Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 14:30:49
“Müxtəlif yollarla universitet oxuyub müəllim olanların İQ-su necə olacaq ki?!” -TƏNQİD    

İntellektual göstərici olan İQ səviyyəsi insanın malik olduğu əsas üstünlüklərdən biridir.

Məktəblilərə dərs deməklə yanaşı, hər bir pedaqoqun intellekt səviyyəsi də əsas amillərdən biridir.

Bu gün orta təhsil müəssisələrimizdə işə yeni qəbul olan müəllimlərin İQ səviyyəsi qənaətbəxşdirmi?

“Müəllimlərin intellekt səviyyəsi müxtəlif olur. Əlbəttə, çox yaxşı, savadlı müəllimlərimiz də var”.

Bu sözləri AzEdu.az-ya  teletənqidçi, əməkdar  jurnalist  Qulu Məhərrəmlideyib. Onun sözlərinə görə, hazırlıqlı, ixtisasını bilən, dünyagörüşü yaxşı olan müəllimlər  var. Amma bununla yanaşı təəssüf ki, peşəsini pis bilən, yola verən, sadəcə maaşa görə işləyənlər də var:

“Müəllim, auditoriyaya girən şəxs daim öz üzərində çalışmalı, yeni metodikaları mənimsəməli, şagirdləri həvəsləndirməyi bacarmalıdır. Orta məktəb müəllimi olmaq ali təhsil müəssisəndəkindən daha məsuliyyətli  və çətindir. Bir də orta məktəb müəllimlərini stimullaşdırmaq çox vacibdir. Sovet dövründə bunu görürdük. Bəzən müəllimdən çox şey tələb edirlər, amma onun stimullaşdırılmasını görmək olmur. Müəllim də cəmiyyətin bir üzvüdür. Amma onun daşıdığı missiya çox şərəflidir. Bir də müəllimlərin kənar işlərdə iştirakı onları çox gözdən salır. Orada müəllimlərin iştirak etməsi onları parlaq görməyə mane olur. Bu da nəzərə alınmalıdır. Müəllimləri inkişaf etdirməyin müxtəlif sınanmış yolları var. Məsələn, ixtisasartırma kursları, yeni texnologiyalar. Bunun üçün  müəyyən metodik göstərişlər verilməlidir. İnternet dünyanı çox balacalaşdırıb. Amerika və ya İngiltərədə pedoqoji sahədə hər hansı bir yenilik olursa, dərhal yayılır. Həvəsli müəllimlər çevik öyrənirlər. Müəllim də var ki, heç nə ilə maraqlanmır, yeniliklərdən xəbərdar olmur. Buna görə, tədris səviyyəsi də  aşağı düşür. Təəssüf ki, geridə qalan, yeniliyə can atmayanlar da var. Bunun da bəzi səbəblərini yuxarıda dedim”.

Sosioloq alim, professor Əhməd Qəşəmoğlu  bildirib ki, bu, Azərbaycanda  çox müdhiş, həm də böyük problemdir. Bunun kökü indi yox, 30-40 il əvvəldən başlayıb: 

“Hələ mən orta məktəbdə oxuyanda 1960-70-ci illərdə dəbdə olan güclü ali məktəblər var idi. Məsələn, Bakı Dövlət Universiteti, Neft Akademiyası, Texniki və Tibb Universitetləri ən yaxşılardan sayılırdı. Ən zəif olanlar, pis oxuyanlar  Pedaqoji İnstituta üz tuturdular. 1960-cı illərin axırı - 70-ci illərin əvvəlində  instituta rüşvətlə girmək adlı şey yox idi. İlk dəfə eşitdik ki, Gəncə Pedaqoji  İnstitutuna rüşvətlə daxil olmaq mümkündür. Orada rüşvətlə müəllim hazırlamağa başladılar. Sonra digər pedoqoji universitetlərə yayıldı. Biz onda təəccüb edirdik ki,bu  necə şeydi. Bu xəstəlik əvvəl pedaqoji universitetlərdən yayılmağa başladı. Moskvada oxuduğum dövrdə bura  gəlmişdim, başqa bölgədə olan pedaqoji universitetin müəllimi mənə dedi ki,  hər hansı butulkanın başına yaylıq bağla, qarşısına pulunu qoy o, bizim instituta girə bilər. Belə dəhşətli bir dövr olub. Kim malın, qoyunun, pambıq, üzüm satırdı pulu yığıb  pedaqoji universitetlərə girirdilər”.

Onun sözlərinə görə, əvvəldən orada səviyyə çox aşağı olub. Sonra qızlar daha çox bu universitetlərə girməyə başladılar:

“Çünki dəb  düşmüşdü ki, adamın həyat yoldaşı müəllimə olsa, yaxşıdır. Pedaqoji Universiteti bitirən kişilər yaxşı maaş olmadığı üçün  başqa istiqamətlərə getdilər. Bunun nəticəsində dəhşətli bir problem yaranıb. Bununla da həmin İQ səviyyəsi necə yuxarı ola bilər ki?! Təəssüf ki, bu bəla gözümüzün qarşısında ola -ola  başladı və yayıldı. Müəllimləri inkişaf etdirmək üçün əvvəla onların nüfuzu qalxmalıdır. Hər kəs bilməlidir ki, müəllimlik elə belə avaraçılıq deyil. Təbii ki, maaşı da qalxmalıdır ki, kişilər də ora daxil ola bilsin. Universitet müəllimiyəm, eyni zamanda Pedaqoji Universitetdə dərs deyirəm. İndi oranın rektoru dostum olduğu üçün demirəm, orada  nizam-intizam yaratmağa, rüşvət olmamasına, obyektivlik olmasına görə çalışır. Bu bir universitetlə həll olunan bir şey deyil, ümumrespublika səviyyəsində həll olunan bir şeydir. Tələbələrə ən çox zərbə vuran təyinatın olmamasıdır. Soruşursan niyə oxumursan?  Deyirlər, qurtarandan sonra  hara işə düzələcəm. Pis oxuyanlar  iş tapır, yaxşılar yox. Bizim vaxtımızda stimul var idi. Ona görə çalışmaq lazımdır ki, təyinat olsun”.