Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-09 14:32:00
Şagirdlər Bayraq Meydanına toplandılar

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ağcabədi şəhər məktəblilərinin Bayraq muzeyinə ekskursiyası təşkil edilib.

AzEdu.az-ın xəbərinə görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagirdlər muzeydə Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçülərin geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, Ulu Öndərin dövlət rəmzləri haqqında kəlamları, poçt markaları, orden və medallarla tanış olublar.

Bildirilib ki, Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan bölgələrdə də müvafiq tədbirlər görülür. Paytaxtımızla yanaşı, ölkənin bütün bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar, muzeylər yaradılır və xüsusi layihələr həyata keçirilir. Ağcabədi rayonunda inşa edilən bayraq muzeyi də dövlət bayrağımızın tarixi haqqında dolğun məlumatlarla zəngindir.

“Dəyirmi masa” ətrafında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salınıb, dahi rəhbərin dövlətimiz və xalqımız qarşısında göstərdiyi böyük xidmətlərdən danışılıb.

Bayraq muzeyinə ekskursiya şagirdlərdə zəngin təəssüratlar yaradıb.