yetişib. ATU-nun əsası 1930-cu ildə qoyulub. Azərbaycanın  qocaman səhiyyə işçiləri ATU-da həkimliyin sirrini öyrəniblər. Bu universitetdə əcnəbi vətəndaşlar da təhsil alır. Son zamanlar ATU-da qəbul yerləri azalıb. Amma Türkiyənin demək olar ki, bütün universitetlərində tibb fakültələri var. Bu ölkədə həkim olmaq istəyənlər üçün bütün universitetlərin qapısı açıqdır. Son zamanlar  yeni həkimlər  hazırlanması üçün  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialı açılıb.  Amma texniki imkanları yaxşı olan özəl universitetlərdə də tibb fakültəsi açmaq olar.

Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yerləşən universitetlər haqqında fikirlərimi bildirmək istəyirəm. Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Dövlət Universiteti fəaliyyət göstərir. Düşünürəm ki, ADAU-ilə ATU birləşməlidir. Təhsil sistemini dünya standartlarına cavab verən universitet olmalıdır.Gəncədə mənə görə uğurlu təhsil müəssisəsi Gəncə Dövlət Universitetidir. Son zamanlar  Gəncə Dövlət Universitetində yeniliklər edilir. Bu universitetdə dərs deyən alimlər Türkiyə və digər ölkələrdə təşkil olunan simpoziumlarda iştirak edirlər. 

 ABŞ-ın Cənubi Florida Universitetinin tələbəsi Tural Haqverdiyev:

Azərbaycan Dövlət Neft və Sənayesi Universiteti- Bu universitet haqqında fikrim çox müsbətdir. Bir çox dostlarım ADNSU-da təhsilini tamamlayıb və bəziləri isə oxumaqda davam edir. Digər universitetlərlə müqayisədə ADNSU-da təhsil daha yaxşıdır. Hətta yeni açılan UFAZ və Almaniya ilə əlaqələri güclü olan başqa texniki bölmə də ADNSU-nun nəzdindədir. Bu gələcəkdə təhsilini başqa ölkələrdə davam etdirmək istəyənlər üçün çox yaxşı imkandır.

Bakı Mühəndislik Universiteti- Bu ali təhsil müəssisəsi Qafqaz Universiteti olaraq tanınıb. Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən    ən çox qəbul olmaq istədiyim BMU idi. Bacım da BMU-nun məzunudur. Həmin universitetin tələbələri çox intellektual, bilikli və dünyagörüşlüdür.

 Türkiyə ilə olan güclü əlaqələri nəticəsində BMU-nun tələbələr bir çox xarici universitetlərə asanlıqla  qəbul ola bilirlər.

 İspaniyanın Kordoba Universitetin tələbəsi  Şəfəq Vəliyeva:

 Bakı Ali Neft Məktəbi- Bu universitet sürətlə inkişaf edən təhsil müəssisəsidir. Bakı Ali Neft Məktəbində təhsil keyfiyyətinin yüksək olduğunu düşünürəm. Bu universitet yüksək ballı tələbələrin seçdiyi ilk ali təhsil müəssisəsidir. BANM-da təhsil alanlar nüfuzlu şirkətlərdən iş təklifi alırlar. Həmçinin, BANM  tələbələri magistr oxumaq üçün dünyanın ən nüfuzlu təhsil ocaqlarına üz tuturlar.  Bu da sevindirici haldır.

Bakı Mühəndislik Universiteti-Bir zamanlar BMU Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisəsi idi.  Bu universitet təhsil sahəsində çox uğurlar qazanmışdı. Lakin sonralar təhsil müəssisəsi haqqında tələbələrdən müsbət fikirlər almadım. Həmçinin, BMU-nin sistemi tamamilə dəyişilməsi, müəllimlərin başqaları ilə əvəz olunması və s. kimi nüanslar tələbələrdə fərqli düşüncələr yaratdı.  

  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti- Bu universitet haqqında müsbət fikirdəyəm. ADNSU-da təhsil alanlardan aldığım məlumata görə rektor Mustafa Babanlı tələbələrin keyfiyyətli təhsil alması üçün əlindən gələni edir.  Həmçinin Mustafa Babanlı universitetdə baş verən xoşagəlməz halları minimum səviyyəyə endirməyə çalışır. Ümid edirəm ki, hər zaman belə olar.

   

Günel Yaşarqızı
Müəllifin digər yazıları