Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-15 15:04:00
Formativ qiymətləndirmənin nəticələri məktəbli kitabçasında necə qeyd edilməlidir?- Cavab AzEdu.az-da  

Ötən tədris ilində qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra summativ sayının azaldılması formativ qiymətləndirməyə tələbatın artmasına səbəb oldu. Yeni qiymətləndirmə qaydalarının yol açdığı müzakirələrə tədris ilinin yekunlaşması ilə bir qədər səngidi.

Yeni tədris ilinin I yarımili qiymətləndirmə qaydalarını yenidən aktuallaşdırıb. Hazırda müəllimlərin ən çox verdikləri sual isə Formativ qiymətləndirmənin nəticələrinin məktəbli kitabçasında necə qeyd edilməsi ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, Formativ Qiymətləndirmə şagirdin bilik və bacarıqlarının nə vəziyyətdə olmasını izləmək, qarşıya çıxan problemləri aradan qaldırmaq məqsədilə aparılır. Onu digər qiymətləndirmə növlərindən fərqləndirən əsas cəhətlər isə şagirdin gündəlik dərsə hazırlıq səviyyəsini əks etdirərək, hər gün həyata keçirilməsi, qiymət və ya balla deyil, meyarlar şəklində, sözlərlə ifadə olunmasıdır.

Formativ qiymətləndirmənin aparılması qaydalarına görə, müəllim məzmun standartları əsasında meyarları müəyyənləşdirməlidir. Eyni standart dərslikdəki bir neçə mövzu ilə uzlaşırsa, həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti dərslərdə də istifadə edilə bilər. Eyni standart bir neçə dərsdə reallaşdığına görə jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.

Formativ Qiymətləndirmə məktəbli kitabçasında qeyd olunarkən bu ifadələrdən istifadə edilməməlidir:

Formativ Qiymətləndirmə üçün yalnız testlərdən deyil, yazı işləri, çalışmalardan da istifadə edilə bilər. Qiymətləndirmənin bu növündə müəllim nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Nəticələr formativ qiymətləndirmə dəftəri və məktəbli kitabçasında sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə edilməməlidir.

Şagird fənlər üzrə meyarlara uyğun olaraq zəif, orta və yüksək qiymətləndirilə bilər. Məsələn, müəllim Azərbaycan dili fənnindən mühakimə yürütmə, fikri əsaslandırma, sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirmə kimi meyarlar müəyyənləşdirə bilər.

Mühakimə qabiliyyəti meyarına əsasən, “Mühakimə yürütməkdə çətinlik çəkir” ifadəsi şagirdin mühakimə yürütmə qabiliyyətinin zəif, “mühakimələri mətndəki əsas fikri qismən əhatə edir” ifadəsi orta, “əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir” ifadəsi isə yaxşı olduğunu göstərir. Və ya şagirdin fikrini əsaslandırma qabiliyyətinin orta səviyyədə olmasını “faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir” cümləsi ilə əks etdirmək olar.

Əvvəlki qaydalara görə, müəllim formativ qiymətləndirilməni aparır, şagirdin nəticəsini məktəbli kitabçasında sözlə, müəllimin formativ qiymətləndirmə dəftərində isə səviyyələr üzrə rum rəqəmi ilə qeyd edirdi. İndi isə müəllim şagirdin nəticələrini yalnız sözlə həm məktəbli kitabçası, həm də müəllimin formativ qiymətləndirmə dəftərində qeyd etməlidir. Hər dərs üzrə 5-8 şagirdin formativ qiymətləndirilmə nəticəsinin məktəbli kitabçası və müəllimin formativ qiymətləndirmə dəftərində qeyd olunması kifayətdir.

Qeyd edək ki, müəllim dərs ilinin yarımillərinin sonunda müəllimin formativ qiymətləndirmə dəftərindəki qeydlər əsasında təhsilalanın yarımillik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları