Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 13:39:00
"Sovet təhsil sistemi çox yaxşı idi" - XANIM REKTORDAN ETİRAF

AzEdu.az Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edir.

 Gülçöhrə xanım, bu yaxınlarda əlaçı tələbələrlə görüş keçirmisiniz. Müsahibəyə də gözlətmədən, tez razılaşdız. Sizi ictimaiyyətə açıq rektor saymaq olar?

- Həmişə çalışıram ictimaiyyətlə tez-tez ünsiyyətdə olum. Yalnız jurnalistlərlə yox, iş prosesi zamanı şöbə rəhbərləri, universitetin kollektivinə daxil olan bütün müəllimlər, doktorantlar, tələbələrlə görüşürəm. Bununla daha çox məlumat almaq, düşünmək, nəyisə kənar baxışla görmək imkanı əldə edirəm. Bu günlərdə həmin görüşlərin birində iştirak etdim və əlaçı tələbələrlə görüşdük. Onlar özlərinin irad və təkliflərini, çatışmazlıqları bildirdilər. Görüş çox faydalı keçdi. Hansı məsələyə diqqət yetirmək lazım olması ətrafında müzakirələr apardıq. Bunlar işin xeyrinədir.

- Rektor kiçik vəzifə deyil. Hər bir universitetin profilinə uyğun olaraq böyük bir sahəni, təhsili və tələbələri idarə edir. Qeyd etdiniz ki, çatışmazlıqlar var. Tələbələrə təhsil verən sahənin rəhbəri olaraq hansı çatışmazlıqları hiss edirsiniz?

- Bütün Azərbaycanın ali təhsil müəssisələri kimi bizim universitet də son illər çox inkişaf edib. Burada sadəcə sözlər yox, konkret faktlar, rəqəmlər dayanır. Son 7 il ərzində universitetin maddi-texniki bazasında çox böyük dəyişikliklər var. Təhsil proqramları 3-4 ildən bir daha da təkmilləşdirilir, müasir dövrün tələblərinə uyğunlaşdırırlır. Beş il əvvəl bizim universitetdə projektrla mühazirə oxuyan müəllim bir neçə nəfər idisə, indi demək olar ki, 60 faiz müəllim bu üsuldan istifadə edir. Buna maddi-texniki baza da imkan verir. Fikrimcə, artıq mühazirələrin bu cür müasir şəkildə təqdim edilməsi günün tələbidir.

Universitetimizin beynəlxalq əlaqələri genişlənib. İl ərzində bizim ən azı 50-60 professor, müəllim heyəti müxtəlif ölkələrə ezamiyyətə yollanırlar. Avropa Birliyinin proqramlarına əsasən, tələbələrin də bir o qədəri 6 ay, 1 il xaricə oxumağa, müxtəlif konfranslarda iştirak etməyə gedirlər. Bu əlaqələr təhsilin beynəlxalq standartlara uyğunlaşmasına zəmin yaradır. Biz bu istiqamətlərə addım-addım gedirik.

Əlbəttə, çətinliklər var. Yəqin həmişə də olacaq... Biz mühəndis universitetiyik. Keyfiyyətli təhsil aparmağımız üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, sınaq bazalarının böyük əhəmiyyəti var. Biz bu yolda hərəkət edirik, amma istənilən nəticəyə çatmamışıq. Siz universitetin həyətini, korpuslarını gəzsəniz, burada müsbət dəyişikliyi görə bilərsiniz. Amma müasir avadanlıqlarla təchiz olunan laboratoriyaların az olması mütəxəssis hazırlığında çətinliklər yaradır.

Digər bir çətinlik tələbələrin təcrübə keçməsindədir. Bakalavr təhsili 8 semestrdir. Yeni qaydalara əsasən, sonuncu semestr tam təcrübəyə həsr olunur. Tələbələr qış imtahanından sonra fevral ayında təcrübəyə yollanır, mayın sonunda qayıdırlar. Onlar bu müddəti tam effektli keçirməsi üçün müasir standartlara uyğun istehsalat görməlidirlər. Bu cür istehsalatı tapmaq, müqavilə bağlamaq, razılıq almaq özü bir problemdir.

Digər tərəfdən, istehsalat bazasında kifayət qədər qüvvə, arzu və istək olmalıdır ki, universitet tələbəsini qəbul edib, ona hər şeyi praktik öyrətsin. Bu istiqamətdə də çalışırıq. Bu il təcrübəyə göndərdiyimiz tələbələrin nə öyrəndiklərini qayıdanda biləcəyik. Yoxlamalarımız göstərir ki, onların böyük bir hissəsi bu təcrübələrdən yararlana bilir. Gələcəkdə analiz edəcəyik ki, hansı müəssisələrlə işləyəcəyik, yaxud yenisini axtaracağıq. Danışdığımız çətinlik siyahısı davam edə bilər...

KANADADA TİKİLƏN BİNA İLƏ BAKIDAKI EYNİ OLA BİLMƏZ

- Azərbaycanda, xüsusən Bakıda böyük tikinti işləri gedir. Bəs, necə olur ki, tələbələr təcrübə keçməyə müəssisə tapmırlar?..

- Təcrübə bazalarını axtarmaq çətindir. Hər tikilən binaya da tələbə göndərmək olmur. Onları qəbul edən təşkilat bütün problemləri öz boynuna götürməlidir. Binalarımızın hamısını bu gücə malik təşkilatlar tikmir. 1300-dən artıq tələbəmiz təcrübəyə gedib. Bu qədər tələbəyə təhlükəsizlik nöqteyi-nəzərindən əminliklə yer tapmaq, tələbəni öyrətmək, şərait yaratmaq asan deyil.

- Bildiyimizə görə, siz rektor olduğunuz universitetdə təhsil almısız. O dövrlə indiki arasında problem və uğurlar baxımından hansı fərqlər var?

- Sovet təhsil sistemində biz akademik təhsil alırdıq. Çox yaxşı təhsil sistemi idi. Onda ali məktəblər hərtərəfli inkişaf etmiş şəxs yetişdirməyə çalışırdı. Tələbəyə beş illik əsaslı təhsil verilirdi. Onda insan bir dəfə ali təhsil alıb pensiya yaşına kimi işləyə bilirdi. İndi isə həyatın sürəti artıb. Texnika elə güclü inkişaf edir ki, bir dəfə təhsil alıb, onunla ömrün sonuna kimi yaşamaq çətin məsələdir. İndiki təhsil daha dinamikdir. Bakalavr təhsili vaxtı çalışırıq ki, tələbəyə seçdiyi ixtisas üzrə baza biliklərini verək. Ona görə də bu təhsil baza təhsili sayılır və bundan sonra tələbə özü hansı sahəyə daha çox meyl edirsə, ora yönəlir. Bugünkü təhsilin şərtlərindən biri odur ki, tələbəyə müstəqil təhsil almağı öyrətməliyik.

- XIX əsrin sonu XX əsrin əvvəlində Azərbaycanda, xüsusi ilə Bakıda neft bumu ilə yeni tikintilərin meydana gəlməsi üçün xaricdən memarlar cəlb olunurdu. Düzdü, milli memarlar da var idi. Bakıdakı XX əsrin sonundan başlayan ikinci neft bumu və Bakının siması ilə bağlı nə deyə bilərsiniz? Bizim kifayət qədər milli memarlarımız varmı şəhəri şərq və qərb üslubunda yaratsın?

- Əlbəttə, şəhərimizdə yaxşı memarlar var. Paytaxtın simasını dəyişən 10-20 obyekt tikilib. Təbii ki, əhəmiyyətli binalar tikiləndə beynəlxalq tender elan edilir, nəticədə ən yaxşı memarın işi seçilir. Xarici ölkələrdə də belədir. Amma bu binaların bütövlükdə bizim inşaat praktikamızda faizini götürsək, çox azlıq təşkil edir. Azərbaycanın şəhərlərini, yaşayış massivlərini, yolları, olimpiya komplekslərini, xəstəxanaları, məktəbləri bizim memarlar tikir. Birmənalı belədir. İnşaatda xarici şirkətlərin yeri azdır.

Ötən əsrlə indiki dövrü müqayisə etsək böyük fərq var. O zaman bizim memarlarımızın o qədər böyük qüvvəsi yox idi ki, böyük işlər həyata keçirsinlər, amma indi o qüvvə var.

- Memarlıq şəhər mədəniyyətinin mühüm tərkib hissəsidir. Bakıda bizim milli memarlarımızın tikdiyi və memarlıq sənəti baxımından hansı binanı dəyərli hesab edirsiz?

- Müasir memarlıq demək olar ki, hər yerdə eynidir. Beton, şüşə və metal... Millilik əsasən detallarda və interyerdə verilir. Bu gün Azərbaycan memarları müasir göydələnlər icad etməlidir fikri düzgün deyil. Çünki müasir göydələnin artıq arxitekturası bütövlükdə formalaşıb. Onun detalları ayrı-ayrı ölkələrdə müəyyən qədər fərqlidir. Deyə bilərsiniz ki, o zaman bütün dünyadakı binalar bir-birinə oxşayır?.. Əlbəttə, bənzərlik var.

Müasir memarlıq qloballaşmaya tam uyğundur. Millilik və yerli kolorit onunla görsənir ki, məsələn, bizim ölkəmizin öz iqlimi var. İqlim tikintidə müəyyən tələblər qoyur, biz ondan qaça bilmərik. Məsələn, İslandiya, Kanadada tikilən bina ilə Bakıdakı bina heç cür eyni ola bilməz.

Bəzən İngiltərədə tikilən bir layihəni Bakıda da təkrarlayırlar. Sonra aydın olur ki, səhv ediblər, həmin bina buranın şəraitinə uyğun deyil. Yəni, iqlim özü müəyyən şeyləri tələb edir və onları nəzərə almaq lazımdır. Əgər göydələndən yox, ümumiyyətlə memarlıqdan danışırıqsa, bizim özünəməxsus inşaat materialımız var. Cənubi Azərbaycan abidələrində kərpic, kaşılar, Abşeronda təmiz yonulmuş daş, oyma naxışlar və sair memarlığını görürük. Bizim milli dekorumuz var. Ondan da kifayət qədər binaların girişində, interyerində, elementlərində istifadə etməklə tikintilərə bir qədər millilik nüansı verə bilərik.

- Bir mütəxəssis olaraq Bakıda tikilən binalardan hansıları xoşunuza gəlir?

- Düzdür, Ağ şəhərin bütövlükdə planlaşdırılmasında xarici firmalar iştirak edib. Amma hazırda orda bizim memarlar çalışır. Fikrimcə, gözəl memarlıqdır. Otellər, Tbilisi prospekti tərəfində yaşayış kompleksi, Çıraq plazanın tikiliş tərzi çox xoşuma gəlir. Düşünürəm ki, müasir memarlıq üçün yaxşı nümunədir. Onların tikintisi zamanı bizim universitetin məzunları, yaxud vaxtı ilə universitetimizi bitirib, xaricdə magistr təhsili alan memarlar iştirak edib. Elmlər Akademiyası metrosu ilə üzbəüz tikilən binanın stili müasir olmasa da, yaxşı binadır. Abşeronun bağlarını gəzən zaman orada müxtəlif səviyyəli, keyfiyyətli villalar görmək olar.

BU MƏSƏLƏDƏ SƏHVLƏR EDİRLƏR

- Bakıdakı yaşayış binalarının, göydələnlərin bir-birinə yaxın tikilməsindən narazılıq var...

- Bu fikirlə razıyam. Bəzən binalar çox yaxın tikilir. Sahə daha böyük olsa, göydələnlər də gözəl görünər. Bu məsələdə bəzən səhvlər edilir. Binaların arasında məsafə təhlükəsizlik baxımından da vacibdir. Bundan başqa çox istərdim ki, bizim göydələnlər şəhərin mərkəzində yox, kənarda, kompleks şəklində tikilsin. Avropa şəhərlərində tarixi hissəyə toxunmadan şəhərin kənarında binalar tikilir. Paris şəhərinə bir az yüksəklikdən baxsanız, mərkəzi hissənin tamamilə horizantal olduğunu görəcəksiniz. Kənarda isə elə zonalar var ki, orada çoxsaylı göydələnlər ucaldılıb. Memarlar da etiraf edir ki, böyük sahəli müasir tikintinin şəhərin mərkəzi hissəsindən kənara çıxması labüddür.

- Bir vaxt belə fikir var idi ki, universitetlər də şəhərdən kənara köçürülsün...

- Universitetlərin böyük ərazisi olsa, lazımi infrastruktur qurulsa, bu ideya gerçəkləşdirilə bilər. Türkiyə universitetləri böyük sahəsi olan kompleks şəklindədir. Onun ərazisində yataqxana, park, kitabxana, hətta xəstəxana var. Bu isə keyfiyyətli təhsil mühiti deməkdir. Tələbə ali məktəbin həyətindən çıxmadan təhsil ala bilir. Bakıda universitetlərin şəhərdən kənara köçürülməsi hələ müzakirə mövzusudur. Məndə real bir məlumat yoxdur ki, bu gün hansısa bir universitet harasa köçürüləcək. Bu, böyük xərc tələb edən işdir. Bəlkə yaxın zamanlarda ölkəmizin bunu etməyə imkanı çatacaq.

- Gülçöhrə xanım, memarlar daha çox ölkə gəzməli, şəhərlərlə, binalarla tanış olmalıdır. Vaxt və imkan tapanda dünya ölkələrinə səyahət edirsizmi?

- Bəli, memarlar mütləq dünya memarlığı ilə yaxından tanış olmalı, yeni binaları, tikintiləri gözüylə görməlidir. Onun üçün biz çalışırıq, tələbələrimiz ölkədən xaricə səyahət etsinlər. Mən özüm səyahət etməyi çox sevirəm. İmkan tapan kimi xarici ölkələrə gedirəm. Məni həmişə şəhərlərdə daha çox tarixi hissəsinin müasir həyatla uyğunluğu maraqlandırır. Dünyanın müxtəlif ölkələrində tarixi binaların müasir şəhərdə yaşaması problemi müxtəlif cür həll olunur. Bu problem tək bizdə aktual deyil. Bəlkə biz hələ daha yaxşıların siyahısındayıq.

Tez-tez bizim universitetlərə xarici həmkarlarımız gəlir. Onların hamısı deyir ki, Azərbaycandakı binalarda tarix və müasirlik var. Biz itirdiyimiz binalar üçün heyfslənirik. Amma bütövlükdə müsbət cəhətlər də var. Bu problem hamının diqqətindədir.

Bir daha deyirəm, heç də iddia etmək olmaz ki, müasir şəhərlə onun qədim hissəsi problemi Qərbdə ideal həll olunur və tarixi binaların hamısını saxlayırlar. Hər yerdə nöqsanlar var. Vyana kimi Avropa şəhərinin mərkəzində böyük bir məbəd - Müqəddəs Ştefan kilsəsi var. O qədər nəhəng tikilidir, ətrafında bir meydan olmalıdır ki, o tikili görünsün. Amma kilsənin yaxınlığında müasir bir bina tikiblər. Beləliklə, o böyük kilsəni görmək mümkün deyil.

Demək istəyirəm ki, tarixə xüsusi diqqət yetirilən Avropadan, özəlliklə Vyana şəhərindən də mənfi nümunələr gətirmək olar.

Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, Paris şəhərində XVIII əsrə kimi olan memarlıq nümunələri müasir Paris tikiləndə tamamilə dağıdılıb. Biz isə həmin illərdə tikilən tarixi binalarımıza baxıb zövq alırıq.

 

- Siz millət vəkili kimi fəaliyyət göstərmisiniz. Necə hesab edirsiz, qanunvericilikdə memarlıqla, şəhərsalma ilə bağlı boşluqlar varmı?

- Mənim üçün çətin sualdır. Layihə, tikinti ilə bağlı məsələlərlə məşğul olanlar bu məsələni daha yaxşı bilərlər. Memarlıq haqqında qanunlarımız var. İstənilən qanuna dövr keçdikdən sonra müəyyən dəyişiklik etmək zərurəti yaranır. Düşünürəm ki, müasir memarlıq praktikası da müəyyən məsələləri ortaya çıxarır və qanunlara yenidən baxılması lazımdır.

- Özünüz bu universitetin məzunu olmusunuz. Həmin dövrdə rektorunuzdan hansı örnəyi bu gün universitetdə davam etdirsiniz ?

- Mən qəbul olanda bizim ixtisaslar Politexnik İnstitutunda idi. Mən 5-ci kursu bitirəndə Memarlıq və İnşaat İnstitutu ayrıldı. Son kursu yeni institutda davam etdim, o zaman bizim universitetə rəhbərliyi Sənan Mustafayev rəhbərlik edirdi. Təhsil sistemini çox gözəl bilirdi. Ondan çox şey öyrənmişəm. Hər bir adamı çəkdiyi zəhmətə görə dəyərləndirməyi bacarırdı. O mənim həyatımda dərs aldığım insan oldu. Sıfırdan başlayıb universitet qurdu. El arasında bir söz var, dünya gör-götür dünyasıdır. İnsan həyatı boyunca öyrənir. Müxtəlif insanların yaxşı xüsusiyyətini öyrənməlisən. Elmi rəhbərim Davud Axundovdan da çox şey əxz eləmişəm.

BİNAYA ALLAH SÖZÜNÜ KİM YAZIB?

- Gülçöhrə xanım, Memarlıq və İnşaat Universitetini kim tikib?

- Sovet dövründə Moskvada mərkəzi layihələndirmə institutu var idi. Bu binanın layihəsi orda hazırlanıb. Həmin proyekt bizim müəllimlərimiz tərəfindən bu əraziyə uyğunlaşdırılıb və universitet binası tikilib.

- Son üzlənməyə qədər bu binaya Mətbuat prospekti tərəfdən baxanda divara, pəncərə kənarına ərəbcə Allah sözləri həkk olunmuş kimi görünürdü. Deyirdilər, memar bunu bilərəkdən edib. Bu söz-söhbətin əsası vardımı?

- Düşünürəm ki, pəncərələrin kənarında Allah sözünə oxşar naxışların görünməsi xoş bir təsadüf idi. Bir daha deyirəm, bu, layihə Moskvada hazırlanmışdı. Binanın tikilməsində Kalıkov, Eldar İbrahimoviç və Tofiq Abdullayev iştirak ediblər. İnanmıram ki, sovet dövründə kimsə belə layihə işləyib həyata keçirə bilərdi. Sadəcə təsadüfən pəncərələrin yerləşdirilməsində belə bir mənzərə əmələ gəlib.

- "Gün keçdi" filmi bir memarın günəş işığı düşən bir şəhər tikmək arzularıyla bitir. Sizin də oxşar memar duyğularınız varmı, öz şəhərinizi tikmək istərdinizmi?

- Mən memarlıq abidələri ilə məşğul olan aliməm. İmkanım olsaydı, Azərbaycan ərazisindəki bütün memarlıq abidələrini bərpa edərdim ki, onlar uçmasın, dağılmasın, xalqımızın irsi mühafizə edilsin.

- Dünya praktikasında bir sıra sistemlər, proqramlar var. Hansı proqramları universitetdə tətbiq etmək istərdiniz?

- Çalışırıq, təhsil proqramlarımız dünya universitetlərindəkinə uyğun olsun. Bunun üçün xüsusi çalışırıq. Biz memarlıq fakültəsinin müəllimləri ilə xarici universitetlərin tədris proqramlarını öyrənməyə gedirik. Çoxsaylı beynəlxalq proqramlarımız var. Bir sıra Avropa universitetlərinin təhsil proqramlarının təcrübəsindən istifadə edib, təhsilimizi daha yüksək səviyyəyə qaldırırıq.

Britaniya Kral Memarlar İnstitutunu dəvət etmişik ki, bizim memarlıq ixtisasının təhsil proqramını akkreditasiya etsinlər. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün çalışırıq.

- Bəs, universiteti bitirən tələbələrin işlə təminatı necədir?

- Memarların əsasən iş problemi olmur. Onların bir hissəsi 3-cü, 4-cü kursda iş tapıb dərslərlə paralel çalışırlar. Bundan başqa, universiteti bitirənlərin çoxu öz ixtisası üzrə işləyir. Hər şey diplom alan memarın səviyyəsindən asılıdır. Təbi ki, bizim ali məktəbi bitirən məzunların hamısı heç də eyni səviyyədə deyil. Yaxşısı və zəifi də var. Zəif olanlar bu sahədə iş tapa bilmirlər.

Qərb universitetlərinin reytinq göstəricisində məzunların işlə təminatı xüsusi rol oynayır. Əvvəllər bununla məşğul olmurduq. Son 3-4 ildə karyera mərkəzi yaratmışıq. Mərkəz istehsalatla əlaqə saxlayıb, bizdən mütəxəssis istəyənlərə tələbələri təqdim edir. Bundan başqa, universiteti bitirənlərlə 1 il yarım sonra əlaqə saxlayıb, onların işləyib-işləmədiyini öyrənirik.

Universitetimizdə təhsil alanların çoxu oğlandır. Onlarla hərbi xidmət keçəndən sonra əlaqə saxlayırıq. Eləsi olur, ixtisasından uzaq, sadə işdə işləyir və gizlədir. Bəzisi xaricə gedir. Təxminlərimizə görə, universitetimizi bitirən 70 faiz tələbə öz sahəsində iş tapır.

“YALNIZ QIZLAR ÜÇÜN...”

- Biz universitetə daxil olanda liftlərdən birinin üzərinə “qızlar üçün” yazılmış lövhə gördük. Bu, hansı ehtiyacdan yaranıb?

- 14 mərtəbəli bina təhsil üçün böyük çətinlik yaradır. Təhsil ocaqları 3-4 mərtəbəli olmalıdır ki, hər kəs liftsiz qalxıb-düşsün. Çünki onların dərsləri müxtəlif korpuslarda olur.

Tənəffüs zamanı liftlərdən çox adam istifadə edir. İki qızın on oğlanla bərabər əzilib, sıxılıb getməməsi üçün bir lifti ayırmışıq. Bu müsəlmanlıqdan irəli gələn bir yanaşma deyil. Təbii ki, qızlar ümumi liftdən də istifadə edə bilərlər.

- Parlamentdə yenidən təmsil olunmaq, deputat olmaq istəyirsinizmi?

- Millət vəkili olmaq hər bir insan üçün böyük şərəfdir. 10 illik deputatlıq fəaliyyəti mənim həyatımda önəmli yer tutub. Seçicilərimə təşəkkür edirəm ki, iki dəfə etimad göstərib məni seçiblər.

Hazırda universitetdə bir rektor kimi kifayət qədər gərgin iş aparıram. Düşünürəm ki, təhsildə böyük təcrübəm olduğu üçün bu sahədə verəcəyim xeyir daha çox ola bilər.

- Xaricdə təhsil alanlar bildirir ki, rektorla rahat şəkildə söhbət edir, dost olurlar. Sizcə, Azərbaycanda bu ənənə varmı, yaxud bunun yaranmasın istərdizmi?

- Doğrudur, xaricdə bu ənənə var... Orada ailədə, insanlar arasında münasibət başqadır.
Bununla belə, hesab edirəm ki, universitet müəllimi ilə tələbə arasında nə qədər səmimi münasibət olsa, bu bir o qədər təhsilin xeyrinə olar. Tələbəylə həmkar kimi söhbət etmək lazımdır. Mən çalışıram ki, tələbələrimiz səmimi olduğumu hiss etsinlər, mənimlə hər bir problem barədə çəkinmədən söz aça bilsinlər. Biz tələbələrə dost olmalıyıq.

- Azərbaycanda xeyli universitet var. Sizcə, rektorların koordinasiyalı fəaliyyət göstərməlidirlərmi?

- Bəli, belə fəaliyyət qaçılmazdır. Təhsil Nazirliyinin kollegiya iclaslarının birində Rektorlar Şurasının yaradılması barədə qərar verilmişdi. Şuranın tezliklə təşkil olunmasını və fəaliyyətə başlamasını arzulayıram.

- Sabiq millət vəkili Sabir Rüstəmxanlı öz feysbuk profilində universitetlərdən şikayətlənmişdi. Yazmışdı ki, “Türkiyədə rahat şəkildə universitetlərdə görüşlər keçirirəm. Amma Azərbaycanda son 25 ildə universitetlərin tək birində, fakültə səviyyəsində belə, görüşüm olmayıb. Buna cəhd göstərilsə də izin verilməyib. Universitet rektorun şəxsi malikanəsi ola bilməz...” Bu fikrə münasibətiniz necədir?

- Şəxsən Sabir Rüstəmxanlı mənə müraciət etməyib. Müraciət etsə, mən ona yox deyəcəyimi düşünmürəm. Biz görüşü ya özümüz təşkil edirik, ya da özləri təşkil edən zaman etiraz etmirik.

Amma hər vətəndaşa görüş təşkil etmək borcum da yoxdur. Heç bir rektor universiteti öz malikənəsi kimi qəbul etmir. Bu, dövlətin universitetidir.