Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-06 13:02:20
Biz hər şeyə görə müəllimə borcluyuq, onun adı ilə “oynamaq” olmaz” – Ekspertdən sərt irad  

“Sözdə böyük dəyər verdiyimiz müəllim şəxsiyyəti o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvəlki mövqe və nüfuz sahibi deyil”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. O, bir sıra məqamlarda insanları diqqətli olmağa çağırıb:

“İstəsək də, istəməsək də, təəccüblü olduğu qədər də düşündürücü olan tendensiyaya şahidlik edirik. Müəllimin uşağa kiçik bir “qulaqburma” verməsinə, kimlərinsə məktəbə, müəllimə olan qərəzli münasibətindən doğan ərizə və şikayətinin tam araşdırılmadan sosial mediada, digər Kütləvi İnformasiya Vasitələrində ağına-bozuna baxmadan tirajlayırıq. Mənəviyyatımızı aşındırmaq üçün, sanki sinov gedən ucuz və bayağı tele-şouların müzakirə obyektinə çeviririk. Məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, baş verənləri təhsilin mövcud durumu ilə birbaşa əlaqələndirmək də düzgün olmazdı. Bütün yaşananlar daha çox sosial xarakterli məsələlər olub, dəyərlərin dəyişməsi, düşüncə və yanaşma tərzimizin başqalaşması ilə əlaqədardır. Necə olur ki, əgər rüşvət, saxtakarlıq, zorlama və digər bu kimi xarakterik zorakılıq hallarına cəmiyyətin hansısa bir zümrəsi tərəfindən yol verilirsə, bu sıradan adi-hal, hətta norma kimi qəbul edilir, belə hallar təhsil müəssisəsində baş verdikdə isə, bu ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır?” 

Nadir İsrafilov onu da qeyd edib ki, müəllim, şagird və valideyn münasibətləri zəmində baş verən hadisələrin işıqlandırılmasında xüsusi fikir vermək lazımdır: 

“Olmazmı ki, məktəblərdə də müəllim, şagird, valideyn münasibətləri zəmnində baş verən münaqişələr barədə də qısaca olaraq: “hadisənin təfərrüatları araşdırılır, nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək” kimi yığcam informasiya ilə kifayətlənək, hadisənin böyüməsinə, əsaslandırılmayan fikirlərin səslənməsinə və qeyri-obyektiv mövqelərin sərgilənməsinə rəvac verməyək? Hər birimiz nəyə nail olmuşuqsa, bunun üçün böyük ölçüdə bir vaxtlar məbəd saydığımız məktəbə, onun “baş atributu” olan müəllimə borcluyuq. Şərəfli və müqəddəs peşə sahibi hesab etdiyimiz müəllim şəxsiyyəti ilə bu dərəcədə “oynamaq” və “əylənmək” milli-mənəvi dəyərlərimizə və ənənələrimizə olan ehtiramsızlıqdan və hörmətsizlikdən başqa bir şey deyildir”.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları