Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-07 15:41:25
Müəllimin əməkhaqqından hansı hallarda tutulmalar ola bilər? - Və nə qədər?  

Əməkhaqqı ilə bağlı qanunvericilik məsələləri müəllimlərin sıx soruşduqları, diqqət çəkən məqamlardandır. Elə direktor namizədlərdən də bu barədə məlumatlı olmaları tələb olunur.

AzEdu.az onlara müsahibə prosesində müəllimin əməkhaqqı sistemi ilə bağlı verilə biləcək sualların cavablarını təqdim edir:

Sual:

Müəllimin əməkhaqqından hansı hallarda tutulmalar ola bilər və nə qədər?

Cavab:

AzEdu.az xəbər verir ki, direktorun sərəncamı ilə müəllimin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutula bilər:

-Qanunvericiliklə müəyyənləşmiş vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

-Qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

-Müəllimin təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda məktəbə vurduğu ziyanın məbləği;

-Müvafiq tədris ilinə görə məzuniyyətə çıxmış və həmin il bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

-Mühasibin ehtiyatsızlığı üzündən səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

-Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra həmin məbləğlər müəllimdən tutula bilməz.

İşdənçıxma müavinəti və qanunvericiliyə uyğun vergi tutulmayan digər səbəblərdən məbləğin tutulmasına yol verilmir.

Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, məktəb tərəfindən müəllimə artıq verilmiş maaş işçidən tutula bilməz.

Göstərilən hallar istisna olmaqla, əmək haqqından ödəniş yalnız müəllimin yazılı razılığı, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

Qeyd edək ki, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı müəllimə verilməli olan maaşın iyirmi, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

Əmək haqqından qanunvericiliyə əsasən məbləğlər tutularkən, bütün hallarda müəllim maaşının əlli faizi saxlanmalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları