Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-08 11:05:55
Şuşanın "işğal altındakı" ruhları - ədiblər, maarifçilər, ziyalılar

Bu gün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür. Şuşa 1992-ci il may ayının 7-dən 8-nə keçən gecə işğal olunub.

Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal  zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

Nəticədə Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin ermənilərin əlinə keçməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşa şəhəri tarixində ilk dəfədir ki, bu qədər uzun müddət işğal altında qalır. Qarabağ silsiləsindən 1500 metr yüksəklikdə yerləşən şəhərin ərazisi 289 kvadrat kilometr, əhalisinin sayı 241 165 nəfər idi.

Şuşa şəhəri məşhur ədiblərin, şairlərin, görkəmli sənətkarların vətənidir.

Xalq arasında yaxşı deyiblər: Şuşa sağlamlıq şəhəri, istedadlar məskənidir!

Azərbaycan Respublikası Elmlər Akademiyasının məlumatına əsasən, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-ə qədər müəllim və s. olub. Bu böyük ziyalı dəstəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə və burada mədəniyyəti inkişaf etdirməkdə böyük rol oynayıblar. Onların təşəbbüsü və dəstəyi ilə Şuşada 10-a qədər ədəbi, elmi və ayrı-ayrı sənətləri əhatə edən məclislər yaradılıb.

Şuşanın ədib və maarifçiləri:

Qasım bəy Zakir (1784-1857) – Şair, Azərbaycan ədəbiyyatında tənqidi realizmin və satirik ədəbi cərəyanın banilərindən biri.

Xurşidbanu Natəvan (1830-1897) – XIX əsrin ən görkəmli Azərbaycan şairəsi.

Mir Möhsün Nəvvab (1833-1918) – Şair, rəssam, musiqişünas, astronom, xəttat, nəqqaş, dülgər, kimyagər, riyaziyyatçı.

Nəcəf bəy Vəzirov ( 1854-1926) – XIX-XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi.

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) – Dramaturq, nasir, rejissor, alim.

Yusif Vəzir Çəmənzəminli (1887-1943) - Görkəmli Azərbaycan yazıçısı.

Firudun bəy Köçərli ( 1863-1920) – Ədəbiyyatşünas və tənqidçi. “Azərbaycan türklərinin ədəbiyyatı” adlı iri həcmli əsərin müəllifi.

Həmidə xanım Cavanşir (1873-1955) – Azərbaycanın ilk maarifçi qadınlarından biri.

Validə Xaspolad qızı Tutayuk (1914-1980) – Biologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü.

Əhməd bəy Ağayev (Əhməd Ağaoğlu-Firəng Əhməd) (1869-1939) – İdeoloq, jurnalist, publisist, məşhur “Difahi” təşkilatının yaradıcısı.

Şuşa sənətkarları:

Şuşada doğulub, boya-başa çatan Cabbar Qaryağdı oğlu , İslam Əbdül oğlu Abdullayev (Segah İslam),Qasım Abdullayev (Zabul Qasım), Seyid Şuşinski, Xan Şuşinski və digər xanəndələr indi də hər kəsin dilində əzbərdir.

Bülbül (Murtuza) Rza oğlu – SSRİ Xalq artisti, müğənni.

Üzeyir Hacıbəyov – Dünya şöhrətli bəstəkar, Şərqin ilk operasının yaradıcısı.

Rəşid Behbudov - SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, müğənni.

Qurban Primov– Tarzən

Fikrət Əmirov – Bəstəkar

Niyazi Hacıbəyov - SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar, dirijor.

Mehdi Məmmədov - SSRİ Xalq artisti, aktyor, rejissor, pedaqoq.

Şəmsi Bədəlbəyli Bədəl bəy oğlu – Görkəmli rejissor, Azərbaycanın xalq artisti.

Əfrasiyab Bədəlbəyli Bədəl bəy oğlu – bəstəkar, dirijor, musiqişünas, librettoçu.

Fərhad Bədəlbəyli – Məşhur pianoçu, Azərbaycanın xalq artisti.

Ceyhun Hacıbəyli – ADR-nın görkəmli dövlət xadimi, publisist.

Sultan Hacıbəyov – Bəstəkar, Azərbaycanın xalq artisti, pedaqoq.

Rafiq Hüseynov – Tanınmış diktor, Azərbaycanın xalq artisti.

Məhərrəmov İdris Məhəmməd oğlu – Partiya və dövlət xadimi.

Flora Kərimova – Müğənni, Azərbaycanın xalq artisti.

və başqaları.

Şuşa hərbiçiləri:

Fərəc bəy Ağayev– Çar ordusunun General-leytenantı.

Səməd bəy Mehmandarov - General-leytenant, Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri.

Yaqub Quliyev – General-mayor, Stalinqrad qəhrəmanı.

Aslan Vəzirov – Polkovnik, Sovet İttifaqı Qəhrəmanı.

Xəlil Məmmədov – Sovet İttifaqı Qəhrəmanı.