Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-09 09:00:00
Məhvedici "kokteyl” və keyfiyyətli benzinin kəşfi - Faşizm üzərində qələbəni təmin edən azərbaycanlı ALİM

9 May faşizm üzərində qələbə günüdür.

AzEdu.az xəbər verir ki, 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalayıb, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatıb. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak edən digər dövlətlərdə qeyd olunur.

Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstəriblər. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb,  30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazıblar. İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılıb. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərərək cəbhəni və sənayeni yanacaqla təmin ediblər.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri sayılır. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Akademik Y. Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu  hazırlayıb ki, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib. Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti olub. Onun tərkibi Y. Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın - əldə edilməsi əsasında işlənərək hazırlanıb. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Azərb. KP MK I katibi M. C. Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşaraq, mayedən bir qədər buxarıya sıçradıb.  Nəticədə hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı.

Azərbaycanda Elmlər Akademiyası 1945 ilin yazında yaradılıb və istedadlı kimyaçı, alim, yenilikçi, Lenin ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. H. Məmmədəliyev onun həqiqi üzvlərinin birinci tərkibinə daxil edilib. Bu zaman o, 40 yaşında belə deyildi. Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Yusif Məmmədəliyev Lenin ordeni (1944), "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) (1954) və "Şərəf Nişanı" ordeni (1951), həmçinin medallarla təltif edilib.

Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan "ALKİLLƏŞDİRMƏ KRALI"nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Y.H.Məmədəliyev qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə, ona Nobel mükafatı verəcəkdilər.Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarılıb. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəliblər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxıb. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görməyiblər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırıb və onları dəstəyib. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmayıb. Faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: “müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu”.

Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu - bütün bunlar Baki nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcıları olan Y. H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları