Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 16:36:01
“Məlumatı olan da, olmayan da repetitorluqla məşğuldur” - Sərt tənqid  

“Kurikulumla bağlı məlumatı olan da, olmayan da repetitorluq fəaliyyəti ilə məşğuldur”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Elçin Əfəndi deyib. Onun sözlərinə görə, qəbul imtahanlarında aparılan dəyişikliklər Dövlət İmtahan Mərkəzinin fənlər üzrə seminarlarında, eləcə də “Abituriyent” jurnalında əks olunduğu üçün repetitorlar məlumatlı olurlar və hazırlıq prosesində çətinlik çəkmirlər:

“Araşdırma aparsaq görərik ki, bu fəaliyyət sahəsində xidmət göstərənlərin böyük qismi kurikulum barədə yetərli bilgiyə sahib deyil. Həmin şəxslər isə bizim övladlarımıza təhsil verir. Burada başlıca qınaq obyekti valideynlərdir. Onlar baş verən dəyişiklikləri bilən kimi dərhal narahat olub, təcili repetitorlar tapırlar. Halbuki, o repetitor özü də həmin dəyişiklikdən məlumatsızdır. Amma valideynlərin bu cür təlaşından faydalana bilirlər”.

Elçin Əfəndi bildirib ki, bir neçə gün öncə Təhsil naziri Ceyhun Bayramov növbəti ildən müəllimlərin sertifikasiyasının keçiriləcəyini bəyan edib:

“Bu məsələnin üzərində ciddi dayanılsa, sertifikasiyadan keçməyənlər işdən kənarda qalsa, bir qədər də olsa həmin repetitorlar sıradan çıxar. Amma biz bu sahəni sıradan çıxarmağı qarşımıza məqsəd qoymuşuqsa, ilk olaraq hər bir müəllimin iş saatına diqqət etməliyik. Saat 17:00-dək hər müəllim məktəbdə olmalıdır və bu məsələdə birbaşa məsuliyyəti direktor daşımalıdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları