Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-19 10:18:00
Cənubi Koreyada oxumağın üstünlükləri - Şərtlər

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Cənubi Koreyadır.

AzEdu.az bu dəfə Cənubi Koreyada təhsil almaq istəyənlər üçün zəruri məlumatları təqdim edir:

Cənubi Koreyada uşaqlar 3 yaşından məktəbəqədər təhsilə cəlb olunur. 6 yaşı  tamam olmuş uşaqlar isə ödənişsiz və icbari ibtidai təhsil məktəblərinə qəbul ola bilərlər. Cənubi Koreyada ibtidai təhsil 6 il davam edir. Bu ölkədə məktəbəqədər təhsil ödənişsizdir.

Tədris proqramına görə kollec təhsilinin müddəti iki və ya üç ildir. Ali təhsilin müddəti isə 4-6 il arasında dəyişir. Kolleclər əsasən, istehsal müəssisələrinin müvafiq mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Ali təhsil müəssisələrində isə nəzəri biliklərin tətbiqi məsələlərinə xüsusi önəm verilir.

Cənubi Koreyada təhsil alan gənclər paralel olaraq işləyə bilər. Bu ölkədə təhsil alan əcnəbilər yerli tələbələrlə eyni təhsil haqqı ödəyirlər. Cənubi Koreyada təhsil alanlar yüzlərlə təqaüd imkanı qazana bilərlər.

Cənubi Koreya universitetlərinə qəbul üçün tələb olunan sənədlər

Cənubi Koreya hökuməti məzun olan əcnəbi tələbələri işlə təmin etməkdə də maraqlıdır. Bu ölkədəki  ali təhsil müəssisələrinə qəbul universitetlərə görə dəyişir. Amma ümumi qayda olaraq Cənubi Koreyada təhsil almaq istəyənlər  TOEFL və ya IELTS seritifikatına sahib olmalıdırlar. Həmçinin TOPIK (Test of Proficiency in Korean) seritifikatına sahib olanlar Cənubi Koreyada təhsil ala bilərlər.  TOPIK sertifikatına sahib olan tələbələrə Cənubi Koreya universitetləri xüsusi güzəştlər də edə bilər. 

 Təqaüd proqramıyla Cənubi Koreya universitetlərinə qəbul olan tələbələrə onların tələb etdiyi sənədlər təqdim edilir. Tələb olunan sənədlər isə “transcripts”,  tərcümeyi-hal, dil və digər sertifikatlar, tövsiyə məktubudur.

Cənubi Koreyada təhsil almağın üstünlükləri…

 Cənubi Koreyada tələbələr kitabxanalara rahat şəkildə daxil ola bilirlər. Ümumiyyətlə, bu ölkədə kitabxanalardan istifadə etmək çox rahatdır. Tələbələr universitetin kitabxanasından onlayn olaraq da istifadə edirlər.  Ölkədə məktəblilər üçün nəqliyyatda da bir sıra güzəştlər də nəzərdə tutulub.

Onu da qeyd edək ki, Cənubi Koreyadakı kafe və restoranlarda adətən peşəkar insanlar çalışmır. İşçilərin çoxu tələbələrdir. Saat hesablı iş qarşılığında minimum 7 dollar verilir. Bir tələbə 5-6 saat işləsə, 30-40 dollar qazanır.

Cənubi Koreyada əcnəbi  tələbələr üçün 2 növ təqaüd mövcuddur. Bunlardan biri hökumət  digəri isə mühəndis və dəqiq biliklər üzrə təhsil alan məzunlar üçün nəzərdə tutulan təqaüddür. Hökumət təqaüdü- magistr və ya doktorluq dərəcəsi və qısamüddətli elmi təcrübə üçün təhsil haqqı olaraq verilir. Bu təqaüd ölkədə təhsil, tibbi sığortanın və yaşayış yerlərinin ödənişi əhatə edir. Hər altı ayda bir dəfə tələbə kitab üçün xüsusi bir məbləğ almağa haqq qazanır.

Cənubi Koreyanın bəzi universitetləri yüksək akademik göstəricilərə sahib olan əcnəbilərə təhsil haqqının ödənilməsində 50-70% endirim də edir.

Qeyd edək ki, Cənubi Koreyada 370-dən çox ali təhsil müəssisəsi var. Bu ölkənin əhalisinin savadlılıq səviyyəsi 97%-dir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları