Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-31 15:05:00
Gənc alimlərin gözləntiləri: “Həmkarlarımız o qədər əməkhaqqı alsınlar ki...”  

Ötən həftə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə vəzifəsindən istefa verdi.

Elə həmin gün Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçirildi və akademik Ramiz Mehdiyev qurumun yeni prezidenti seçildi.

AMEA-da bundan sonra görüləcək iş, atılan addımlar elm və təhsil gündəmini izləyən hər kəsin marağındadır. Vacib məsələlərdən olan AMEA - gənc alim münasibətinin  bundan sonra necə qurulacağı, gəncləri elmə daha intensiv yönəltmək üçün hansı addımların atılacağı bu gün hər kəsin diqqət mərkəzindədir.

Ümumiyyətlə, sabiq prezident Akif Əlizadənin rəhbərliyi dövründə AMEA-da gənc alimlər hansı müsbətlərsən faydalanıb, güzəştlərdən yararlanıblar?

“Gəncləri narahat edən sosial problemləri gündəmə daşıyıb”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının müdiri, kimya elmləri doktoru, dosent  Əfsun Sucayev bildirib ki, Akif Əlizadənin rəhbərliyi dövründə gənc alimlərə xeyli güzəştlər olunub:

“Demək olar, akademiyada gənclər siyasəti ilə bağlı əldə olunan uğurların memarı bu şəxs olub. Bunu danmaq olmaz. O, gənc alim statusuna hörmət, izzəti qaytarıb.

Bütün müsabiqələr, onlara dəstək Akif müəllimin əsas istiqaməti olub. Hər zaman gəncləri narahat edən sosial problemləri gündəmə daşıyıb. Tədbirlərdə bu məqamları önə çəkib.

Orta və ali məktəblərdən istedadlı gənclərin aşkarlanaraq elmi fəaliyyətə cəlb edilməsi istiqamətində xeyli işlər görüb. Məsələn, AMEA-da magistratura səviyyəsi üzrə təhsil alan gənc yarımştat işlə təmin olunmalıdır. Bu, AMEA-dan başqa heç yerdə yox idi. Xeyli stimulverici məqamdır”.

“Gənc alimlər o qədər əməkhaqqı alsınlar ki...”

“Yeni prezidentdən gənc alimlər üçün hansı güzəştləri tətbiq etməsini istərdiniz?” sualını isə Əfsun Sucayev belə cavablayıb:

“Gənc alimləri narahat edən əsas məqamlardan biri sosial təminatla bağlıdır. Onların evlə təmin olmalarını istərdim. Çünki maaşları ipoteka kreditlərindən yararlanmağa imkan vermir. İstərdim, gənc alimlər o qədər əməkhaqqı alsınlar ki, o kreditlərdən istifadə edərək öz sosial təminatlarını ödəyə bilsinlər.

İnsan nə qədər elmə bağlı olsa da, onun bir tərəfi maddiyyyata söykənir. Sırf maddiyyat üzündən elmdən uzaq düşən gənclərimiz var.

Akif müəllim bu məsələləri hədəf götürmüşdü, ona doğru gedirdi. Məsələn, növbəti illərdə ipoteka kreditlərinin açılması, onlardan istifadə mümkün idi. Növbəti dönəmdə də bu məsələlərin həllini tapmasını arzulayıram.

Bundan əlavə, elmin səvviyyəsini qaldırmağı düşünürük. Texniki avdanlıqlar bu və ya digər səviyyədə imkan verir. Amma texnologiyanı mənimsəmək lazımdır. Arzu edirəm, xaricə göndərilən ixtisaslı mütəxəssislərin həmin texnologiyanı ölkəmizdə bölüşmələri üçün şərait yaradılsın. Azərbaycan elminin gənclərin timsalında dünya elminə inteqrasiyası prosesini sürətləndirmək lazımdır”.

“Ölkə elminin dünya elm bazasında reytinqini daha da artırmalıyıq”

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov isə cənab Prezidentin sərəncamı ilə Yüksək Texnologiyalar Parkının yaradılması gənclərin elmi tədqiqat işlərinin aparılması üçün ən yaxşı addım hesab edir:

“Bu uğurda Akif müəllimin rolu çox oldu. Bundan əlavə, AMEA-da magistrastura səviyyəsi üzrə təhsilin yaradılmasını da qeyd etmək istərdim. Gənclərin elmə cəlbi ilə bağlı bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib

İstərdim, növbəti dönəmdə daha çox gənc elmə cəlb olunsun, bu istiqamətdə işlər davam etdirilsin.

Gənc alimləri motivasiya məqsədilə sosial təminatlarının yaxşılaşdırılması, gənclərin dünya elm arenasına çıxışı istiqamətində işlərin genişləndirilməsini istərdim. Bizim gənclərin dünyanın tanınmış elm mərkəzlərinə çıxışı da diqqətdə saxlanmalıdır. Ölkə elminin dünya elm bazasında reytinqini daha da artırmalıyıq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları