Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 15:08:11
Uşaq evindəki şagirdləri universitetə pulsuz hazırlayan müəllim: “İstifadəsiz test materiallarını bizə yollayın” - MÜSAHİBƏ

“Uşaqlara gözəl dünya miras qoymaq yerinə dünyaya gözəl uşaqlar miras qoysaq dünyanın bütün problemlərini həll etmiş olarıq” 

(Aziz Nesin) 

Yaşından asılı olmayaraq hamı üçün valideyn qayğısı əvəzolunmazdır. Ən yaxşı pedaqoq da o boşluğu doldura bilməz. Onların  qəlbində cüzi sevinc yaratmağa nail olan, gələcək həyatları üçün atılmış istənilən addım əslində vətənə xidmət deməkdir... 

AzEdu.az   Gəncə şəhərində planlaşdırılan  “Uşaq evinin sakinlərinin təhsilinə dəstək” layihəsinin təşəbbüskarı, müəllim Elnur Hacıyevlə müsahibəni təqdim edir.

-Necə oldu ki, “Uşaq evinin sakinlərinin təhsilinə dəstək” layihəsini  yaratmağa təşəbbüs göstərdiniz?

-Əslində, bu  layihə həyati təcrübə əsasında yarandı. Bir dəfə Bakı Dövlət Universitetinin (BDU) tələbəsi  paytaxtdakı uşaq evlərindən birinə maraqlı təşəbbüslə yollanır.  O, rəhbərliyə bildirir ki, uşaq evinin sakinlərinə təhsil vermək istəyir. Bu ideyadan xəbər tutan iş adamı həmin tələbəni dərs keçmək üçün məkanla təmin edir.  O da  bununla uşaqların təhsilinə köməklik göstərir. Beləliklə, qeyri-rəsmi də olsa, onlar uşaqlara dərs keçməyə başlayırlar.

Biz belə bir faydalı təcrübənin olduğunu öyrəndik. Gəncə Dövlət Universitetinin(GDU) Sosial fənlər kafedrasının  müəllimi Ümid İsmayılovla birlikdə bu ideyanı şəhərimizdə reallaşdırmaq haqqında müzakirə apardıq. Gəncə şəhər Uşaq evinin rəhbəri Nazilə İsmayılovadan uşaqların tədrislə bağlı üzləşdikləri çətinliklərlə bağlı  maraqlandıq. O  dedi ki, dövlət uşaqları ərzaq, geyim və digər lazımı vəsaitlərlə təmin edir. Lakin bir problemimiz var ki, bu uşaqlardan demək olar ki, heç kim ali məktəbə qəbul ola bilmir. Onların təhsilinə kömək edilsə, yaxşı olar.

Bütün məsələ buradan qaynaqlandı.  Ümid müəllimlə qərara aldıq ki, təhsil verə bilən müəllimlər,  yuxarı kurs tələbə kollektivi arasında  könüllü və təmənnasız layihə başladaq.

Biz heç kimdən maddi yardım istəmirik.   Bir müəllimə dərs keçməyi üçün nə lazimdır? Bir lövhə, marker, kağız və s. Onları da öz hesabımıza, imkan daxilində təmin edəcəyik.

-Layihəyə başlayarkən hansısa çətinliklə qarşılaşdınız?

-Bildiyiniz kimi, Uşaq evi Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qapalı müəssisədir. Biz əvvəlcədən layihə ilə bağlı bəzi hüquqi məsələləri həll etməmişdik. Daha sonra  Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi, 42 müəllim və tələbəyə müraciət etdik.  Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinə  rəsmi icazə almaq üçün məlumat verdik.  Rəhbərlik bu işləri müsbət qarşıladı,  növbəti tədbirlərimizi keçirməyimizə icazə verdilər.

-“Uşaq evinin sakinlərinin təhsilinə dəstək” layihəsinin gələcək planları nədir?

-Biz ilk tədbirlərdə layihənin kiçik istiqamətlərini müəyyənləşdirmişik.  Bizim əsas məqsədimiz uşaqların abituriyent hazırlığını təmin etmək, məzunların ali və orta ixtisaslı müəssisələrə qəbul olmasına şərait yaratmaqdır. Konkret rəqəmlə nəticə əldə etməyi planlayırıq. Yəni 5-10 nəfər şagird  hazırlaşdıraq, onlardan necə nəfərsə qəbul olsun. Bu indiyə kimi olmayıb.

Bu uşaqlar məktəbdə keçdiyi dərslərdən başqa əlavə hazırlıqla məşğul olmurlar. Onların hazırlığı üçün heç bir şərait yoxdur.  Bu da etiraf edək ki, ali məktəbə qəbul olmaq üçün kifayət deyil. Onlar yalnız  Gəncə şəhərində yerləşən 34 nömrəli məktəbə gedib gəlirlər. Biz istəyirik ki, onlar həm ali təhsilli olsunlar, həm də hərtərəfli vətəndaş kimi yetişə bilsinlər.

İkinci istiqamət isə tərbiyə işi ilə bağlıdır. Uşaqlara vətənpərvərlik hissinin aşılanmasından başlayaraq, nitq qabiliyyəti, təqdimat bacarıqları,  başqa insanlarla ünsiyyət bacarıqları, o  cümlədən də psixoloji dəstək  və s.  keyfiyyətlərin aşılanması üçün peşəkar təlimçilər tərəfindən  mütəmadi tədbirlər keçiriləcək.

Üçüncü istiqamət isə mentor dəstəyi ilə bağlıdır.  Əsasən tələbələrlə birlikdə reallaşdırılacaq.   Rəsmi icazədən sonra bizim layihəyə qoşulan hər bir könüllü tələbə  uşaqlara mentor dərslər verəcək. Dərslərdən sonra ev tapşırıqlarının yazılmasında,  digər çətinliklərin həllində onlara kömək edəcək,  hər zaman yanlarında böyük qardaş, ya böyük bacı kimi mənəvi dəstək göstərəcəklər.  Biz fikirləşdik ki, dərslərdən əlavə belə bir dəstək uşaqlar üçün çox yaxşı olar.

-Layihə çərçivəsində Uşaq evinin sakinləri ilə görüşləriniz olub?

 -Ora qapalı müəssisə olduğu üçün bizim tədbirlərimiz Gəncə Maarif Evində keçirildi. İlk tədbirimizi orda keçirmək fürsətimiz olmadı.  Amma təxminən 10 ilə yaxındır, bütün bayramlarda, tədbirlərdə  onlarla mütəmadi görüşürük. Əsasən də bu işlər Ümid müəllimin rəhbərli ilə reallaşdırılırdı.  Onlarla dəfələrlə görüşsək də,  layihə ilə bağlı uşaqlarla ilk görüşümüzə çox həssas yanaşırıq. Nəzərə alsaq ki, ora qapalı müəssisədir və uşaqlar  həssas təbəqənin üzvləridir.  Birdən-birə bir neçə adamın ora getməsi uşaqlarda çaşqınlıq yaradar. Düşünərlər  ki, “”Bu nə məsələdir?”, “Niyə gəliblər?”, “Məqsəd nədir?” və s.  

Biz sosial təlimçilərlə, psixoloqlarla məsləhətləşdikdən sonra  qərar aldıq ki, uşaqlarla görüşümüz mərhələ- mərhələ olsun.  Tədricən onlarla ünsiyyət qurmağı düşünürük. Məsələn, əvvəlcə kimsə getsin, söhbət aparsın, sonra mentorlar getsin.  Kütləvi şəkildə  ora getmək onlar üçün arzuolunmaz ola bilər. Onlarda gərginlik, çaşqınlıq yaratmaq istəmirik.

-Dərslərə nə vaxt başlamağı düşünürsünüz?

-Biz bu məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Biz hələ ki gözləmə mövqeyindəyik. Dövlətdən müsbət  rəsmi cavab alandan sonra  dərslərə başlanacaq.

Amma iş bölgüsü, fəaliyyət istiqamətləri müəyyənləşdirilib, idarəetmə, qrafik cədvəllərin, iş saatlarının dəqiqləşdirilməsi  və s. işlər artıq həll edilib.

-Dərs alacaq uşaqlar əsasən hansı  yaş qrupundadırlar?

-Uşaq evində 71 uşaq var. Onlardan 19 nəfəri 0-6 yaş  məktəbəqədər,  52 nəfər isə 1-ci sinifdən 11-ci sinfə qədər müxtəlif  yaş qrupunu əhatə edir.

-Elnur müəllim, layihə ilə bağlı oxuculara nə demək istəyərdiniz?

-Abituriyentlərdə  ali məktəbə hazırlaşarkən testlər, dərsliklər   və digər qəbul proqramına uyğun vəsaitlər olur. Əksəriyyəti qəbul olandan sonra ya onu atırlar, ya da evdə istifadəsiz qalır.  Mümkün olarsa, biz bir ünvan verərdik,  həmin vəsaitləri  Gəncə şəhər Uşaq evinə  göndərərdilər.  Bununla onlar da bizim layihəmizə dəstək verərlər. Biz həmin materialları  toplayıb lazımlı olanları dərsə başlayərkən istifadə edərdik. Əlavə test tapşırığı almağa bizim könüllərimiz də vəsait xərcləməzdilər.

Ayşə Müseyib