Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 09:42:00
Bərdə məktəbində hicab qadağası: “Məktəbə forma ilə gəlin”  

Sosial şəbəkələrdə Bərdə rayonunda yerləşən, Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseydə şagirdlərə qoyulan hicab qadağası ilə bağlı yayılan məlumat təhsil və din məsələsini gündəmə gətirib.

Məlumatda bildirilir ki, məktəb liseyin keçmiş direktoru, Hazırda Bərdə Rayon Təhsil Şöbəsinin müdiri işləyən Rzaqulu Şərifov şagird və müəllimlərdən hicablarını açmalarını, əks halda məktəbə gəlməmələrini tələb edib.

“Başınızı örtürsünüzsə, mavi hicabdan istifadə edin”

AzEdu.az məsələnin nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək məqsədilə Rzaqulu Şərifovla əlaqə saxlayıb.

Şöbə müdiri bildirib ki, məktəbdə hicaba qadağa qoyulmayıb:

“Sadəcə bəzi istifadə halları olur. Şagirdlərə tapşırmışam ki, məktəbə hicabla deyil, forma ilə gəlin.

Ölkəmizdə vahibilik təriqəti ilə məşğul olanlar var. Qara rəngli çadra da vahabiliyin əlamətlərindən biridir. Həmin məktəb-liseyin geyim forması isə mavi rənglidir.Buna görə də şagirdlərə tapşırmışam ki, başınızı örtürsünüzsə, mavi hicabdan istifadə edin. Qara rəngli çadra məktəbliyə yaraşmır. Ümumiyyətlə, qara yaxşı əlamət deyil. Amma heç kimə hicabı qadağan etməmişik”.

Qeyd edək ki, “Təhsil haqqında” qanunda ölkədəki bütün təhsilalanların geyim formalarının təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilməsi əks olunub.

“Təhsil haqqında” qanunun 5.2-ci maddəsinə görə isə dövlət cinsi, irqi, dili, dini, siyasi əqidəsi, milliyyəti, sosial vəziyyəti, mənşəyi və sağlamlıq imkanlarından asılı olmayaraq, hər vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları