Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-07 16:31:35
Abituriyentləri böyük uğura aparacaq xüsusi treninqdə anşlaq -FOTO+VİDEO

Mayın 6-da  AzEdu.az  təhsil portalının  təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində (UNEC)  abituriyentlər üçün ödənişsiz  psixoloji treninq keçirilib.

Treninqdə   9-10-11-ci  sinif şagirdləri və ali məktəblərə hazırlaşan əvvəlki illərin məzunları iştirak ediblər. Treninqə abituriyentlərlə yanaşı, müəllimlər də qoşulub.

Psixoloq Elnur Rüstəmovun məruzəçisi olduğu treninqdə, əsasən özünə inamın formalaşdırılması, imtahanda vaxtın fənlər arasında düzgün bölüşdürülməsi, həyəcan səbəbiylə kodlaşdırmada yaranan çətinliklərin aradan qaldırılması, uğura köklənmənin xüsusi metodikası mövzularından bəhs olunub.

Treninqə qatılmaq üçün əvvəlcədən qeydiyyatdan keçən abituriyentlər layihəyə xüsusi maraqla yanaşıblar.  Tədbirdə təxminən 80-ə qədər  abituriyent iştirak edib.

Treninqin birinci hissəsində qəbul imtahanina girməzdən öncəki psixoloji hazırlıq haqqında geniş məlumat verilib.

Abituriyentlərə həyəcanı dəft etmək üçün imtahanın təşkil olunacağı bina ilə əvvəlcədən tanışlıq tövsiyə olunub. İmtahanda tamamilə məlumatsız olduğunuz sualları cavablandırmaq məsləhət deyil. İki variant arasında qalan abituriyentlər isə ən doğru hesab etdiyi  cavabı seçməlidirlər.

Elnur Rüstəmov həmçinin, valideyn və müəllimlərin abituriyentlər üzərindəki təsirindən də danışıb. Psixoloqun sözlərinə görə, hər bir abituriyent ona ali məktəblərə hazırlaşmaq şansı yaratdığına görə valideynlərinə təşəkkür etməli, onları yetişdirən müəllimlərdən halallıq istəməlidirlər. 

10 dəqiqəlik fasilədən sonra isə  imtahan zamanı abituriyentlərə nə etmək lazım olduğuna dair məlumatlar verilib.

Sual-cavab hissəsində isə şagirdlərin sualları cavablandırılıb.

Treninqi keçirməkdə məqsəd abituriyentlərin psixoloji hazırlığına töhvə vermək olub.

Sonda məruzəçi Elnur Rüstəmov ilə xatirə şəkili çəkilib.

Layihənin ideya müəllifi olan AzEdu.az portalının kollektivi təşkilatı dəstəyə görə UNEC rəhbərliyi və məruzəçi  Elnur Rüstəmova təşəkkürünü bildirir.