Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-21 14:30:00
Seyran Səxavətin “Yataqxana xatirələri” – “Qıza ilişən oğlanın çənəsindən necə vurdumsa...” – RUBRİKA-FOTOLAR  

Seyran Səxavət: “Gözaltım olmasaydı, qızlar yataqxanasında nə itim azmışdı ki?!”

“Tələbəlik xatirələrinə aid iki cildlik “Qaçaqaç” adlı roman yazmışam. Gərək oxucuda  3 cildlik hövsələ olsun ki, onu oxusun. Yataqxanada cəmi il yarım, iki il qaldım. Ora  azadlığımı boğurdu.  Qaydalara görə gecə saat 23:00-dan sonra yataqxanaya gələ bilməzdik. Biz də cavan adamlar idik. Xoşlayırdıq ki, şəhərin küçələrini veyil-veyil gəzək, dolaşaq. Cavanlıq idi də. Ona görə yataqxanadan çıxdım. Amma yataqxana ilə bağlı gözəl xatirələrim var”.

Bu sözlər “Qaçaqaç” adlı bioqrafik romanda öz həyatını  yazan yazıçı Seyran Səxavətə aiddir.

Tələsməsəniz, qeyd edərdik ki, AzEdu.az təhsil portalında “Yataqxana xatirələri” adlı yeni rubrikaya  başladıq. Onun da ilk qonağı elə tanınmış yazıçı Seyran Səxavət oldu. O, rubrikanın şərtinə uyğun olaraq, tələbəlik illərinin unudulmaz çağları olan yataqxana xatirələrini bizimlə bölüşəcək. Universitetlərimizin  yataqxanalı çağlarının nostalgiyasına bürünüb, həmin maraqlı illərə qayıtmaq istəyirsinizsə, başlayaq... Yox, əgər yorulsanız, yarı yoldan qayıda bilərsiniz... Necə də olsa, həyat da bir “Qaçhaqaç”dır...

“Bərkgedən” yerin oğlanları

-Mən Azərbaycan Dövlət Universitetinin (red: indiki BDU) Şərqşünaslıq fakültəsini bitirmişəm. O vaxt ən ”bərkgedən” fakültə idi.  İndiki universitetinin arxasında dörd yataqxana yerləşirdi. Biz  yaşadığımız isə lap yuxarıda idi. Birinci qızlar yataqxanası idi. Həmin bina ilə üzbəüz oğlanlar qalırdı; mən də orada yaşayırdım. Günümüzün müəyyən hissəsi də “oğlanların” pəncərəsindən “qızların” pəncərəsinə baxmaqla, əl eləməklə, şirin-şirin söz atmaqla keçirdi.  Bu, təkcə mənə aid deyildi, orda yaşayan oğlanların hamısının yataqxanadakı qızlarla “salam-sağ ol”u vardı. Və o pəncərədən baxanların bəziləri axırda  elə həyatda bir pəncərədən baxmalı oldular. Yəni evləndilər...

Yeri gəlmişkən... Yaxud, “mən deyim, siz də bilin”

Seyran müəllim yataqxana həyatını bir “qazan”a daxil edib-çıxarmaqla xatirələri daha da dadlı-duzlu edir.  Uzaq tələbəlik illərinin yataqxana dövründəki qazan oğurluğu,  itikliyi  indi ona nostalji ovqat qazandırır.

Danışdıqca da gülümsəyir, amma gözlərindəki “ömür keçdi-gün keçdi...” təəssüfünün fonunda...

-Düzdür, tələbənin pulu az olur,  amma inanın ki, bir tələbənin pulu,  üstəgəl onun ürəyinin genişliyi yataqxanada yaşayan bütün tələbələrə bəs edirdi.  Elə bil hamının cibi bir idi,  çox şey kimi pul da ümumi idi.

Hər mərtəbədə ümumi mətbəx vardı. O mətbəxdə qazanlar qaynayırdı.  Kiminsə artıq bişmiş yeməyi olan qazanına “təcavüz” olunurdu: o da ərklə... Bəzən, yeməyin üstündən bir-iki boşqab götürürdük, bəzən isə qazan yerli-dibli yox olurdu. Məcbur olurdun ki,  yenidən kartofdan-yumurtadan yüngül yemək bişirəsən.

Amma tələbə ürəyidir e, bu; həmin qazan sonradan sahibinə geri qayıdırdı. Özü də necə! Qoy, deyim: o “oğrulardan” kimsə rayondan çolpa, hinduşka, ət və s. pay gətirərdi. Çiy şəkildə həmin o pay qazanın içinə,  qazan isə ümumi mətbəxə qoyulurdu.  Qazan yiyəsi mətbəxə gələndə görürdü ki, budur, itmiş qazanı və içində də əməlli-başlı kənd payı var. O ərköyün " oğru" da  beləcə aşkarlanırdı (gülür).

“Getdi qollarımın küçə davası”

“Yataqxanalı”  xatirələr həm də qollardan düşən küçə davalarının, gözlərdən sürüşən gur işıqların qalıqlarıdır... Seyran müəllim həvəslə danışır. Danışdıqca da, sanki yerindəcə nəyisə axtarır... Xatirələrin içindəki gənclik isə ona uzaqdan əl edir...

- Azərbaycanlı gənc oğlanlar (indi artıq  onların yaşı 70-75-i keçib) qız üstündə dava edirdi. Qızlar yataqxanası ilə Politexnik  İnstitutunun (indiki ATU) yataqxanası  arasında aspirantlar yataqxanası vardı. O aspirantlardan bizim qızlara baxan olanda, biz onları, əlbəttə, xanımın razılığı ilə “möhtəşəm şəkildə” cəzalandırırdıq. Zəngilandan Fatma adlı bir qız var idi. Səsi indiki səsimə oxşayırdı,  boğuq səsi vardı. O, mənə “qağa” deyirdi.  Fatmayla çox yaxın idik,  doğrudan da, həm mənə, həm də tələbə yoldaşlarıma bacılıq edirdi. Ramiz Rövşən, Tofiq Hüseyn, İntiqam Mehdizadə- hamımız onu çox istəyirdik.

Bir gün Fatma  dedi ki, qağa, sənlə işim var. Soruşdum nə olub?  Dedi, avtobusdan düşüb dərsdən gələndə bir aspirant qabağımı kəsir. Belə keçirəm, belə, elə keçirəm, elə keçir. Dayanmayanda da tutur biləyimdən.  Mən də hirsləndim,  qardaşam da...  “Boynunu yerə soxum, bir şapalaq vura bilmədin?”,-dedim.  Dedi, yox e, qağa, qorxuram, utanıram.  Soruşdum ki, hər gün gəlir bu aspirant?  Dedi hə!

Özümə sığışdırmadım,  soruşam  ki, bu aspirant nə boydadır, məndən böyükdür, canlıdır, yoxsa cansızdır?  Necədir də? Axı bu mənə “qardaş” deyir, “qağa” deyir. Ona görə  özümə sığışdırmadım. O, elə bilirdi ki, bunun qardaşı dağa bir yumruq vursa, soğan kimi əzilər. Nəysə, Beyləqandan Yavər adlı bir dostum var idi. O da Fatmanı tanıyırdı. Yavərə məsələni danışdım, razılaşdıq ki, Fatma dərsdən  gələn vaxt gedək. O, kənarda dayanmalı idi. Dedim, Yavər,  mən  əlimi saçıma çəksəm, vecinə alma. Deməli, özüm öhdəsindən gələcəm. Yox, əgər görsən ki, mənlik deyil, sən də yaxınlaş. Birini mən vuracağam,  sonra da sən.  Nəysə, gözlədik,  qız gəldi, avtobusdan düşdü, aspirant kəsdi onun qarşısını. Elə bu dəm, mən peyda oldum. Gördüm bu aspirant məndən də balacadır. Gözüm bunu yedi. Çatan kimi hirslə dedim ki, nə istəyirsən bu qızdan?! Dedi, ay uşaq get işinlə məşğul ol.

Və bu “uşaq” onun çənəsindən necə  bir yumruq vurdusa, o dəqiqə tir-tap yerə yıxıldı. Bu fəndi də  bizə  universitetdə idman müəllimimiz öyrətmişdi. Deyirdi, çənədə sinirlər olduğuna görə yumruqla  vuranda adam 10-15 saniyəlik özündən gedir.  Həmin aspirantı  xeyli çırpdım. Ondan sonra  bir də qıza yaxınlaşmadı.

 -Bu hadisədən sonra Fatmanın gözündə qəhrəman olarsınız....

-Heç de yerə, göyə sığışırdım... Fatma qızlara  o qədər danışmışdı ki. Özü də belə deyirdi: - Qağam gəldi, o aspirantı mal kimi döydü

O vaxt  Azərbaycan elminə mənə qardaş deyən qıza görə əl qaldırdım. Çox vacib bir sahənin,  yarımkeçiricilər fizikasının aspirantı idi...

Elə bu dəmdə bir sual:

-Seyran müəllim, bəs sizin qızlar yataqxanasında “gözaltı” etdiyiniz  biri vardı ?

-Bəli,  elə şey olar? Yoxsa, mənim oralarda nə itim azmışdı?

Uzun illərdən sonrakı etiraf

-Yaxın dostum - jurnalist, yazıçı, publisist İntiqam Mehdizadə ilə  maraqlı sərgüzəştlərimiz olub. Mənim bu yaxınlarda yubileyim oldu, o vaxt yataqxanada yaşayan qızlardan biri, indi BDU-nun Filologiya fakültəsinin müəllimi Həqiqət Abdıyeva bir xatirə də danışdı.

Dedi ki,  Seyran mənim rəfiqəmi, otaq yoldaşımı sevirdi.  Hərdən köynəyi, paltarını qızın  yuması üçün bizim   otağa gətirirdi.  Mənim rəfiqəmin əlindən də paltar  yumaq-falan gəlmirdi.  Deyir, Seyran, elə bilirdin,  o vaxt sənin paltarlarını həmin qız yuyurdu ? Mən yuyurdum e,  onun əlindən bir iş gəlmirdi.

“Sızlar yada düşəndə...”

-Həyatdı da. Bir ay gecə gündüz bu xatirələri danışsam, qurtarmaz. Onun bəzilərini də kitabımda yazmışam.  Ən gözəl günlər orta məktəb, sonra da universitetdə keçir.  Ondan sonra sənin də xoşbəxt günlərin qurtarır. Öz-özünü dolandırmağa, ictimaiyyətdə  yer tutmağa, mövqe qazanmağa başlayırsan.

Balaca yataqxana otağı idi... Amma di gəl, orada elə xoşbəxt idik ki! Yazı-pozuma da mane olmurdu, qətiyyən! İndi də mənə təəccüblü gəlir. O vaxt radio-televiziyada tanınmış idim, özü də... Sonra kirayə evə tutub çıxdım.

“Yenidən səhnəyə!”

Seyran müəllim tələbəlik illərində gənc yazar kimi bir çox görüşlərdə olub. Belə görüşlərin birində səsləndirdiyi şeirini çox bəyəndiyindən  yenidən səhnəyə qaytarıblar. Seyran müəllim bu dəfə özü-özünü üçüncü dəfə o səhnəyə qaytarır... Bu dəfə isə insanlar yox, illər səsləyir....

-Ancaq ixtisasımı- fars dilini oxuyurdum. Fars dili üzrə mütəxəssis olmuşam. İki il İranda işləmişəm. Siyasi iqtisadiyyat, elmi ateizm, bu cür dərslərdən qaçırdım. O vaxt kitabxanalarda dərnəklər olurdu. Bizdən böyük şair, yazıçılar dərnək rəhbəri idi. Ya ora gedirdim, ya da Asəf Zeynallı adına musiqi məktəbinə . Orda Seyid Şuşinski, Xan Şuşinski, Hacıbaba Hüseynov kimi xanəndələr dərs keçirdi. Onların dərslərinə gedirdim.  Musiqi dərsləri çox xoşuma gəlirdi.  Təsəvvür elə, tar çalır, tələbə də oxuyur. Müəllim  müəyyən düzəliş edir, deyir, bir də başla. Mən bu dərsləri izlədikcə  öz-özümə fikirləşirdim ki, dərs belə olar e, yoxsa bizimki kimi ...

Fars dilindən başqa, bir də Azərbaycan tarixinə gedirdim. Unudulmaz bir müəllimiz vardı -Şamil Məmmədbəyli. Böyük Azərbaycan sevər bir adam idi. Mənim oxucularla ilk görüşüm Neft Daşlarında olub. Camaatın qarşında şeir oxumuşdum, onlar da möhkəm əl çalırdılar.  Həmin tədbirdə məndən böyük 5-ci kursda oxuyan bir tələbə  mənə  dedi ki səni çağırırlar.  Soruşdum, kim çağırır? Dedi ki, kim yox e, camaat əl çalır, təzədən səhnəyə qayıtmalısan. 

Ləzzətli uçuşlar kölgəsində

-Bizi- “gənc şairlər”i qızlar yataqxanasına görüşə çağırırdılar.  İnanın, ondan gözəl dünyada heç bir şey ola bilməz!

Biz yerə-göyə sığışmaya-sığışmaya gedirdik. Onlar da gül  alırdı, çay süfrəsi  təşkil edirdilər. O nəyə desən dəyərdi. Dünyada o dadlar, o ləzzətlər mənəvi uçuş idi.

İndi yataqxanalar da çox fəal deyil... Hər şey elə bil, adiləşib. Bunda da gənclərin böyük “rolu” var. Düz yaşamırlar, oxumurlar, boş-boş işlərlə məşğul olurlar. Həyat qabaqdadır. Onlar elə bilir ki, həyat bir qatardı; məsələn, Bakı -Gəncə qatarı. Və onlar üçün elə bil, bu qatarda  Gəncəyə çatmağa az qalıb.

 Həyat çox gözəldir, həyatı elə olduğu kimi yaşamaq lazımdır. Gərək onu  başa düşəsən. Başa düşmək üçün dünyagörüşün, savadın ola.  Savadın olması üçün də hələlik bəzi şeylərdən imtina edib çoxlu sayda kitablar oxumaq lazımdır. Yoxsa gecə-gündüz telefon əldən düşmür. Telefon çox gözəl şeydir, amma biz ondan təyinatı üzrə istifadə etmirik. Nə uşaqlarımız, valideynlər, nə də yaşlılar.

Sonluq üçün, bir cümlə...

-Sizinlə universitet, yataqxana xatirələri haqında danışmaq mənim üçün də xoşdur. O günləri danışmaqla qurtarmaz. Oxuculara maraqlı olsa, davamını “Qaçaqaç” romanından oxuyarlar (gülür).

Ayşə Müseyib