Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-08 12:15:00
Baş redaktorlar naziri alqışladılar: Sərt reaksiya başqalarına da görk olmalıdır!”  

Ötən gün Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru müəllimlər arasında pul bölgüsü aparması məsələsinə görə Təhsil naziri Ceyhun Bayramov tərəfindən işdən kənarlaşdırılıb.

Araşdırma zamanı məlum olub ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin 20 iyun 2019-cu il tarixli müraciətinə əsasən, bu təhsil müəssisəsinin yerləşdiyi binanın qəzalı vəziyyətdə olduğu nəzərə alınaraq yeni məktəbin tikintisinin aparıldığı müddətdə tədris prosesinin başqa binada davam etməsinə  icazə verilib. Avqustun 9-da Təhsil Nazirliyi tərəfindən təklif olunan binaya baxış keçirilib və məktəbin həmin binada yerləşdirilməsi razılaşdırılıb. Binanın daşınma və icarə haqqı xərclərinin isə dövlət vəsaiti hesabına maliyyələşdirilməsi qərara alınıb. Buna baxmayaraq, məktəbin direktoru Bəsti Hüseynova təhsil müəssisəsinin icarə haqqının ödənilməsi adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib. 

Təhsil naziri Ceyhun Bayramovun direktor Bəsti Hüseynovanı tutduğu vəzifədən kənarlaşdırması cəmiyyət tərəfindən müsbət qarşılanıb.

Tanınmış jurnalistlər də bu addıma münasibət bildiriblər. Onlar həmçinin, nazirin bu addımının qarşıda bir çox müsbət məqamlara yol açacağına da inandıqlarını bildiriblər:

"525-ci qəzet”in baş redaktoru Rəşad  Məcid AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyində keçirilən islahatları, qəbul edilən qərarları müsbət qarşıladığını bildirib:

“Müəllim və direktorların işə qəbul prosesi şəffaflıq şəraitində həyata keçirilir. Təbii ki, birdən-birə sektoru kökündən dəyişmək çətin məsələdir. Müəllimlərin və direktorların əməkhaqqı məbləğinin artırılması istiqamətində də Təhsil Nazirliyi islahatlar aparır.  Əminəm ki, Nazirlik bu işin də öhdəsindən gələcək”.

Kaspi qəzetinin baş redaktoru  İlham Quliyev də Təhsil naziri Ceyhun Bayramovun bu addımını müsbət dəyərləndirib:

“Təhsil Nazirliyinin və məktəbin adına ləkə gətirən hadisənin cəzası olmalı idi. Bu addımı alqışlayıram. Sərt reaksiya başqalarına da görk olmalı və insanlar bundan nəticə çıxarmalıdırlar. Məktəb müqəddəs ocaqdır. Orada rüşvət və ya pul yığılması kimi hallara rast gəlinməməlidir. Bunlar müəllim adına ləkə gətirən məsələlərdir.

Media, tanınmış insanlar, bir sözlə, hər birimiz çalışırıq ki, Azərbaycan müəllimi çox yüksəklərdə dayansın, cəmiyyətdə xüsusi yeri olsun. Bu cür mənfi halların yaşanması müəyyən problemlər yaradır. Nazirin  addımı təbii qarşılanmalıdır. Etiraf etməliyik ki, bu cür nüanslar yalnız adıçəkilən məktəbdə yaşanmır. Nazirliyin nəzarətində olan məktəblərdə də çoxsaylı problemlərin olduğunu eşidirik. Ümumilikdə nazirliyin bu məsələyə sərt reaksiya göstərməsi digər məktəb direktorları üçün görk olmalıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, aşkarlanan fakta nazirliyin çevik reaksiya verməsi və həmin şəxsi cəzalandırması çox müsbət addımdır:

“Bütövlükdə bu qərar gələcəkdə baş verə biləcək mənfi halların qarşısının alınması baxımından önəmlidir. Bu addım vəzifə səlahiyyətlərindən sui-istifadə etmək istəyən şəxslər üçün çəkindirici faktor olacaq. Onlar başa düşəcəklər ki, təhsil sistemində atılacaq hər hansı qeyri-qanuni hərəkət cəzasız qalmır”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları