Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-09 12:16:00
Naxçıvan Dövlət Universitetində yaradıcılıq müsabiqəsinə yekun vurulub

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən “Heydər Əliyev yolu Azərbaycanın əbədi müstəqillik yoludur” adlı yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimi olub.

AzEdu.az xəbər verir ki, NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş müsabiqənin əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, Ulu Öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Milli dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələri Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə yazılıb. Bu kimi müsabiqələrin təşkil edilməsində əsas məqsəd tələbə-gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək, onların milli dəyərlərimizə, mədəniyyətimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik səviyyəsini yüksəltmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Seymur Talıbov fərqlənən tələbələri təbrik edib və onları bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.

Qeyd edək ki, müsabiqəyə Ulu Öndərin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən rəsmlərin, bədii tikmə, toxuma, ağac üzərində oyma, şəbəkə və misgərlik nümunələrinin foto və videogörüntüləri, eləcə də Ulu Öndərə həsr olunmuş mahnılar təqdim olunmuşdu. Yaradıcılıq nümunələrindən 13-ü seçilərək universitetin “Instagram” səhifəsində yerləşdirilib.

Münsiflərin rəyinə əsasən, instrumental ifaçılıq üzrə II kurs magistr Aysel Eminli fleytada ifa etdiyi “Heydər atam” mahnısı ilə müsabiqənin qalibi olub. Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günel Həsənova bədii tikmə janrında hazırladığı kompozisiya ilə II, riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Qızıllı Mehdiyeva isə bədii tikmə janrında hazırladığı Ulu Öndərin portreti ilə III yerə layiq görülüblər.

Qaliblərə NDU-nun diplomları və pul mükafatları təqdim edilib. Müsabiqəyə təqdim olunan digər yaradıcılıq nümunələri də mükafatlandırılıb.

Sonda müsabiqənin qalibi olmuş əsər səsləndirilib.